Bankları 3 ay ərzində 594 milyon dollar alıb, 518 milyon dollar satıblar

Bu ilin ilk 3 ayı ərzində qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 4,8 milyard dollar ekvivalentində olub və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artıb, Avro ilə əməliyyatların həcmi isə 12,1% azalıb.

Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. Hesabat dövründə BVB-də dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. BVB-də ABŞ dolları ilə aparılan əməliyyatların 54,3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platforması aparılan əməliyyatlar hesbına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 3,4 milyard dollar ekvivalentində olubdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. BDVB-də valyuta əməliyyatlarının 96%-i hüquqi şəxslərlə valyuta əməliyyatları təşkil edib. BDVB-da dövriyyənin 78%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. ABŞ dolları ilə banklar qeyri-nağd formada daxili konvertasiya yolu ilə 1,1 milyard dollar alıb, 1,6 milyard dollar satıblar.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi 1,4 milyard dollar ekvivalentində olubdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd ABŞ dollarının alışı 594,2 milyon, satışı isə 517,8 milyon məbləğində olub. Alışlar satışları 76,4 milyon dollar üstələyib. Avro ilə əməliyyatlar üzrə isə satışlar alışları 104 milyon üstələyib. Digər valyutalar (İngilis funt sterlinqi və Rus rublu) üzrə banklar tərəfindən nağd alışların məbləği 60,7 milyon dollar ekvivalentində, nağd satışların məbləği isə 24,7 milyon dollar ekvivalentində olub. Aylar üzrə nağd ABŞ dolları üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar tərəfindən yanvar və fevral aylarında alışlar satışları, mart ayında isə satışlar alışları üstələyib.

DİGƏR XƏBƏRLƏR

Top