“Qarabağ”ın futbolçusu Messiyə qarşı oynamaqdan imtina edib


“Qarabağ”ın futbolçusu Vild-Donald Qerye Haiti millisinin heyətində Argentina yığmasına qarşı yoldaşlıq matçında iştirakdan imtina edib. 29 yaşlı yarımmüdafiəçi millinin düşərgəsinə gəlməməsinin səbəblərini açıqlayıb.

O bildirib ki, öncədən planlaşdırdığı məzuniyyət üçün hotellər bron edib və ümumilikdə 4200 dollar ödəyib:

“Yığmada olmamağım şəxsi planlarımla əlaqədardır. Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə söhbətimiz olub. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər.

Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və hotellərdə altı nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə üç gün üçün 1400 dollar, “Dekameron”da bir həftəmizə iki min dollar və “Royal Oazis”də iki günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz işləmişəm. Övladı dünyaya gələn bacımı ziyarət etməliyəm”.

Qerye yığmaya gəlməməsini həm də “Qarabağ”ın futbolçulara cəmi səkkiz günlük məzuniyyət verməsi ilə əlaqələndirib:

“Klubum avrokuboklarda çıxış edəcək. Bizə uzun müddətli deyil, cəmi səkkiz günlük məzuniyyət verilib. “Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Ailəm üçün darıxmışam. Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada yeddi günlük toplanış keçib, oyuna çıxdıqdan sonra 30-da geri dönmək mənim üçün çətindir. Avstriyada üç həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam”.

Qeyd edək ki, dünya çempionatına hazırlaşan Argentina millisinin genişləndirilmiş heyətində Lionel Messi də var. Vild-Donald Qeryeyə Messiyə qarşı oynamaq qismət olmasa da, “Qarabağ”ın almağa çox yaxın olduğu zimbabveli hücumçu Xama Biliat ulduz oyunçuya qarşı oynayıb.

Belə ki, Xama Biliatın hazırda çıxış etdiyi “Mamelodi Sandauns” klubu CAR-ın keçmiş prezidenti Nelson Mandelanın şərəfinə “Barselona” ilə yoldaşlıq matçı keçirib. Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə çıxan Biliat 77-ci dəqiqədə əvəzlənib. Messi isə qrip olduğu üçün meydana sonradan daxil olub. O, 74-cü dəqiqədə İniqo Ruis de Qalaretanı əvəzləyib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top