Təhsil Nazirliyi: "Həbib Əlizadə ilə bağlı məsələ NƏZARƏTƏ GÖTÜRÜLÜB"

Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinim tarix müəllimi Həbib Əlizadə barəsində həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilməsi barədə saytlarda yayılan məlumat hazırda gündəmin əsas xəbərlərindəndir. Maraqlıdır ki, məktəb direktoru Ziyafəddin Cavadov Yeniavaz.com saytına açıqlamasında Həbib Əlizadədən şikayət etmədiyini deyib.

Həbib Əlizadə isə saytımıza açıqlamasında deyib ki, məsələ Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Tərəflərin açıqlamalarını təqdim edirik.

Həbib Əlizadə direktorun polisə müraciətinin yönləndirilmiş ola biləcəyini qeyd edib: "Artıq Təhsil Nazirliyi məsələni nəzarətə götürüb. Cəsarət Valehov zəng vurmuşdu. Dedi ki, təmkinli ol, məsələ araşdırılır. Regional Təhsil İdarəsindən də zəng vurmuşdular, dedilər məsələni öz aranızda həll edin və polisdən çıxandan sonra bizə məlumat verin.

Mən bu məsələdə Təhsil Şöbəsindən və İcra Hakimiyyətindən şübhələnirəm. Şübhələrim əsaslıdır. Çünki mən Gəgiranın bərbad yolu haqqında dəfələrlə sosial şəbəkədə paylaşım etmişəm. Bu, İcra Hakimiyyətinin narahatlığına səbəb olmuşdu. Hətta mənimlə tanış olmaq adı ilə söhbət apardılar. Əslində məqsəd məni yolla bağlı paylaşımlardan çəkindirmək idi. Təhsil Şöbəsi niyə bu işə qarışıb? Düşünürəm ki, təhsillə bağlı son günlər bir-iki post yazdım, məktəbdə rüşvət yığılması ilə bağlı paylaşımlarım saytlarda xəbər oldu. Ona görə də düşünürəm ki, direktoru veriblər qabağa. Hesab edirəm ki, direktor sadəcə olaraq yönləndirilir.

Bir daha deyirəm, direktorun şikayətinin əsası yoxdur. Çünki heç bir uşaq Bakıya gəzintiyə aparılmayıb. Sadəcə olaraq belə bir təklif var idi. Bu artıq sübut olundu ki, iftiradır. Mən narahat deyiləm. Polis Şöbəsindən çıxandan sonra geniş açıqlama verəcəyəm".

Məktəb direktoru: "Ondan müəllim kimi narazılığım yoxdur".

Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov isə Həbib Əlizadəyə qarşı heç bir qərəzinin olmadığını bildirdi: "Biz polisə şikayət verməmişik, sadəcə olaraq məlumat vermişəm ki, Həbib müəllim belə bir iş görmək istəyir. Mən onun özünə demişəm ki, ay Həbib müəllim, 30 nəfər şagirdi Bakıya tək adam apara bilərmi? Mümkün deyil axı, bunun üçün sənədlər hazırlamalıyıq, hazırlıqlı olmalıyıq, sonra çıxıb gedərsən. Bu təkbaşına iş görərsə, problem yaranar axı. Mən də özümü sığortalayıram, sabah bir hadisə baş versə, bəs onun cavabını kim verəcək? Əgər uşaqları Bakıya aparırsa, rəsmi olsun. Mən onun bütün işlərini alqışlamışam, indiyə qədər haçan qadağa qoymuşam?

Polisə şikayət olunmayıb, Həbib müəllim belə qəbul edir, amma mən sadəcə olaraq məlumat vermişəm. Heç kağız da göndərməmişəm polisə. Zəng vurub demişəm ki, belə bir iş var, xəbəriniz olsun.

Təhsil Nazirliyinə isə çağırılmamışam. Çağırılsam, gedərəm və bu fikirlərimi orada da deyərəm. Mənim Həbib müəllimlə şəxsi qərəzim yoxdur. Sadəcə olaraq belə yanaşdığı üçün demişəm ki, sənədli-sübutlu olsun. 30 nəfərin təhlükəsizliyi var, qidalanması var. Özünüz də bilirsiniz - "Ölkəmizi tanıyaq, tanıdaq" layihəsi var, rayonlara turlar təşkil edirlər, orada bütün avtobusların qarşısında yol polisi maşınları olur və s. Bizim 30 nəfər şagirdi 1 nəfər necə idarə edə bilər, təhlükəsizliyinə cavabdeh ola bilərmi? Mən 30 nəfəri Bakıya aparacağını eşitmişəm. Xəbərim olmadan uşaqların şəxsiyyət vəsiqələrini yığmışdı. Düz deyil axı bu.

Həbib Əlizadə savadlı müəllimdir. Ondan müəllim kimi bir narazılığım yoxdur. Sadəcə olaraq bunu qəbul etmir. Belə deyək, öz şəxsi işidir. Mən də istəyirəm hər şey sənədli-sübutlu olsun. Siz də məktəb rəhbəri olsanız, şagirdiniz harasa getsə, narahat olarsınız. Hansısa bir hadisə baş versə, birinci məktəb rəhbərindən soruşurlar. Qanunda da belədir.

Mənə bu məsələ ilə əlaqədar Təhsil Şöbəsindən zəng olunub, bir azdan ora gedəcəyəm. Bilmirəm nədir, hər halda ora gedib aydınlaşdırarıq. Təhsil Nazirliyindən isə zəng olmayıb. Polisə məlumat verməyimin İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən təşkil olunması iddialarına gəlincə, bunun heç bir əsası yoxdur. O məsələnin buna nə aidiyyəti var?".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehova müraciət etdik. Cəsarət Valehov məsələ ilə bağlı nazirliyin araşdırma apardığını bildirdi: "Hazırda araşdırmalar davam edir, nəticəsi barədə açıqlama veriləcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top