700 bal toplayan xaçmazlı abituriyent: "Sınaq imtahanında da 700 bal yığmışdım" - VİDEO

Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Xaçmazın tarixində ilkə imza atan Jalə Rəcəbovadır. Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydən məzun olan Jalə Rəcəbova Yeniavaz.com saytının redaksiyasının qonağı olub, sualları cavablandırıb.

- Jalə, 700 bal toplama xəbərini ilk olaraq kimdən eşitdin? Reaksiyan necə oldu?

- SMS göndərmişdim, amma cavablar ilk olaraq internetdə çıxdığına görə, bunu mənə müəllimim xəbər verdi. Düzü, reaksiyam o qədər də nəzərəçarpan olmadı. Amma ailəmin, anamın, atamın və bacılarımın sevincini görəndən sonra təbii ki, mənim də sevincim artdı və bununla qürur duydum.

- Soyuqqanlı yanaşmağının səbəbi nə idi?

- Adətən, belə vaxtlarda həmişə soyuqqanlı oluram.

- Qəbul imtahanında rekord nəticə göstərəcəyinizi gözləyirdiniz?

- Yüksək nəticə göstərəcəyimi gözləyirdim. Ancaq 700 bal toplamaq bir az şans işi olduğuna görə, hər şey ola bilərdi. Bir sual səhv ola bilərdi, yaxud cavab kartına səhv köçürə bilərdim. Buna görə də ailəmə, müəllimlərimə minimum 680, 690 bal toplayacağıma söz vermişdim. Təbii ki, onlar 700 bal gözləyirdilər, mən isə tam arxayın deyildim.

- Sınaq imtahanlarında nə qədər bal yığırdınız?

- Kursumuzun təşkil etdiyi sınaq imtahanlarında 660-691 arası bal toplamışdım. Dövlət İmtahan Mərkəzinin aprel ayında keçirdiyi sonuncu sınaq imtahanında 700 bal yığmışdım.

- Hansı ixtisası seçəcəksiniz?

- Universitet seçimi hələ etməmişəm. İxtisasım çox güman maliyyə olacaq.

- Ailənizdə maliyyəçi varmı?

- Xeyr, yoxdur.

- Valideynləriniz nə işlə məşğuldurlar?

- Anam evdar xanımdır, atam isə ticarətlə məşğul olur.

- Dərslərini yaxşı oxuyasan deyə, valideynlərin sənə təzyiq ediblərmi?

- Düzü, əvvəllər valideynlərim mənə "dərs oxu" o qədər də deməyiblər. Amma son aylarda bir az tənbəllik edirdim və buna görə də valideynlərim mənə bir az təzyiq göstərdilər. Yaxşı ki, bunu ediblər. Çünki bəzən yorğunluq olurdu. Belə demək mümkünsə, dərs oxumaqdan bəzən bezirdim. Ona görə də valideynlərim yaxşı mənada mənə təzyiq göstərirdilər. Son aylarda daha çox olub təzyiq. Ən çox da bacım...

- Son illərdə 700 bal toplayan abituriyentlərin bəziləri hazırlıq vaxtı özlərinə məhdudiyyət qoyduqlarını deyirdilər, bəs sən necə?

- Düzü, televizora ondan əvvəl də baxmırdım. Ancaq sosial şəbəkələrdən istifadə edirəm. Lakin son aylarda bir az məhdudiyyətlər qoydum. Çünki həddən artıq vaxtımı alırdı. Amma yenə də hər şeydən özünü məhrum etmək lazım deyil, istirahətə də vaxt ayırmaq lazımdır. Son 2 ayda isə sosial şəbəkələrdən istifadəni maksimum dərəcədə məhdudlaşdırmışdım. Yenə də hesablarım aktiv idi, yoxlayırdım. Yəni tamamilə məhrum etməmişdim özümü.

- Sosial şəbəkələrdə ən çox hansı səhifələri izləyirsən?

- Xaricdə təhsil səhifələrini, Azərbaycanın universitetlərinin səhifələrini, bəzi karyera mərkəzlərini izləyirəm. Yəni əsasən bu tip səhifələr...

- Xaricdə təhsil almaq təklifi olarsa, qəbul etmək fikrin varmı?

- Əgər xaricdə yaxşı təqaüd verən və yaxud təhsil haqqından azad edən universitet olsa, bu barədə düşünmək olar. Amma Azərbaycanda da reytinqli universitetlər az deyil. Onlardan birini də seçmək olar.

- Universitetlərə hazırlaşanlara nə məsləhət görərdin?

- Ali məktəbə hazırlaşmaq üçün son 1 il və yaxud 2 ili oxumaq kifayət deyil. Gərək əvvəldən oxusunlar. Ən azı 5-6-cı siniflərdən bunun təməli qoyulmalıdır. Tam olaraq demirəm, amma bəzən müəyyən məhdudiyyətlər qoymaq da pis deyil. Çünki hər şagirdin götürmə qabiliyyəti də eyni deyil. Hər şagirdin dərsi öyrənmək üçün ona ayırdığı vaxt fərqlidir. Özləri müəyyən etməlidirlər ki, mövzuları öyrənməyə onlara nə qədər vaxt sərf etmək kifayətdir.

- Yaxşı nəticə göstərə bilməyib depressiyaya düşənlər də var...

- Onlar üçün yaxşı imkan var ki, ikinci imtahana qatılsınlar və daha yaxşı hazırlaşıb uğurlu nəticə göstərsinlər...

- 700 bal toplamaqla Xaçmazın tarixində ilkə imza atmısan. Kənar insanların reaksiyası necə oldu?

- İlk reaksiyanı məktəbdən gördüm. Məktəbimizdə demək olar ki, hamı sevinirdi, böyük bayrama çevrilmişdi, səhər məktəbə gedəndə gördüm ki, həyətdə hamı məni gözləyir. Məktəbin bütün şagirdləri məni qarşıladılar. Düzü, bunu gözləmirdim. Bütün müəllimlər, şagirdlər hamısı çox sevincli idilər. Mükafatımı Xaçmaz Rayon Təhsil Şöbəsindən və Xaçmaz Rayon İcra Hakimiyyətindən aldım. Demək olar ki, hazırda bütün Xaçmaz çox sevinclidir. Bununla qürur duyuram.

- Gələcəyini necə təsəvvür edirsən?

- Bakalavrdan sonra magistr təhsili almaq istəyirəm. Əgər alınsa, doktorantura üzrə də təhsil almaq istəyirəm. Təhsilin növbəti addımlarını isə xaricdə davam etdirməyi düşünürəm.

Düşünürəm ki, ölkəmizdə maliyyə sahəsində ciddi kadr çatışmazlığı var. Bu sahədə təbii ki, yenilik etmək, ən azından bu sahəyə müəyyən qədər töhfə vermək fikrindəyəm.

- Sonda kimlərə təşəkkür etmək istəyərdin?

- 700 bal toplamağımda valideynlərimin, oxuduğum məktəbin və hazırlaşdığım kursun müəllimlərinin böyük rolu var. "Xaçmaz" Hazırlıq Mərkəzində, son aylarda isə "Ulduz" Hazırlıq Mərkəzinin həftəsonu hazırlıq qurplarında hazırlaşmışam. Bəzi suallar var idi ki, onların cavabını tapa bilmirdim, "Ulduz" Hazırlıq Mərkəzinin həftəsonu hazırlıq qruplarında müəllimlərim mənə başa salırdılar, elə vaxt olurdu ki, gec saatlara qədər müəllimlər bizə dərs başa salırdılar, yeni tipli suallar işləyirdik, testlərlə işləmək vərdişlərimizi formalaşdırırdıq. Düşünürəm ki, hər bir kursun - həm "Xaçmaz" Hazırlıq Mərkəzinin, həm "Ulduz" Hazırlıq Mərkəzinin 700 bal toplamağımda çox böyük rolu var...

Nicat

Müsahibə

DİGƏR XƏBƏRLƏR

Top