Bayram günləri təcili yardıma müraciətlərin sayı artıb - Baş həkim

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb. Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev bildirib: “Bayram günləri ərzində 2000-ə yaxın çağırış olub. Bu, ötən günlərdən təqribən 200-300 çağırış artıqdır. Bu da poliklinika sisteminin profilaktika müəssisələrinin bayram günlərində istirahətdə olması ilə bağlıdır. Ona görə də təcili yardıma müraciətlərin sayı nisbətən artıb. Bayrama qədər gün ərzində təxminən 1600-1700 çağırış daxil olurdusa, bayram günləri təqribən 2000-ə yaxın çağırış olub”

R.Nağıyev məlumat verib ki, bayram günləri ərzində hansısa xüsusi həyəcan doğuracaq və diqqəti cəlb edəcək müraciətlər qeydə alınmayıb. Çağırışların əksəriyyəti səhhətində yüngül dəyişikliklər olan insanlar tərəfindən olub ki, onlardan 60-65 faizi təcili yardıma və qəfləti vəziyyətlərə aid olmayan hallardır. Məsələn, qızdırma, təzyiq, baş ağrıları, səhhətlərində yüngül dəyişiklik halları ilə bağlı müraciətlər bura daxildir: "Müraciətlərin təxminən 30-35 faizi isə xroniki halların kəskinləşməsi və qəfləti hallarla bağlı olub. Bu zaman xəstələrə ilkin yardım göstərilib və onların vəziyyətləri stabilləşdirilib. Əgər mümkün olmayıbsa, xəstələri xəstəxanaya yerləşdirmişik. Xəstəxanaya çatdırılan xəstələrin sayı gün ərzində 160-180 arasında dəyişib. Uşaqlarla bağlı gün ərzində 200-250 müraciət qeydə alınıb. Onlardan da 10-12 faizi xəstəxanaya yerləşdirilib. Uşaqlar arasında da diqqəti cəlb edəcək ağır bir hal qeydə alınmayıb”.

Həkim qeyd edib ki, bayram günlərində gün vurma və suda boğulma halları ilə bağlı stansiyaya müraciətlər daxil olmayıb. (Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top