Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 257 mənzil, aprel ayı ərzində isə 68 mənzil alıblar.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-cı ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədən builkindən 33 mənzil az - 224 mənzil satın alıblar. Bu ilin aprel ayında azərbaycanlıların Türkiyədən satın aldıqları mənzillərin sayı ötən ilin aprel ayındakı göstəricidən təxminən 3 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 4 ayı ərzində Türkiyədən ümumilikdə 7 min 426 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% və ya 1476 mənzil çox olub. Aprel ayında Türkiyədən ev alan əcnəbilər arasında, İraq, Səudiyyə Ərəbistanı, İran, Küveyt, Rusiya, Əfqanıstan, Almaniya, Azərbaycan, İordaniya, İngiltərə və Ukrayna vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin aprel ayında İraq vətəndaşları Türkiyədən 337, Səudiyyə Ərəbistanı vətəndaşları 252, İran vətəndaşları 138, Küveyt vətəndaşları 116, Rusiya vətəndaşları 112, Əfqanıstan vətəndaşları 99, Almaniya vətəndaşları 97, İordaniya vətəndaşları 62, İngiltərə vətəndaşları 57, Ukrayna vətəndaşları isə 54 mənzil alıblar.
2017 və 2018-ci illərin aprel aylarında xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR | APREL, 2017 | APREL, 2018 |
İraq | 245 | 337 |
S.Ərəbistanı | 185 | 252 |
İran | 33 | 138 |
Küveyt | 169 | 116 |
Rusiya | 99 | 112 |
Əfqanıstan | 81 | 99 |
Almaniya | 74 | 97 |
Azərbaycan | 65 | 68 |
İordaniya | 38 | 62 |
İngiltərə | 55 | 57 |
Ukrayna | 31 | 54 |
Misir | 38 | 44 |
BƏƏ | 36 | 41 |