Türkiyədə "tibb təhsili almışam" deyən həkimlərin BÖYÜK YALANI - Azərbaycanda

Azərbaycanda məşhur özəl klinikaların çoxunda Türkiyədə tibb təhsili almış doktorlar savadlı həkim kimi vətəndaşlara təqdim olunur və xidmət göstərirlər. Vətəndaşlar arasında da belə bir fikir var ki, əgər həkim Türkiyədə oxuyubsa, tibb təhsili alıbsa, çox savadlıdır. Lakin bir reallıq da var ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin imtahanları ilə ali təhsil ocağına qəbul ola bilməyənlər qardaş ölkədə attestatla universitetlərə qəbul olunurlar.

Əgər belədirsə, attestatla Türkiyədə həkimlik oxuyanların savadlı olmaları barədə deyilənlərə nə dərəcədə inanmaq olar?

Məsələ ilə bağlı Yeniavaz.com saytının suallarını Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudov, təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.

Kamran Əsədov: "Əvvəla onu deyim ki, istər Türkiyənin, istər hətta dünyanın reytinqində ilk onluqda olan universitetlərə belə Azərbaycanın orta ixtisas təhsil sənədi ilə, yəni orta məktəb attestatı ilə qəbul olmaq mümkündür.

Onlar istəmirlər ki, siz fizikanı, kimyanı, biologiyanı yüksək səviyyədə biləsiniz, tələbləri odur ki, onların dilində oxuma və yazma bacarığına malik olasınız, yəni ilkin yoxlanışda sadəcə minimum bilikləri yoxlayırlar.

Ancaq orada sizi kadr olaraq universitetdə yetişdirirlər",-deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əmək bazarında özünü Türkiyədə oxumuş kimi təqdim edən çoxsaylı şəxslər var ki, onlar Türkiyədə tibb təhsili almayıblar: "Onlar bir neçə aylıq, 6 aylıq, 1 illik tibb təhsili kursu keçirlər. Hansısa universitetdə, hansısa klinikaların yaratdığı şəraitdən istifadə edirlər və gəlib burada deyirlər ki, biz Türkiyədə tibb təhsili almışıq. Türkiyədə tibb təhsili almaq çox çətindir. Türkiyədə, Almaniyada, Fransada alınan tibb təhsilinin müzakirəsi ola bilməz. Amma söhbət sizin bakalavr və rezidentura təhsilini orada alıb-almamanızdan gedir. Azərbaycanda özünü Türkiyədə oxumuş kimi təqdim edənlərin böyük əksəriyyəti bakalavr təhsilini alırlar burada, sonra gedib Türkiyədə 6 aylıq, 1 illik kurs keçib gəlirlər və özlərinə "uzman" deyirlər. Türkiyədə uzman olmaq ordu generalı olmaq qədər çətindir. Azərbaycandan Türkiyəyə uzman olmaq üçün 1000 nəfər gedirsə, onlardan çox cüzi sayda insan bu adu ala bilir, yəni o qədər çətindir.

Türkiyədə 6 illik tibb təhsilini almağın özü belə çətindir, Azərbaycanda onunla müqayisədə kifayət qədər asandır. Azərbaycanda Türkiyəyə gedib tam tibb təhsilini başa vuranların sayı olduqca azdır. Özünü Türkiyədə tibb təhsili almış kimi təqdim edənlərin böyük əksəriyyəti yalnız bir neçə təlim kursu keçən şəxslərdilər. Onlar heç də köklü şəkildə və əvvəldən axıra qədər Türkiyənin universitetlərində təhsil almayıblar. Bu, birmənalı şəkildə belədir.

Bir daha deyirəm, qeyd etdiyim 3 ölkənin tibb təhsilini tam almış şəxslərə rahatlıqla etibar edə, inana bilərik, onların savadları kifayət qədərdir və yetərlidir".

"Bəs Dövlət İmtahan Mərkəzi xətti ilə Türkiyənin tibb universitetlərində təhsil alanlar varmı?" sualımıza təhsil ekspertinin cavabı belə oldu: "Qayda belədir ki, Dövlət İmtahan Mərkəzi yalnız Azərbaycanda yerləşən universitetlərə qəbul aparır. Ancaq qarşılıqlı müqavilə əsasında ən yüksək bal toplayanlar üçün Rusiyanın və Türkiyənin tanınmış universitetlərində 2-3 yerlik plan yeri ayrılır. Amma 700 bal toplayan da gedib oxuya bilər, adi attestatla da daxil olub oxumaq olar".

Tibb elmləri namizədi Rəşid Mahmudov isə Yeniavaz.com-a mövzu ilə bağlı bunları deyib: "Əgər bir tələbə Türkiyədə uzman olaraq yetişib gəlibsə, biləsiniz ki, o artıq dünyəvi həkimdir. Türkiyədə həkimlik sənəti o qədər güclüdür ki, açıq deyirəm, onlara tam inanmaq olar. Mən özüm də getmişəm Türkiyəyə. Onlarda orta məktəb bizimki qədər mürəkkəb deyil, bizdə keçilən dərslər daha yüksək səviyyədədir. Ancaq Türkiyədə universitet təhsili çox yüksək səviyyədədir, bir tələbə öz ixtisasını bilməyənə kimi onu oradan buraxmazlar.

Türkiyənin tibb universitetlərindən məzun olanlar həqiqətən də dünyəvi həkimlərdir. Onlar tibbin bəzi sahələri üzrə hətta Almaniyadan da üstündülər. Türkiyəli elə həkimlər var ki, gedib Amerikada xəstələri cərrahi əməliyyat edirlər, ancaq elə sahələr də var ki, Türkiyənin özünə başqa ölkədən həkim gətirməli olurlar.

Bir daha deyirəm, əgər bir azərbaycanlı Türkiyədə tam tibb təhsili alıbsa, əgər uzmandırsa, çox savadlı həkim kimi yetişib deməkdir. Ancaq elələri də var ki, gedib bir neçə aylıq kurs qurtarırlar".

DİGƏR XƏBƏRLƏR

Top