Ev telefonundan mobil telefona "vızov" atmaq pulludur? - FOTO

"Ev telefonumuzdan mobil telefona "vızov" atdığımıza görə, bizə borc yazılıb". Bu barədə Yeniavaz.com saytına müraciətində paytaxt sakini Leyla Ramazanova məlumat verib. Dediyinə görə, pulsuz olduğunu düşündüyü üçün ehtiyac olduqca ailə üzvlərinə ev telefonu vasitəsi ilə "vızov" atırmış: "Yaxınlarımın iş yerinə zəng vurmamaq üçün onların mobil telefonuna "vızov" atırdım və onlar da evimizə zəng edirdilər. Lakin telefon üçün abunə haqqını onlayn ödəmək istəyəndə məlum oldu ki, xeyli borc yazılıb. Əvvəl niyə belə olduğunu anlamaqda çətinlik çəkdik. Maraqlandıqda Telefon Qovşağından bir xanım bizə dedi ki, bu "vızov" atdığınıza görədir. Ancaq mən bildiyimə görə "vızov" ödənişsiz olmalıdır".

L. Ramazanova qeyd edib ki, telefon tarifləri ilə bağlı internetdə araşdırma aparıb, ancaq ev telefonundan mobil telefona "vızov" atmağın ödənişli olması barədə məlumata heç bir yerdə rast gəlməyib: "Rayonları deyə bilmərəm, ancaq Bakıda hər gün yüzlərlə evdən, daha doğrusu, yüzlərlə ev telefonundan mobil telefonlara "vızov" gedir, hər kəs də düşünür ki, ödənişsizdir. Elədirsə, onda bizə hesablanan bu pul nəyə görədir, onu dəqiqləşdirə bilmirik".

Məsələ ilə bağlı "Aztelekom" İstehsalat Birliyindən saytımıza bildirdilər ki, ev telefonundan mobil telefona "vızov" atmaq ödənişsizdir.

"Neçə dəfə çağrı getməsindən asılı olmayaraq, əgər edilən zəngə cavab verilməyibsə, ödənişsizdir. Ola bilsin həmin şəxsin çağrısına cavab verilib, ona görə ödəniş hesablanıb. Əks təqdirdə sırf "vızov"a görə pul hesablanması mümkün deyil. Əgər şübhə varsa, ev telefonu kimin adınadırsa, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşsın müvafiq Telefon Qovşağına. Orada son aylar həmin ev telefonundan edilən zənglər, "vızov"lara cavab verilib-verilməməsi aydınlaşdırılacaq",-deyə "Aztelekom" əməkdaşı bildirib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top