Atdan, velosipeddən, rinqdən yıxılaraq ölən çempionlar - SİYAHI

Xəbər verdiyimiz kimi, Triatlon idman növü üzrə amerikalı dünya çempionu Elizabet Braket velosipeddən yıxılaraq dünyasını dəyişib.

O, 2009-cu ildə öz yaş qrupu üzrə dünya çempionu olub. 77 yaşlı idmançının yıxılarkən onurğası qırılıb və xəstəxanada ölüb.

Qeyd edək ki, dünyada faciəli şəkildə, qəribə vəziyyətlərdə dünyasını dəyişən idmançılar az deyil.

Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

Bir müddət öncə Rusiyanın Krasnodar vilayətində at çapma şousunda 24 yaşlı qadın idmançı faciəli şəkildə ölüb.

At çapma şousunda iştirak edən 24 yaşlı Anastasiya Maksimovna meydanda göstərdiyi şou ilə tamaşaçıları heyran qoyub. Lakin qəfildən qadının ayağı üzəngiyə ilişib. At onu bir neçə metr sürüyüb. Hadisə nəticəsində ağır yaralanan rus qızın həyatını xilas etmək mümkün olmayıb.

Fransalı velosipedçi Fransua Jissi velosipedlə yeni dünya rekorduna hazırlıqla bağlı məşq zamanı ölüb.

Bu barədə "L'Alsace" qəzeti məlumat yayıb. Hadisə Yuxarı Reyn departamentindəki qapalı Myunşuze uçuş və eniş xəttində baş verib.

Növbəti məşq zamanı F. Jissi idarəetməni itirib və saatda 300 km sürətlə hərəkət edən velosipeddən yıxılıb.

F. Jissiyə təcili tibbi yardım göstərilsə də, o, aldığı çoxsaylı xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, F. Jissi 2014-cü ildə velosipedlə saatda 300 km rekord sürətlə hərəkət etməsi ilə məşhurlaşıb.

O, bu sürətlə velosipeddə quraşdırdığı reaktiv mühərrik sayəsində nail olub.

Sidneydə keçirilən kriket matçı da faciə ilə nəticələnmişdi. Başına kriket topu dəyən 25 yaşlı avstraliyalı idmançı Fillip Huges ölmüşdü.

Belə ki, rəqibin atdığı top başına dəyəndən sonra Huges stadionda yıxılıb. Gənc kriketçi təcili xəstəxanaya çatdırılmışdı.

Vinsent xəstəxanasında dərhal əməliyyat otağına aparılan Huges komaya düşmüşdü. Lakin o, komadan çıxmadan dünyasını dəyişmişdi.

Bu, indiyə kimi stadionda olan ən pis qəza adını qazanmışdı.

Gürcüstanın Hadori kəndində isə qrepplinq üzrə dünya çempionu olmuş Qriqol Tkemaladze qayadan yıxılaraq ölüb.

İdmançı dağa qalxdığı zaman 150 metr hündürlükdən yıxılıb.

Mayın 4-ü hadisə yerinə xilasedicilər göndərilib və 24 saat sonra idmançının cəsədi aşkar edilib.

Fillipinli boksçu Ceffri Klaro isə məşq zamanı huşunu itirərək dünyasını dəyişib.

Hadisə Mandaluyonq şəhərində baş verib. 20 yaşlı idmançı məşqdə sınaqçı rəqibi ilə döyüş zamanı qəfildən yerə yıxılıb.

Onu dərhal yerli xəstəxanaya çatdırsalar da, neyrocərrah köməyi lazım gəlib.

Lakin Klaro komaya düşüb və daha sonra vəfat edib.

Bildirilir ki, nəzərdə tutulan döyüş üçün çəkilən tomoqrafiya zamanı boksçunun beynində heç bir zədə aşkarlanmayıb.

Hadisədən sonra isə onun beynində iki xəsarət qeydə alınıb.

Fransalı dağ xizəkçisi David Puasson da Kanadada məşq zamanı ölüb.

Hadisə Nakiska kurortunda, 36 yaşlı idmançının dağdan enməsi zamanı baş verib.

David Puasson yıxılaraq ciddi xəsarət alıb və dünyasını dəyişib.

Qeyd edək ki, fransalı xizəkçi 2010 və 2014-cü il Qış Olimpiya Oyunlarının iştirakçısı olub. O, 2013-cü ildə dünya çempionatının bürünc medalını qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top