Xalq artisti adı verilən Ella Yaqubova: "Vaxtında çox süni maneələrdən keçmişəm"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Fəxri adlar alanlar arasında Mingəçevir Dövlət Dram teatrının aktrisası, daha əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını almış, "Qızıl Dərviş" mükafatçısı Ella Yaqubova da var. 50 illik yubleyi ərəfəsində, teatrın sevilən aktrisası, Yaqubova Ella İsmayıl qızı respublikanın "Xalq artisti" adina layiq görülüb. Ella xanım öz təəssüratlarını Yeniavaz.com saytı ilə bölüşərək, hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə Prezidentə minnətdarlıq bildirib: "Həmçinin teatrımızın kollektivinə, Mədəniyyət nazirimiz Əbülfəs Qarayevə, müavini Ədalət Vəliyevə, direktorumuz Səxavət Məmmədova öz dərin təşəkkürümü bildirirəm. Biz sənət adamlarına göstərilən bu diqqətə görə inanılmaz qürur hissi keçirirəm. Bu mənim üçün ikiqat sevinc oldu. Bu il biz teatrımızın 50 illik yubleyini qeyd etməyə hazırlaşırıq. İnsana bundan böyük hədiyyə ola bilməz. Cənab Prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan adamlarını diqqətdə saxlayıb. Həyatda elə adam tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın, bunların hamısını keçmişəm, dözmüşəm, bu gün şükürlər olsun ki, qarşıma çıxan maneələrə baxmayaraq, bir sənətkar kimi özümü təsdiq edə bilmişəm. Mən öz dünyamın ömür yolunu teatrda tapmışam və bu gün də öz sənət məktəbimi gənclərə öyrətməklə davam edirəm. Yaşımın üstünə yaş gəldikcə cavanlaşıram, hətta bu kimi diqqət və qayğı da ömrümə bir ömür qatır".

Qeyd edək ki, Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabr ayının 30-da Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində alıb. Atası İsmayıl kişi müharibədən sonra da hərbidə qulluq etdiyindən Bakı şəhərinə köçmək məcburiyyətində olan ailə üzvləri ilə birgə Bakıya köçüb və orta təhsilini burada 44 saylı orta məktəbdə davam etdirib. Elə məktəbdə oxuyarkən burada dram dərnəyinin üzvü olub. Bununla yanaşı, incəsənətə olan marağı onu Mədəniyyət sarayının rəqs ansambılına rəqqas kimi gətirib. Həmçinin məktəb illərində Azərbaycan Dövlət Televiziyasının "Uşaq və Gənclər" baş redaksiyasının hazırladığı "Pioner şeypuru" və "Tonqal" verilişlərində çıxışlar edib. Ailə üzvləri bu kiçik qızın teatra, incəsənətə olan böyük marağını bilirdilər. Ancaq o dövrün kişilərinə xas olan xüsusiyyətlərdən irəli gələrək, əsasən atası İsmayıl kişi onun bir aktrisa olaraq səhnədə fəaliyyət göstərməsinin əleyhinə idi. Elə buna görə də ailənin təkidi ilə Ella orta məktəbi bitirdikdən sonra sənədlərini Pedaqoji Universitetə vermək məcburiyyətində qalır. Ancaq ailə üzvlərindən gizlin 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub və 1966-cı ildə bu texnikumu bitirib. Bu illər ərzində Ella Yaqubova xalq teatrlarında sənət məziyyətlərini Məmmədkamal Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Fazil Bayramov kimi sənətkarlardan öyrənə bilib. Tələbəlik illərinin təcrübəsi onu Gənc Tamaşaçılar Teatrına gətirib. İlk professional səhnədə aktrisa kimi özünü bu teatrın səhnəsində hazırlanan "Anacan" və "Qikor" tamaşalarında yardımçı heyətin tərkibində sınaya bilib. Sonrada Xalq teatrlarına baxış festivalında Gəncə Dövlət Dram teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev onun səhnədə istedadını görüb və Gəncə Dövlət Dram teatrına təyinatının verilməsinə köməklik göstərib. Beləliklə, 1966-cı il aprel ayının 10-dan Ella Yaqubova Gəncə Dövlət Dram teatrına gəlib. Bu gün də Ella Yaqubova o illəri xatırlayarkən söhbətlərində deyir: "Hər zaman bu sənəti, bu məbədi əsas həyat kredosu kimi qəbul etmişəm. Xüsusilə, Gəncə Dövlət Dram teatrına işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi adi sənət deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da, yaşayırıq. Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün varlığımızı təşkil edir. Nə xoşbəxtəm ki, bu gün bu sənətə görə məni sevən çoxsaylı tamaşaçım var. Bütün qazandığım uğurlarıma görə müəllimlərimə və sənət dostlarıma, eləcə də tamaşaçılarıma minnətdaram".

Ella Yaqubova Mingəçevir Dövlət Dram teatrında 49 illik səhnə fəaliyyəti dövründə 325 əsərdə 325 fərqli obrazlar qaleriyasının yaradılmasına nail ola bilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top