Lirənin dəyərdən düşməsi Azərbaycana nə vəd edir? - ANALİZ

Bu ilin əvvəlindən ötən 4 ay ərzində Türkiyənin milli valyutası - lirə Azərbaycan manatı qarşısında 22% dəyərdən düşüb. Yeniavaz.com Mərkəzi Bankdan verilən məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayının 23-i tarixində 100 Türkiyə lirəsi 45,1 manata bərabər olub. Bu gün isə bu göstərici 35,7 manata qədər düşüb. Eyni zamanda, bu, türk lirəsinin tarixində qeydə alınan ən aşağı göstərici hesab olunur. Türkiyənin milli valyutası bu günə qədər heç bir zaman Azərbaycan manatı qarşısında bu səviyyəyə qədər ucuzlaşmayıb. Qeyd edək ki, manatla müqayisədə lirənin məzənnəsi ən yüksək həddə 2008-ci ilin yanvar ayının 15-də çatıb. Həmin tarixdə 100 lirə - 73,6 manat səviyyəsində olub.

Lirənin manata nisbətdə ucuzlaşmasının əsas səbəbi isə dolların Türkiyənin milli valyutası qarşısında bahalanması ilə bağlıdır. Azərbaycanda manatın digər valyutalar qarşısındakı məzənnəsi əsasən dollara görə müəyyən etdiyi üçün, hər hansı bir ölkənin milli valyutası dollar qarşısında ucuzlşarsa, o zaman manatın məzənnəsi də həmin ölkənin valyutası qarşısında bahalanır. Dolların məzənnəsi digər ölkələrin valyutası qarşısında aşağı düşdüyü zaman isə bunun əksi baş verir və manatın məzənnəsi digər ölkələrin valyutası qarşısında ucuzlaşır. Elə bu səbəbdən də son 4 ay ərzində manatın məzənnəsi dollar qarşısında sabit qaldığı üçün dolların lirə qarşısında bahalanması manatın da lirə qarşısında bahalanmasına səbəb olub.

Türkiyə lirəsinin milli valyutamıza nisbətən dəyərdən düşməsi heç şübhəsiz ki, ilk növbədə qardaş ölkədən idxal olunan malların həcmini artıracaq. Lirənin ucuzlaşması eyni zamanda Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin ilk 4 ayı ərzində Türkiyədən ölkəmizə 468,2 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 15,5%-i təşkil edib. Son 4 ayda manatın məzənnəsinin lirə qarşısında 22% bahalanması Türkiyədən gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, 4 ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 45,1 manat ödəyirdiksə, hazırda eyni paltara 35,7 manat ödəyirik. Lirənin manata nisbətən ucuzlaşması Azərbaycanda işləyən Türkiyə vətəndaşları, daha doğrusu əmək haqqını manat və ya dollarla alıb Türkiyəyə göndərənlər üçün də sərfəlidir. Əmək haqqı dəyişməsə belə məzənnə dəyişikliyi bu şəxslərin real qazancını artırmış olur.

DİGƏR XƏBƏRLƏR

Top