Azərbaycanda qoca kişi 1 gün suda qaldıqdan sonra xilas edilib - FOTOLAR

Azərbaycanda qoca kişi 1 gün suda qaldıqdan sonra xilas edilib.

Bu barədə DİN məlumat yayıb.

Bərdə şəhər sakini Göyüş Əliyevin düşdüyü vəziyyətdə kimdənsə yardım istəməyə imkanı olmayıb.

G.Əliyev baş verənləri belə xatırlayır: "Mayın 21-də axşam radələrində balıq tutmaq üçün Əyricə kəndinə gəldim. Bütün diqqətimi bu işə verdiyim üçün havanın qaraldığını hiss etmədim. Ailəm də məndən xəbərsiz idi. Özümdən arxayın idim. Birinci dəfə deyildi ki. Başıma belə bir iş gələcəyini ağlıma gətirmirdim. Lakin sən saydığını say, gör fələk nə sayır. Ani ehtiyatsızlıq ucbatından kanala yuvarlandım. Kanalın axarı güclü olduğundan məni bir xeyli apardı. Güclə əlimə keçən koldan yapışaraq bir yerdə dura bildim.

Amma sudan çıxmağa gücüm çatmırdı. Mənim olduğum kənddən aralı idi. Köməyə səsləyirdim, axşam düşdüyündən hamı ev-eşiyinə yığışmışdı, məni kim eşidəcəkdi ki. Buna baxmayaraq koldan bərk yapışıb ümidlə gözləyirdim. Su həddən artıq soyuq idi. İçimdəki ümid şamtək yanıb yox olurdu. Artıq hər şeydən əlimi üzdüyüm bir anda ərazidə xidmət aparan bir nəfər polis əməkdaşını gördüm, lakin donduğumdan daha dilim söz tutmurdu. Ürəyimdə dua edirdim ki məni görsün. Soyuğa güc gəlib hərəkət etmək istədim ancaq alınmadı. Bədənim sözümə baxmadı… huşumu itirdim. Bir müddət sonra gözümü sahildə açdım. Sağ-salamat idim. Bir sutkaya yaxın suda qalmışdım. Məni bir polis əməkdaşı xilas etdi. İsti adyalla sarıdılar, yemək verdilər. Təcili tibbi yardım çağırıb xəstəxanaya çatdırdılar. Həyatımı ona borcluyam. Polis əməkdaşına öz təşəkkürümü bildirirəm".

Həmin polis əməkdaşı Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Eşqin Məmmədovdur. Eşqin Əyricə kəndində doğulub, boya-başa çatıb. O, bu kəndin hər bir qarışına yaxşı bələddir.

E.Məmmədov hadisənin baş verdiyi ərazidə xidmət apararkən sahibsiz qalmış balıq tutmaq üçün ləvazimatların olduğunu görüb.

Kiminsə kanalda batdığından şübhələnib, təcili axtarışa başlayıb.

Kanal boyu hərəkət edərkən suda boğulmaqda olan bir nəfəri müəyyən edib. Onu kanaldan çıxardıb. Kənd camaatı tez isti adyal və yemək gətiriblər. Daha sonra huşsuz vəziyyətdə tapılan şəxsi təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Hazırda G.Əliyevin səhhəti qənaətbəxşdir, ambulator müalicəsini davam etdirir.

(Minval.info)

DİGƏR XƏBƏRLƏR

Top