""Güzəştli mənzil" sistemində təkmilləşmə davam edir"

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" sistemində yaranan texniki problemlər səbəbindən 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilib.

Hazırda Agentlik təkrar seçim mərhələsinin keçirilməsinə hazırlaşır. Agentliyin mətbuat katibi Diana Dadaşova Yeniavaz.com saytına bildirib ki, digər aidiyyatı təşkilat və dövlət qurumları ilə birgə sistemin etibarlılığının təmin olunması istiqamətində iş aparılır: "Hazırda Agetnlik bütün aidiyyatı təşkilatlarla, qurumlarla birlikdə bu sistem vasitəsi ilə vətəndaşlara mənzil seçimində bərabər şəraitin yaradılması, eyni zamanda bu sistemin tam etibarlı, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirir. Sistemin fəaliyyətində bu şərait tam bərpa olunduqdan sonra yenidən satışın elan edilməsi nəzərdə tutulur. Satışın nə vaxta elan olunacağı isə hələ bilinmir".

Qeyd edək ki, "Güzəştli mənzil" sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdi. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməmişdi.

Diana Dadaşova bildirib ki, həmin vətəndaşlara bunlar izah olunub: "Ümumiyyətlə, heç bir vətəndaş hələ mənzil sahibi olmamışdı. Bizdə hər hansı bir alqı-satqı prosesi aparılmamışdı. Həmin vətəndaşlar əvvəl bunu başa düşməmişdilər. Daha sonra biz açıqlama verdik və hər şey qaydasına düşdü. Bu məsələ keçən həftənin, ondan əvvəlki həftənin mövzusu idi. Həmin vətəndaşlarla görüşdük, hər şeyi izah etdik. Hazırda vətəndaşları maraqlandıran məsələ odur ki, növbəti satış nə vaxt olacaq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top