Ekspert: "Neftin taleyi iyunda bəlli olacaq"

Şist neft hasilatı qlobal bazarda “neft rallisini” dayandırıb. Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin dünən 3 faizdən çox azalmasına səbəb olub. Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır.

Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, 2018-ci ildə ABŞ-da quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir:

“Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq”.

Ekspertə görə, OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fondunda bazar payının itirməkdən ehtiyatlanır. Onun fikrincə, bu baxımdan da, bazar payını qoruyub saxlamaq məqsədilə OPEK+ tərəfindən hasilat həcminə yenidən baxması istisna deyil:

“Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmnun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqla hazırda digər heç bir faktor neftə bazarına yüksək qiymətlər vəd etmir”.

O ki qaldı neftin bundan sonrakı bazar dəyərinə, V.Bayramov hesab edir ki, neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də amma yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil:

“Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.

DİGƏR XƏBƏRLƏR

Top