Tahir Əkbərin məzar daşını qoymaq üçün xanımı mahnılarını satışa çıxardı - FOTOLAR

Bəstəkar Tahir Əkbərin vəfatı çox sarsıdıcı oldu. Təkcə ona görə yox ki, Azərbaycan musiqisinin səsi bir ton da aşağı endi. Həm də ona görə ki, ağır, ağrılı və acı son yaşadı. Nə yaşadığına dair, giriş sözü yazmaq o qədər də asan deyil. Onun haqda danışılanlara sualla müdaxilə etmək də elə bu qədər çətin idi. Nə danışıldısa gecə saatlarına kimi dinləməkdən başqa bir şey gəlmədi əlimdən. Tahir Əkbərin xanımını dinləmək, dözmək çox ağır sınaq idi. Sonra bir də qələmə almaq var idi... Mən müəllif olaraq yükümdən bir az azalda bildim, əziz oxucu, sənə ağır gəlsə, indidən haqqını halal buyur. Çünki bizim cəmiyyət, vətəndaş olaraq borclarımız var böyük sənətkarlara, onların ailələrinə. Heç olmasa dinləmək, yazımaq, oxumaq formasında edək bunu. Tahir Əkbərin ömür gün yoldaşı Aybəniz Əkbərovaya da bu böyük dəstəkdir. Ondan eşidin görün, Azərbaycanda istedadına paralel, şəxsiyyəti, insanlığı, vətənpərvərliyi, abrı, vicdanı, ədaləti, sadəliyi, saflığı və bu kimi daha neçə vacib duyğuları, həyat tərzi, xarakteri olan adamlar necə, hansı sonu yaşayır? Hansı həyat imtahanlarından keçir? Aybəniz xanım özü danışır, bəzi yerlərdə suallar, müdaxilələr etmək imkanım oldu, amma əsassən dinləməli oldum...

Tahirin günü gəlmədi...

- Tahir Əkbər son dərəcə vətənpərvər adam, az sayda peşəkarlardan idi. Bəzilərinin onu sevməməsinin ən böyük səbəbi də bu peşəkarlığı, oğurlamaması idi. Hamıdakı səhvi, bizim olmayan ladı, boğazı bilirdi Tahir. Kimin nəyi, haradan, hansı millətin musiqisindən oğurladığını pianoda çalırdı. Çox da gülürdü. Deyirdi o qədər peşəkar oğurlayırlar ki, adamlar bunu hiss eləmir. Çox, lap çox sevməyəni var idi həmkarları arasında. Amma heç vaxt dillərinə gətirmirdilər nifrətlərini. O dünyadan köçəndə göründü bütün mənzərə. Onu qova-qova öldürdülər, mənəvi qova-qova. Bir kəlmə də danışmadı əzablarından, başına gətirilənlərdən. Mən deyirəm ki, qoy tarixdə qalsın. Hər təltifdə, hər təqdimatda bir az da yıxılırdı Tahir. Bəzən lap dizi üstə çökürdü evdə, ekran qarşısında, az qalırdı ağlasın əsəbindən. Boynunu qucaqlayırdıq qızımla ki, narahat olma kimsə səni danmır, hamı bilir, gün gələr sən də dəyərini alarsan. İndi ona ağlayıram ki, o gün Tahir üçün gəlmədi...

618bf753-d93f-4667-b4f3-abb258a84b6f.jpg (69 KB)


Nazir İbrahimovun hikkəsi...

- Bilmirəm bu yaxşıdır, ya pis. O bu dünyanın adamı deyildi. Hər adama, hər sözə inanırdı. Adamların sözünü, xahişini yerə salmırdı. İndi anlayıram ki, ondan istifadə edənlər daha çox idi, nəinki ona canı yananlar. Bizim cəmiyyət sadə, istedadlı, insanlara etibar edən adamları çərlətməyi çox gözəl bacarır. Bu məsələdə əlahiddə istedadlıyıq. Tahir müəllim “Həmrəylik” himni yazmışdı Azərbaycanın xaricdəki diaspora nümayəndəliklərində səsləndirilməsi üçün sifariş edilmişdi bu himn ona. Əsəri Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun iştirakı ilə bir neçə tədbirdə səsləndirdilər. Sonra həmin himni bizim xarici dövlətlərdəki diaspor qurumları istədi. Nazim İbrahimov vermədi. Niyəsini bilmirəm, amma bizə dedilər ki, olmaz. Tahir çox pərt qaldı. Qayıdıb gəldi evə. Dedi mən bunlara nə söyləyim ki daha?..

Dövlət Bahçəlinin partiyasından sifariş...

- Həmin himni Türkiyədə böyük bir tədbirdə səsləndiriblər. Bunu bizə olan zəngdən sonra bildik. Dəqiq adı xatırlamıram, dedilər Türkiyənin tanınan siyasət adamlarından Dövlət Bahçəli “Həmrəylik” himninin musiqisinin müəllifi ilə maraqlanıb. İstəyir musiqinin sözlərini dəyişib Bahçəlinin partiyası üçün himn etsinlər. Tahir müəllim razı olmadı. Dedi mən öz dövlətimin diaspor nümayəndələrinə həsr etdiyim himni, başqa dövlətin eyni statuslu adamlarına pulla sata bilmərəm.

Abdulla Qurbaninin təklifi...

- “Hər birimiz Mübarizik, Fəridik” adlı mahnı sifariş etmişdilər ona. MN-in sifarişi idi. Nazirliyin rəsmisi Abdulla Qurbani gəlmişdi ki, şəhidlərin qırx mərasiminə qədər hazır olmalıdır bu mahnı. Oldu, amma Tahir müəllimin qonararı ödənmədi. Mən bütün bunları deməyə bilərdim. Məqsədim niyyətim də kiminsə qarşısında özümüzü əskik, aciz durumda göstərmək deyil. Demək istədiyim odur ki, insana səlahiyyət ona görə verilmir, başqalarını əzib keçsin. Belə eləmək olmaz adamlara. İnsanların bağrını bu cür partlatmaq günahdır. Bunun haqq-hesabını o dünyada verə bilməyəcəklər. Adamlara rəhmləri gəlmir, barı özlərini düşünsünlər.

Üç ayın xoşbəxtliyi...

- Bilirsiniz, Tahir müəllim ağır durumda idi son zamanlar. İşləyə bilmirdi deyə bizim maddi durumumuza da təsir edirdi. Artıq o yerə çatmışdıq ki, dərmanları ala bilmirdik, xəstəxanaya yerləşdirmək gücümüz yox idi. Rəsmi müraciətlər etmişdim. Bizə cavab yox idi. Ailə dostlarımızdan biri məsləhət gördü ki, tamam başqa insanlarla təkrar müraciət edək. O gün yadıma düşdükcə indi də elə duruma düşürəm... Açığı bilmirəm nə hiss eləyirəm, bilmirəm gülüm ya ağlayım?! Mənim müraciətinə təkrar müraciətdən sonra qısa bir vaxtda cavab gəldi. Ölkənin birinci vitse-prezidenti tərəfindən. Bu qədər sürətli reaksiyadan sonra anladım ki, biz birinci müraciət edəndə, etibar etmək üçün adamları düzgün seçməmişdik. Bu gecikmə bizdən çox tez aldı Tahir müəllimi. Amma yenə də bir təşəkkür borcum var Mehriban Əliyevaya. Onun sayəsində Tahir müəllim üç ay artıq yaşadı. Mən bunu unutmaram. Sadəcə kaş ki, bizə söz verən adamlar bu qədər yubandırmazdılar. İndi bəlkə bu söhbəti sizinlə mən yox, Tahir Əkbərin özü edərdi. Xanımın himayəsi altında müalicə başlayanda həkimlər elə ilk gündən dedilər ki, gecikdirilib, sadəcə bütün proses ömrünü uzatmağa yönəldiləcək. Həmin aylarda bilirsiniz necə xoşbəxt idi? Uşaq kimi. Deyirdi Aybəniz, məni gördülər eee, başa düşürsən, gördülər! İlk dəfə Mehriban xanımdan xəbər gələndə o, əli ilə üzünü qapayıb hönkürdü. O mənzərə ömrümün sonuna qədər yadımdan çıxmaz. Kimə lazım gəldi Tahirə mahnı yazdırıb özü üçün istifadə edirdi, reklam olunurdu. O qədər sadəlövh, səmimi adam idi, amma çox ağır və mənən tənha öldü. Tənha və sınmış. O boyda dəstək də qoruya bilmədi Tahir müəllimi. Çünki onu həmin müalicəyə qədər artıq “öldürmüşdülər”.

Səlim Müslümovun dəstəyi...

- Bizim ağır günlərimizdə ağlıma gəlməyən adamları gördüm Tahir müəllimin yanında. Onlardan biri də keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov idi. O dərhal reaksiya vermişdi. Mən üzərimizdə haqqı olan adamlara həmişə minnətdaram. Onların siyasətçi olaraq nəyi necə elədiklərini bilmirəm. Daha doğrusu gerçəyin nə olduğunu bilmirəm, amma dəqiq bildiyim bir şey var, Səlim Müslümov onun çox baha qiymətə olan dərmanlarını uzun müddət haradansa tapdırıb gətirdirdi.

0cc5ee0c-2898-4723-9ed6-a82cbae0cd13.jpg (75 KB)

“Ya rəbb”...layiqsənmi?!..

- Tahir müəllim bir əsər yazmışdı, “Ya rəbb” adlı. Onda Əliqismət Lalayev hələ Musiqili Komediya Teatrında rəhbər deyildi, Mədəniyyət Nazirliyində şöbə müdiri idi. Bir gün onu çağırdı ki, bəs sənin əsərinə böyük qonarar verilir, gəl ödənişini götür. Çox sevinə-sevinə getdi Tahir müəllim. Qayıdanda gördüm pərtdir. Soruşdum nə olub? Dedi Aybəniz özümə gələ bilmirəm, Əliqismət müəllimdən bir şey soruşdum gərək soruşmayaydım. Söylədi soruşdum “mən fəxri ada təqdim ediləcəyəmmi sən bilən?” Qayıtdı ki, hələ görək sən o ada layiqsənmi?! Əliqismət Lalayevə heç bir sərt münasibətim yoxdur. Dediyinə görə onu qınamıram da, amma yaxşı olardı insanlar qarşılarındakı adamın kim olduğunu anlamaq bacarığına sahib olsunlar. Heç olmasa hörmət eləsinlər adamlara sənətlərinin xatirinə. Daha rəsmi də edib, böyük, kobud danışmasınlar. Tahir bir balaca uşaq qədər saf, kövrək adam idi. Onu belə sözlər öldürürdü. Bu cür sözü Tahir Əkbər kimi birinə demək böyük günahdır. İstəyirəm bunu bilsin hörmətli Əliqismət müəllim.

Rastrapoviç onun əsərini ifa edirdi...

- Tahir müəllimlə bağlı qəribə paradokslar var idi. Onun konsertlərini televiziyalar çəkirdi, amma efirə vermirdilər. Bu ona çox böyük təsir edirdi. Bir dəfə haradasa rast gəldim ki, şair Baba Vəziroğlu deyir: “Tahirin əsərlərindən ibarət üç saatlıq konsertdə bir adam da zalı tərk etmədi. O, çoxşaxəli mahnı və əsərlər yazır, insanlar bezmir”. Düz deyir. Amma nə olsun, o konsertlərin birini də efirlərdə görən olmadı. Niyə? Bilmirəm. Onların efirdə yığışdırmaq istədikləri bəstəkarın əsərini, Rastrapoviç boyda sənətkar repertuara salıb, dünyanın böyük konsert salonlarında ifa edirdi. Azərbaycanda isə onu saymırdılar.

Allahın istedad cəzası...

- Tahir Əkbərin Allahdan möcüzə bir istedadı vardı, amma bu həm də onun cəzası idi. Adam bir ömür istedadının, peşəkar olmasının, şəxsiyyətinin səfasını görə bilmədi. Onun elə mənəvi cəzaları vardı ki, sizə danışdıqlarım heç nədir.

Mahnısını satıb məzarının üstünü götürdəcəm...

- Özündən sonra bir neçə mahnısı qalıb. Heç kimə vermirdi son zamanlar yazdıqlarını. İncimişdi hamıdan. İndi istəyirəm özüm satam, məzarının üstünü götürdəm. Hələ götürdə bilmirəm. O mahnılar satılsın, edəcəyəm bunu da. Ondan sonra dərindən nəfəs ala bildim bəlkə. İstəmirəm kiməsə ağız açım. Ya da bunu oxuyub kimsə deməsin ki, mən etdirərəm. Özüm edəcəyəm, Tahir müəllimin qədrini bilmədilər. Bunu deyirəm ki, bəlkə utanıb başqalarının qədrini bilələr barı. Bizə pay lazım deyil. Öz istedadının bəhrəsini, mahnılarını miras qoyub, maşını qalır, satıb edəcəyik nə lazımdırsa. Qızımın təhsil haqqını isə ata evini satıb tamam ödəmişdi. Həmişə deyirdi birdən ölərəm, uşağın işi yarıda qalar. Yəni ödəniş problemimiz də yoxdur. Ali məktəbi bitirəndən sonra çalışacam qızım da bir iş tapsın. Bir müddət burada yaşayaq, sonra niyyətim çıxıb getməkdir. Onun ağır günlər yaşadığı şəhər qızımı da məni də boğur düzü. Bilirsiniz çevrəsində kimlər vardı?! Bir-bir sadalasam, dəhşətə gələrsiniz. Əlini öpənlər vardı, “sən filan şey yazıb məni tarixə saldın”, deyirdilər. O anda ki, Tahir müəllimin ehtiyacı yaranmışdı, biri də tapılmadı. Sonradan, bizə dövlət dəstəyindən sonra zəng vurdular, gəlmək istədilər. Dedim daha köməyə ehtiyacımız qalmadı, Tahir müəllim gedir yavaş-yavaş, diqqəti də lazımi adamlar göstərir, sizin nə işiniz var bizim evdə?

0b7bf8ba-4c2b-4e12-97f8-9bd71f930fae.jpg (50 KB)

Şükür Rzayevin sözlərinə...

- Bizim dostlarımız arasında Rövşən müəllim də var idi. İndi Dövlət Qaçqınkoma rəhbər təyin edilib. Bir dəfə oturub söhbət edirdilər Tahir müəllimlə, atasının əsirlikdə olmasından danışdı. Bizdə də onların ailələri haqda bir kitab var idi. İçində Şükür müəllimin şerləri də yer alırdı. Tahir dedi, mən bu adamın sözlərindən birini seçib musiqi bəstələyəcəyəm, o qədər əzablardan sonra bir mahnı onun adı ilə bağlı olsun musiqi dünyasında, həmin mahnını sonra Bəyimxanım, ifa elədi efirlərdə, yaxşı da reytinq qazandı.

Onu adını siyahıdan çıxardılar...

- Günlərin birində Bəstəkarlar ittifaqının sədri Firəngiz xanım zəng elədi Tahir müəllimə. Onu təbrik etdi ki, prezident təqaüdü alacaq. Siyahını göndəriblər nazirliyə. Həmin günlər çox gərgin idik ailəcə düzü. Bu xəbərlə əhvalımızı elə dəyişdi, elə sevindik ki, inana bilməzsiniz, necə. Artıq rəsmi xəbər yayılanda məlum oldu ki, onu siyahıdan çıxarıblar. Yerinə başqa xanımın adını salıblar, səhv etmirəmsə, bəstəkarlar ittifaqında çalışır o xanım indi də. Ondan sonra dedi, daha keçib. Əlinə bütün sənədlərini alıb lazım olan müraciətləri etdi, amma bir adam da onun gördüyü işlərin qarşısında əlini uzatmadı. Sənətkar olaraq haqqını ala bilmədi Tahir müəllim. O çox ağlayırdı, lap çox. Deyirdi mən sındım, əyildim Aybəniz, gərək elə susaydım, kiminsə qabağına getməyəydim...

Yüz manat...

- Tahir müəllim dünyasını dəyişəndən sonra mənə hər şey adi gəlir. O rahat olmaq istəyirdi. Heç ola bilmədi. Sağ ikən, qoymadılar. İndi rahatdır, əminəm. Atasını dizi üstündə qoyub başını, canı ağrımır, bizə baxıb utanıb, sıxılmır, əziyyət çəkmir. Bircə bu rahatlığına şükür eləyirəm. Əvvəlcə maşının satmaq təklif edildi bizə, razı olmadıq. O maşını min bir əziyyətlə almışdı. İndi icarəyə verdim. Görürəm qızım durub şəkilinin qarşısında deyir ata, çox sağ ol ki, sağlam olanda elə şeylər eləmisən, bizi indi də səndən qalanlar dolandıracaq. Zamanında isə dərman pulunu belə tapa bilmədik uzun müddət, ta ki, Mehriban Əliyeva, Səlim Müslümovun dəstəyinə qədər. Deyirdi mən pul vermirəm sən hardan alırsan bu dərmanları, demirdim qızılımı satıram. Deyirdim ay Tahir, sən Allah incimə, səndən zamanında “oğurlayıb” saxladıqlarımdı, indi çıxarıram az-az. Beləcə zarafata salıb üstündən keçirdik. Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul...

Bakıdan köçmək planım var...

- Bayaq da söylədim, qızım Bəhriyyə ali təhsilini bitirsin sağ-salamat. Düşünürəm bir az qalıb işləsin, sonra köçüb gedək. Bilirsiniz Tahirin əzab çəkdiyi şəhərdir Bakı mənim üçün bundan sonra. Məzarı tək qalacaq burada getsək ona görə nigaranam. Qalan heç nə. Bizim özümüzdən başqa kimsəmiz yoxdur. O, ailənin tək övladı olub, bacısız, qardaşsız. Atası da tək övlad idi. Mənim qardaşım dünyasını dəyişib, bir bacım var, vəssalam. Yəni çox qohum-əqrəbamız da yoxdur. Əmi də, dayı, da, bibi də, ata-ana, bacı qardaş da üçümüz olmuşuq bir-birimizə. Burdan köçəndə iki şeyi götürəcəm, onun maşını və on beş yaşından yanında olan pianosunu, vəssalam.

d626b9eb-5e17-4a19-add6-292558e00b06.jpg (68 KB)

QEYD: Heç yerdə işləmir Aybəniz xanım. Qızı təhsil alır. Çox qırılıb hamıdan, haqsız sayılmaz. Çıxıb getməsi üçün yetərincə səbəbləri də var. O danışdıqca mənə elə gəldi bir yüksəklik axtarıram. Çıxıb yüksək səslə bir sual səsləndirim ordan:

-Eyyyy, insanlar, bu ölkədə hamıdan çox haqqı olan adamlar niyə getsin ki? Kimə qalır bu məmləkət? Niyə boşalır, adamsızlaşı hər gün bir az?

Dərindən bir nəfəs aldım. “Nooldu? Yoruldunuz? Çay istəyirsiniz?” soruşdu. Eləcə baxdım, nəsə demədən, amma bu söhbətin sonluğunu yazdım deyəydim gərək. Gərək deyəydim ki, Təhir Əkbərin əzab çəkdiyi məmləkətində xanımına və bir balasına iş tapılmasını arzulayıram...Demədim o isə davam elədi...

“Əzizim”ə görə “Mesam”a müraciət...

- “Əzizim” mahnısına görə rəsmi məhkəmə işimiz var indi. Sağlığında özü başlatmışdı, xəstəlik imkan vermədi. İndi mən davam edirəm. Türk sənət musiqisinin çox məşhur bir ismi var, Halil Karatuman. O öz repertuarına Tahir müəllimin “Əzizim” mahnısını şəxsi bəstəsi kimi salıb. Bununla bağlı Tahir müəllim sağ ikən Türkiyəyə müraciət etmişdik. Cənab səfir və xanımı ilə görüşdük, məsələni bildirdik. Düzü detallarına varma istəmirəm o görüşün, onlar çox pis oldular, çünki Halil Qaratuman adı onlar üçün, tək onlar yox, Türkiyə üçün böyük addır. Məsələ ilə bağlı Türkiyənin “Mesam”, söz yazarları və bəstəçilər birliyi, təltif haqlarını toplayan birliyə müraciətimiz var. Türkiyədən həmin sənətçinin ailəsi ilə də əlaqə saxladıq. Daha doğrusu onun qardaşı bizə zəng vurdu. Bu anlaşılmaz durumu aradan qaldırmaq üçün, maddi yox, mənəvi olaraq nə desək etməyə hazır olduqlarını bildirdilər. Düzü bu işin maddi yox, mənəvi tərəfi maraqlıdır mənə daha çox. O üzdən düşünürəm tam həllini tapana qədər dayanmayacağam. Tək canıma Tahirin bütün mahnılarının haqqının verilməsi üçün mübarizə aparacağam. O haqq bərpa olunmalıdır. Bir az maddi tərəfləri var məsələnin, onu yoluna qoyub həmən Türkiyəyə gedəcəyəm bu işlə bağlı. Mahnının Azərbaycanda neçənci ildə yazıldığı, söz müəllifinin kim olması, hansı ifaçı tərəfindən ilk dəfə səsləndirilməsi, hazırda harada saxlanıldığına dair sənədi də “Mesam”a verməliyəm.

Geyimləri, saçı hələ evdədir...

- Biz onun geyimlərini də evdən çıxarmadıq. Çıxara bilmədik. Haradan, necə asılmışdısa eləcə də durur, qızı qoymadı. Hələ saçından da saxlayıb qızı, bir də görürəm çıxarıb qoxlayır, deyir, atanın ətri gəlir.

Dedim Tahir qorxma...

- Onu yandırdan bir də bu idi ki, böyük bir kitabxanasını itirmişdi. Tahir müəllimin, yüzlərlə kitab. Hətta 1800-cü illərin tarixi kitabları var idi bizdə. Biz bir otaqlı mənzilə köçəndə dedi Aybəniz, çox pis oluram, bu kitablara xəyanət eləməliyəm. Hamısını apara bilmirdik deyə seçim elədiyi üçün belə söylədi. Onların nə qədər olduğunu izah eləmək üçün sizə bir şey deyəcəm, qonşularımız da şahiddir buna. Düz bir ay evimizin yaxınlığındakı kitabxanaya kitab daşıdım. O kitabxananın az bir qismini, xırda bir şkafa yerləşəcək qədərini, gətirə bildik. Bunu özünə dərd eləmişdi Tahir müəllim. Son anları idi, dedim Tahir qorxma, evimiz də olacaq, sənin iş otağın da, gedib kitabxananı da geri daşıyacağam, alıb gətirəcəm hamısını bir-bir. Onda artıq dili də tutulmuşdu, danışa bilmirdi, başa düşürdü, gülümsəyirdi.

7a647ac5-971e-482a-9bd0-90189cc1dd71.jpg (51 KB)

Allaha sualları çox idi...

- Səsi tutulmamışdan qabaq mənə bir söz dedi. Dedi Aybəniz, Allaha məəttəl qalmışam, mənə istedadı və bu qədər dəyərsizliyə uğramaq kimi acı talehi niyə verib? Mənim mənzərəmi yaradıb kimə nə göstərmək istəyir? Mən hamınızdan qabaq gedəcəm yanına, əgər hüzuruna çata bilsəm bunu soruşacam Allahımdan, deyirdi.

Beynində təkcə musiqi qalmışdı...

- Çox şeyi yadından çıxarırdı. Hər gün bir az zehnini itirirdi. Deyirdim beynində musiqilər var, işarə edirdi ki, hə. Deyirdim bilirsənmi bəstəkarsan, deyirdi hə. Alim Qasımov onun “Amin”ini oxuyanda, əlinin işarəsi ilə zili göstərdi. İşarə eləyirdi ki, yəni gör hara qalxır. Onun beynindən musiqidən başqa hər şey silinmişdi. Kim buna təsadüf, xəstəlik göstəricisi deyir desin, mən belə demirəm. Bu qeyr-adi hadisə idi. Həkimləri də heyrətə gəlirdi. Özü özünə heç nə edə bilmirdi. Qızımın diliylə mən də ona hərdən əzizləyib, atam deyirdim. Gördüm utanır, dedim atam, sənə çox yaxşı baxacam ee mən, narahat olma, ölməmişəm. Udqunmaq funksiyası demək olar ki, yox idi. Onu yedizdirmək çətin idi. Əziyyət çəkirdi. Ən sevdiyi yeməkləri edə bilmirdim, düşünürdüm ətri gələcək, yeyə bilməyəcək, mən o yeməyi özüm necə yeyərəm. O üzdən bişirmirdim də.

Türkiyədən Tahir müəllimin nəşini istədilər...

- Adını çəkmək uyğun olmaz, amma məlum məzar yeri olayını mətbuat yazdı xeyli. Sizin də yazınızla tanışam. Əslində düzünü deyim, o yazını yazmasaydınız, bu görüş olmazdı, inanmazdım səmimiyyətinizə. Həmin yazılardan sonra, mənə bir zəng gəldi, dedilər siz icazə verin, çəkilin kənara, biz Tahir müəllimin nəşini ən yüksək səviyyədə alıb Türkiyəyə gətirək, necə lazımdır burada dəfnini təşkil edək. Utandım, Tahir bunu istəməzdi, əminəm, mən də o izn sənədlərini imzalamadım. Özü demişdi görsən mənə ikinci, heç olmasa üçüncü fəxri xiyabanda yer vermədilər, apar atamın üstündə basdır, kimsədən bir şey istəmə. Düzü mən belə gözləmirdim. Heç olmasa sonunu belə etməyəydilər. Heç xatırlamaq istəmirəm o günü. Sadəcə təşəkkür etdim və dedim ki, mən Tahiri orda qoymaram. Öz ədalətsizliklərinin o qədər fərqində idilər ki, dəfn olunan adamın yeni məzara köçürülməsi prosesinin sənədsiz, icazəsiz edilməsinə də səslərini çıxarmadılar. Demişdim bir adam qarşıma gəlməsin. Çox aqressiv, əsəbi, gərgin idi. Getsin, gəlməsin. Əlacım olsa xatirəsini silərəm o günün. Hamımız gec-tez köçəcəyik bu dünyadan. Arzum budur Tahirə o zülmləri yaşadanlar cəzasız qalmasın.

Tahir oğru deyidi...

- Tahiri ona görə sevmirdilər ki, xeylisi mahnı oğurlayırdılar başqa peşəkarlardan, o, özü yazırdı. Tahir gülürdü, hardan nəyi oğurladıqlarını çalırdı pianoda. Arada mənə, arada da özlərinə. Cırnayırdılar.

QEYD: Onun kimə irad tutması mənə də maraqlı idi. Nadir Əzimov, Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Aygün Səmədzadə kim var idi o peşəkar mahnı oğruları arasında? Sualıma cavab vermədi Aybəniz xanım, dedi mən peşəkar deyiləm. Amma var idi, elə sadaladıqlarınız arasında da var idi o adamların bəzisi.

af8a9ab6-d39b-41bb-a265-ec1a14b4c86d.jpg (50 KB)

Tahiri silirdilər...

- Məni heyrətə gətirən bir məsələ oldu. Nazirliklə maraqlandım ki, axı siz niyə bu adama belə sayğısızlıq göstərdiniz. Cavab verdilər ki, 2006-cı ildən bu yana Tahir Əkbərin yaradıcılığı, fəaliyyəti haqda bizə heç bir sətir də olsun məlumat gəlməyib. Onu nəyə necə təqdim etməliydik ki?! “Yaşayır ulu öndər”, “Arazbarı”, “Şuşanın şikəstəsi”, “Hər birimiz Mübarizik, Fəridik”, “Həmrəylik” himni, “Yaşa idman bayramı”, “Bülbül” romansı və daha nələri mən ondan sonra özüm emaillə yolladım tam siyahını. Yenə sağ olsunlar ki, tarixdə qalsın deyə arxivləşdirdilər. Hələ “Qızıl fond”da onlarla mahnıları var. Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, İlhamə Quliyeva, yəni bütün nəhənglər oxuyurdu Tahirin yazdıqlarını, amma axırı nooldu?! Faciə və heç... O bütün tədbirlərə gedirdi, sənədlərdən adını çıxarırdılar. Tahir Azərbaycan üçün tapıntı adam, şəxsiyyət idi, çox heyif oldu. Zedman məktəbini keçmişdi. Onun tələbələri arasında Fikrət Əmirov, Şəfiqə Axundova, Ramiz Mustafayev, Soltan Hacıbəyov kimi nəhənglər olub. Tahir həm də Zedmanın sonuncu yadigarlarından idi Azərbaycana. Ona hərdən zarafata salıb deyirdilər yanında musiqidən danışmağa utanır adam, elə bil, Üzeyirin oğlusan. Ölümündə də belə ritorik yanaşması oldu bir rəsmi adamın. Necə dəfn edəydik, bəyəm Üzeyir idi?! Sonuncu yaxşılardan idi. O cür düşünən beyinləri ağlı kəsməzdi Tahir müəllimi, qınamıram.

Şükür olsun!..

- Bu yaxınlarda yenə fəxri adlar verildi kimlərəsə. Təbrik eləyirəm hamısını. Mən Tahirə, daha doğrusu onun bu dəfəki çöküşünü görmədiyimə görə sevindim desəm kimsə məni qınamasın. Dedim sevinirəm ki, daha baxıb “yenə qaldım” deyib, əzab çəkmirsən, hönkürüb ağlamırsan, şükürlər olsun bu günə.

Əlimi alma!..

- Hələ nitqi var idi. Gördüm nəsə danışır öz özünə. Soruşdum noolub, nədən narahatsan? Dedi bir şey ağır gəlir mənə, mən hissiyyatımı itirə-itirə gedirəm, sonra əlini göstərdi, Aybəniz dedi, Allaha yalvarıram, əlimi almasın, çala bilim ölənəcən. Dəhşətli olanı bu idi ki, Allahın ondan aldığı ilk şeylərdən biri əli oldu. Heç dözə bilmirdi. Həkim Aksyomov əsərlərini dinləyirdi, dönüb diqqətlə əlinə baxırdı Tahir müəllimin, deyirdi, çox təəssüf eləyirəm, çox, belə musiqiləri yazan əli işlədə bilmirik. Son bir söz deyim bəlkə Tahirdən sonra dərs ola kiməsə. Onu təkcə adamların haqsızlığı, diqqətsizlik, ehtiyaclar öldürmədi. Tahir Əkbəri sadəlövhlüyü və insanlara sonsuz inamı öldürdü...

(Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top