Telefon dələduzlarının növbəti qurbanı: Britaniya xarici işlər naziri "Paşinyan"la danışıb

Kremlə və Rusiya xüsusi xidmət orqanlarına bağlı telefon dələduzları (prankerlər), “Vovan” ləqəbli Vladimir Kuznetsov və “Leksus” ləqəbli Aleksey Stolyarovun Ermənistanın yeni baş naziri Nikol Paşinyanın adından Böyük Britaniya xarici işlər naziri Boris Consona zəng vuraraq dolayıblar. “Paşinyan”la Boris Conson arasında telefon danışığının audioyazısı internetdə yayılıb.

Bir qayda olaraq bu telefon dələduzları Rusiyanın “xoşuna gəlməyən”, yaxud Kremllə qarşıdurmada olan xarici ölkə siyasətçilərini dolayırlar. Bu dəfə onların həm Paşinyana, həm Boris Consona “ilişməsi” Rusiyanın Ermənisandakı hakimiyyət dəyişikliyindən məmnun qalmadığını göstərən əlamətlərin getdikcə qabardığı bir vaxtda baş verir.

Beləliklə, qarşılıqlı salamlaşmadan və təbrikdən sonra tərəflər bir sıra beynəlxalq məsələlərin müzakirəsinə keçirlər, bu zaman tez-tez Rusiyanı və prezident Putini yada salırlar. Paşinyan əvvəlcə Ermənistan vətəndaşları üçün Avropa İttifaqına vizasız rejmi müzakirə etmək istəyir, amma Conson Böyük Britaniya və Rusiya arasındakı münasibətlərin müzakirəsinə keçir.

“Yeni soyuq müharibə başlatmamaq çox mühümdür. Mən bunu istəmirəm. Böyük Britaniyada heç kim bunu istəmir. Mən şəxsən hesab edirəm ki, Rusiya Uiltşir qraflığında Sergey və Yuliya Skripalları zəhərləyib öldürməyə cəhd etməkı çox dəhşətli səhvə yol verdi”-Boris Conson deyir.

“Paşinyan” Boris Consonun bu zəhərlənmənin arxasında Rusiyanın dayandığına dair niyə belə əmin danışdığı ilə maraqlanır. Nazir deyir ki, sübutları daha sonra ona təqdim edə bilər. Əvəzində Conson fəxrlə deyir ki, Rusiyaya qarşı yeni sanksiyalar çox işə yaradı. O, “Rusal”ı və Oleq Deripaskanı misal göstərir. Londondakı rusları müzakirə edən Conson deyir: “Kensinqtonda hara tüpürsən oliqarxın üstünə düşür”.

Tərəflər digər mövzuları da müzakirə edirlər. Məsələn, Yaxın Şərqdən və Ermənistanın qonşusu İrandan danışırlar. ABŞ-ın İran sövdələşməsindən çıxması ilə bağlı “Paşinyan” nazirdən xahiş edir ki, Trampa təsir göstərsin. Çünki o, heç vaxt heç kimə qulaq asmır, “ola bilsin təkcə Putindən başqa”. Lakin söhbət yenə Skripallar məsələsinə qayıdır. “Paşinyan” zarafatla bildirir ki, Soçidə görüş zamanı Putinin onu “Noviçok”la zəhərləməyəcəyinə ümid edir. (Telefon söhbəti Paşinyanın mayın14-də Soçidə Putinlə görüşü ərəfəsində olub)

“Paşinyan” Consona deyir ki, Ermənistanın əlinə “Noviçok”a dair sənədlər keçib. Və guya Ermənistan bu zəhərə qarşı antidot işləyib hazırlayıb. Bu informasiya Consonu o qədər heyrətləndirir ki, dərhal Ermənistana uçmağa hazır olduğunu “Paşinyana” deyir.

Söhbətin sonunda “Ermənistanın baş naziri” Boris Consona deyir ki, Putinin Britaniya hakimiyyətində adamları var. Və bu günlərdə Londona gedən Kseniya Sobçak Kremlin adından leyboristlərə pul aparmışdı. Daha sonra “Paşinyan” Ukrayna prezidenti Pyotr Poroşenkonun Polşa prezidenti ilə görüşdə yıxıldığını deyir, “çünki onu da zəhərləyiblər”.

“Yaxşı ki, onun yanında həmişə “...o-p-o-x-m-e-l” adından antidot olur”-“Paşinyan” deyir. Bundan sonra Conson deyəsən onu doladıqlarını anlayır və söhbət yekunlaşır. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top