"Apteklərdə satılan saxta dərmanlar həkimləri də boğaza yığıb"

Müxtəlif vaxtlarda Azərbaycanda satılan hansısa dərmanın keyfiyyətinin aşağı olması və ya insan orqanizminə vura biləcəyi zərər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Hazırda Azərbaycanda satışda olan və firma dərmanı olaraq adlandırdığımız bir çox dərman var ki, Azərbaycandan kənarda nə tanınır, nə də istifadə olunur. Bəzən belə dərmanların tərkibində olmalı olan kimyəvi maddələrin ya özü, ya da dozası əksik olur. Belə saxta və ya keyfiyyətsiz dərmanlar həkimlərin də işini çətinləşdirir, xəstələrin isə səhhətinin daha da ağırlaşmasına səbəb olur.

Beynəlxalq təşkilatların araşdırmalarına görə, dünyada hər il təqribən 800 min saxta dərman satışa çıxarılır. Hətta 2005-ci ildə saxta dərman vasitələrinin dövriyyəsi pik nöktəyə çataraq 4 dəfə artıb. Həyat üçün təhlükəli olan belə dərmanlar daha çox 3-cü dünya ölkələrində (Afrika və Asiya ölkələri) satılır. Dünyada saxta dərman dövriyyəsi 20-60%-dir. Saxta dərman qaçaqçılığının qarşısını almağın standart bir mexanizmi yoxdur. Azərbaycan dövləti bu cür dərmanların bazardan çıxarılması üçün müxtəlif tədbirlər görür. Çox təəssüf ki, bəzi şəxslərin maraqları bu prosesi ləngidir.

Əczaçı ekspert kimi əhalinin diqqətli olmağını, mətbuatı izləməyini tövsiyyə edirəm. Əgər aldığınız dərman normadan çox aşağı qiymətə satılırsa, barkodu yoxdursa və ya standarta uyğun deyilsə, dərmanın qablaşdırılması həmişəkindən (və ya digər aptekdə satılandan) nazikdirsə, rəngi solğundursa, bu zaman dərmanın saxta olduğundan şübhələnmək olar. Belə olan halda dərmanın sertifikatını tələb edin və ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə birbaşa müraciət ünvanlayın.

Azər Baxşaliyev, əczaçı ekspert

DİGƏR XƏBƏRLƏR

Top