Musa Yaqubun QIZI DANIŞDI: "Xəstəlikləri bir-birinə qarışıb"

Tanınmış şair Musa Yaqubun ağır xəstə olması barədə bir neçə gündür mətbuatda məlumat yayılıb. Məlumat üçün bildirək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Qızı Yaqut Yaqubova Yeniavaz.com saytına açıqlamasında şairin son günlərindən danışıb.

Dediyinə görə, atası eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir: "Çox narahatdır. Parkinson xəstəliyi çox ağırlaşıb deyə narahatlıq verir. Ayaqlarında, nəfəs almasında, danışığında problem var. Dədəm 20 il idi parkinson xəstəliyindən əziyyət çəkirdi, amma indi ayaqlarına da vurub. Ayaqları tutulub, səsi çox zəif çıxır. Qulaqlarını ağzına yaxınlaşdırmasan, bilmirsən nə deyir. Yəni bax belə bir vəziyyətdir".

Onun sözlərinə görə, Musa Yaqubun ürəyinə su yığılıbmış: "Ürəyində problem var idi, su yığılmışdı. Çəkdilər, qurtardı, amma indi çoxlu dərmanlar atır ki, nəfəs problemi təzədən yaranmasın. Atam bildiyiniz kimi, çoxdan xəstə idi, amma 10 gün olar ki, lap ağırlaşıb, gəzə bilmir. Ümidimiz var idi ki, yavaş-yavaş düzələr. Amma gördük yox"...

Şairin qızı hazırda doğma kəndlərində - Buynuzda olduqlarını dedi: "Həkimə aparırıq, müalicə yazırlar, Buynuzda davam etdiririk. Bitəndən sonra təzədən aparırıq. Telefonla da əlaqə saxlayırıq həkimlərlə. Bu gün həkimə dedik ki, bəlkə dərmanları verməyək. Dedi verməsəniz sonra ürəyində problem yaranar. O qədər dərman atanda da ürəyi bulanır, yemək yeməsi çətinləşir. Mayın 25-i Türkiyədən həkim gələcək. Parkinson həkimidir. Ürək həkimi isə Bakıdadır".

"Buynuzda olması şairin müalicəsinə çətinlik yaratmırmı?" sualımıza Yaqut xanımın cavabı belə oldu: "May ayı gəldisə, Buynuz kəndindən getmir. Anam yaşayanda da həmişə Buynuzda olublar. Buraları çox sevir. Gedirdi 2-3 gün Bakıda qalırdı, bizə dəyirdi, sonra qayıdırdı kəndə. Anam rəhmətə gedəndən sonra çətin oldu. Amma mayda mütləq kəndə gəlir. May ayından sentyabra kimi həmişə Buynuzda olub. İndi də buradadır".

Yaqut Yaqubova Musa müəllimin telefonunun gün ərzində susmadığını bildirdi: "Zənglər dayanmır. Sənət yoldaşları, dostlar, tanışlar, jurnalistlər, musiqi aləmindən olan insanlar, tanımadığımız oxucular zəng vururlar. Bir ara istədik telefonunu bağlayaq, Seyran Səxavət dedi ki, söndürməyin. Bilirsiniz, narahat olurdu, danışa bilmirdi, həyəcan keçirirdi. Ona görə zənglərə mən cavab verəsi oldum. Hər gün müxtəlif adamlar zəng edirlər. Hamısını eşidir, yaddaşı yerində, qavraması yerində. Amma canı ağrıyır də. Canımız ağrıyanda necə oluruq?"

Yaqut Yaqubova şairin qidalanmasında da problem olduğunu qeyd etdi: "Az-az, çox çətinliklə yeyir. Dərman çox atır deyə, bir az ürəkbulanması olur. Amma çətin də olsa, yediririk".

"Musa müəllim bu çətin günlərində də şeir yazırmı?" sualımıza qızının cavabı belə oldu: "Ən axırıncı şeirini dünən gecə... Nəticəsi gəlirdi yanına. Məni çağırdı ki, gəl, Zöhrənur gəlir. Zöhrənur mənim nəvəmdir, ona anamın adını qoymuşuq. Məni çağırdı, 2 bənd şeir dedi, Zöhrənura yazmışdı. Yavaş-yavaş, bir-bir dedi, mən də yazdım. Atamın son illərinin şeirləri bəlkə ömür boyu yazdığı ən güclü şeirlərdir. Bu insanda tükənmə getmədi, yaşlandıqca yazdı. İndi də deyir ki, bir az sağalsaydım, içimdə çox gözəl bir şeir var.

O gün də birdən-birə "Buynuz qəbiristanı" - bədahətən gözəl bir şeir dedi. Onu yedizdirirdim deyə yaza bilmədim. O qədər şairlər tanıyırıq ki, bir az yaşlanandan sonra yaza bilmirlər, tükənirlər. Daha çox köhnə şeirləri ilə tanınırlar. Amma dədəmdə elə deyil, o qədər gözəl şeirlər yazıb ki, son vaxtlar"...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top