Hayqırtı

Gecələri çox isinməmiş iyun axşamı idi. Alaqaranlığa hələ vardı. Lap köhnə şəhərin köhnə sakininin canını yenə qara qayğı almışdı. Yenə gecə düşənə qədər vaxtı öldürmək lazım idi. Ürəyi ya tanış bağları, ya sahili gəzmək, üst-başından özünə oxşar adam tapmaq, bu adamla birlikdə bir neçə saatlıq ortaq, günəşli günlərə qayıtmaq istəyirdi...

Adam hər axşamkı kimi şəhərin ən bahalı yerindəki ən kasıb daxmasından çıxıb köhnə şəhərin dar küçələrini dolaşa-dolaşa əsas küçəsinə düşəcəkdi. Bu küçələrin darısqallığı Xəzərdən əsən sərt küləkləri içəri tam buraxmırdı. Buradakı sərinlik və qədimilik qoxusu, üzərinə su səpilib süpürülmüş torpaq rahatlığı gətirirdi insanın canına.

Adam yenə hər axşamkı kimi dayanıb şəhər divarı boyu düzülən restoranlara baxdı... Durmadan gah yerli, gah əcnəbi dillərdə restoranlarına qonaq dəvət edən xidmətçilərə baxdı... Heç vaxt bu restoranlarda oturmamışdı. Amma o restoranların yerləşdiyi yerlərdəki skamyalarda çox əvvəllər saatlarla oturardı. Turistlər yerlilərə qarışmışdı, ciddi irqi fərq olmasa kimin kim olduğunu kəsdirmək olmurdu. Onun üçün fərqi yox idi, yerli ya qonaq, bu adamlar hamısı onun indi otura bilmədiyi yerdə otururdu, demək yad idilər. Sonra dönüb qarşı tərəfə baxdı, burda da restoranlar müştərilərlə dolu idi. Bir tərəfdən də dar küçələri daraldan maşınlar adamın dözümünü lap əldən salırdı.

Beləcə adam, hər günkü yolla gəlib dediyimiz əsas küçəyə çıxdı. Daha doğrusu meydançaya, bura kiçik meydança da demək olardı. Meydanda iynə atsan yerə düşməzdi. Səs-küy də ki, allahın yanına çıxırdı. Gur musiqilər, rəqs edənlər, kətə bişirənlər, qarğıdalı közləyənlər, divanlarda, xalçalarda oturub nargilə çəkənlər, yemək yeyənlər, yediyinin tullantısını yerə atanlar, əl qərəz hamı burda idi. Adam nə qədər çalışdısa, bu kiçik meydançanı 20 dəqiqədən tez keçə bilmədi.

Nəhayət meydanın qurtardığı yerdəki binanın divarına söykənib başından yay şapkasını çıxardı, alnının, dazlaşmış başının, boynunun tərini sildi, əlini dizlərinə dirəyib dərindən nəfəs alıb, verdi. Başını fırladan əylənəcəyə, orda oturanlara, oynayanlara, yanından sağa, sola ötüb keçən rahat adamlara dönə-dönə baxdı. Sonra başını aşağı salıb ayağındakı rəngi bozarmış, qalın qara ayaqqabılarından başlayıb, geniş balaqlı açıq rəngli, yuvarlaq qarnının üstünə qədər qaldırdığı köhnə şalvarına, bəlkə ondan da köhnə berj köynəyinə baxdı. Elə bil bu küçəyə, bu zənginliyə, bu adamların arasına 25 il geridən gəlib düşmüşdü. Onu görən də yox idi.

Adamın canı sıxıldı, sakini ola bilməyəcəyi mühitə arxasını çevirib qaçmaq üçün içində jaket olan sellofan torbanı qoluna keçirib yola davam elədi. Parket daş döşənmiş yolun tam ortası ilə addımlamağa başladı. Yuxarı baxmadı. Yerə, ancaq yerə, daşların qurtardığı üfüqə qədər gözlərinə azadlıq verdi. Gözləri bir balaca yuxarı baxsaydı, ətrafdakı bəzəkli vitrinlər, divarlarlardakı reklam lövhələri azadlığını sındırardı.Yolun bir tərəfində piyadalar üçün səki də var idi, amma adam yolu seçdi. Bu yolda maşınların hərəkətinə nadir halda icazə verilirdi. Burda, ancaq bu üç-dörd metrlik yolu tək yeriyəndə özünü hələ də bu yolun yiyəsi hiss edirdi. Qarşıdan gələn təkəmseyrək turistlər ona mane olmurdular. Biraz irəlidə iki maşın dayanmışdı. Biri sağda, biri solda, biri biraz irəlidə, digəri biraz geridə, yoxsa yolu keçmək çətin olardı. Hələ bir əlli addım var idi o maşınlara.

Birdən dar yolda daha da nəhəng görünən qara rəngli, par-par parıldayan "Rang Rover" astaca irəliləməyə başladı. Adam elə bil avtomobilin yaxınlaşdığını hiss eləmirdi. Beləcə adam avtomobilə, avtomobil də adama az-az daha da yaxınlaşırdılar.

Məsafə daraldıqca mənzərə yoldan ötənlərin diqqətini çəkməyə başladı. Adam qarşısında heç nə yoxmuş kimi irəliləyirdi. Nəhayət sürücü avtomobili dayandırdı. Adam isə başıaşağı addımlamağında idi... elə bil yolun tam ortası ilə irəliləyən, onu tutan bu böyük qara küçəni hiss eləmirdi. Birdən aşağı baxan gözləri qarşısında dayanın avtomobili gördü. Adam dayandı. Hər iki qolunu yanına açdı, hardasa donqar beli ilə eyni üfüqdə duran başında yalnız domba gözləri və böyük burnu görünürdü. Sonra o böyük burnun altında görünməyən ağız hiss olundu. Xışıltılı gur səsi, şəhərlilərə məxsus ləhçəsi dar uzun küçəni başına aldı.

Hə, nədi? Gəl keç üstümüzdən? Gəl, gəl! Niyə dayanmısan? Niyə qoymursuz yaşayaq?

Daha irəlidə yolun genişləyən hissəsində dayanmış maşınlardan əvvəl birini, sonra o birini, daha sonra da "Rang Roveri" göstərib durmadan qışqırdı. Bir iki üç, bir iki üç... Səs getdikcə yayılırdı. Hamı səsə diqqət kəsilmişdi. Səsin yayıldığı istiqamətdə restoranların xidmətçiləri, hədiyyəlik əşya satan günəşdən qaralmış gözəl satıcı qızlar, hamı səs gələn tərəfə boylanmışdı və hamının üzünə eyni söz yapışmışdı... kimdisə, dəlidir...

Səs isə hələ də gəlirdi və getdikcə biraz da gurlaşırdı... bir iki üç, bir iki üç, bir iki üç...

Gülnar Əhməd

DİGƏR XƏBƏRLƏR

Top