Mənzillərə KODA DÜŞMƏYƏN yeni qaz sayğacları quraşdırılacaq

Azərbaycana Fransada istehsal edilmiş yeni qaz sayğacları gətirilib.

Bu barədə Yeniavaz.com-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məlumat verib.

Onun sözlərinə görə, bundan əvvəlki sayğaclar da Fransa istehsalı olub, lakin yeni gətirilənlərin digərlərindən bir çox üstün keyfiyyətləri var: "Yeni kartlarda çip hissəsi yoxdur. Yükləmə üçün kartı sayğaca salmağa ehtiyac yoxdur, yaxınlaşdırmaqla ödənişini etmək olacaq.

Bundan başqa, gecə saatlarında qaz kartında balans bitəndə sayğacda işıqlandırma yox idi deyə, abonentlər çətinlik çəkirdilər. Yeni sayğaclarda bu məsələ nəzərə alınıb - ekranda işıq sistemi var, qaranlıqda sayğacın öz işığını yandırmaq olacaq.

Yeni sayğaclara telefon vasitəsilə də ödəniş etmək olacaq. Abonent mobil telefonuna xüsusi proqramı yükləməklə bu üstünlükdən istifadə edə biləcək. Bakıda ümumilikdə 30-a yaxın yerdə test üçün yeni sayğaclardan quraşdırılıb və sınaqdan keçib. Yaxın aylarda 70 sayğacın da sınaq müddəti bitəcək. İkinci sınaq müddəti də bitdikdən sonra yeni sayğacların tam istifadəsinə başlanılacaq".

"Abonentlərin istifadə etdikləri köhnə sayğaclar da yeniləri ilə əvəzlənəcəkmi?" sualımıza "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti rəhbərinin cavabı belə oldu: "Köhnə sayğacların hamısı yenilərlə əvəzlənməyəcək. Köhnə sayğaclar sıradan çıxarsa, xarab olarsa, o zaman onda onlar yeniləri ilə əvəz ediləcək. Bundan başqa, bildiyiniz kimi yeni tikilən binalara qaz verilir, Bakı ətrafı ərazilərdə, bölgələrdə qazlaşdırma işləri gedir ki, həmin abonentlərin mənzillərinə də yeni sayğaclar quraşdırılacaq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top