Qrizmann "Atletiko" ilə müqaviləsini Rusiyada uzadıb

Fransa milli komandasının futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubu ilə müqaviləsini uzadıb.

Yeni sözləşmə dünya çempionatı ilə əlaqədar Rusiyada olan Fransa yığmasının Moskvaətrafı İstra bazasındakı düşərgəsində imzalanıb. Bununla əlaqədar Madrid təmsilçisinin icraçı direktoru və əsas səhmdarı Migel Anxel Xil Rusiyaya gəlib. O, Lukas Ernandes və Toma Lemarla da görüşüb.

Hücumçu Qrizmann ilə 2023-cü ilədək, müdafiəçi Ernandes ilə 2024-cü ilədək anlaşma əldə olunub. Xil Fransa "Monako"sundan alınan yarımmüdafiəçi Lemarla da razılığa gəlib. Futbolçu transferinin tam rəsmiləşməsi üçün yeni klubunda tibbi baxışdan keçməlidir.

Qeyd edək ki, Antuan Qrizmann karyerasını "Atletiko"da davam etdirəcəyini iyunun 14-də açıqlayıb. Onun "Barselona"ya keçidi dəbbə pulunun 100 milyon avro təşkil etməsi üzündən baş tutmayıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top