"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

Fədayə Laçının bacısı istintaqa etiraf edib - "Məndən vaqon açarı tapmağımı istəyirdi"

çərşənbə, 15 avgust 2018
RU EN TR
EN TR RU

ƏDƏBİYYAT

Polkovnikin istefası - HEKAYƏ

11.05.2018 09:20

Başçının bütün məsələlər üzrə müavini Babayev rayondakı idarələrdən birinin rəisi Qarayevin istefa ərizəsini əlinə aldı, baxdı və sağ tərəfdən iş masasının üzərinə qoydu. Elə bu vaxt Qarayevin açıq qoyub çıxdığı qapının ağzında mühasib Adıgözəlov göründü.

- Qarayev yaman hirslə çıxdı, deyəsən bir şey eləyə bilmədiniz.

- Gəl, Adıgözəlov, gəl içəri. Vallah çağırdım deyəm ki, ay pişiyim çiy yemə, pişmiş ye. Pişiyim Nuh dedi, peyğəmbər demədi.

- Əşşi, itirən özü olacaq. Nə çoxdu ora adam.

- Dedim ay eloğlu, neçə illərdi Rusyanın ayazında, şaxtasında işləmisən. Polkovnik rütbəsi almısan, ordan təqaüdə çıxmısan, kəntdə-kəsəkdə hörmətin var, biz də həmişə öyünmüşük ki, sənin kimi kəndçimiz var. İndi də borcumuzdan çıxıb, birtəhər səni bu idarəyə rəis düzəltdik, çünki özümüzünküsən, sən yeyəsən deyə... Gərək gedib yayda gün, qışda ayaz üzünə döyə-döyə hardasa qapıçı işləyəsən? Bu yaşdan sonra hardan tapacaqsan belə işi?

- Vallah mat qalınası işdi.

- Deyir 200 manat pul alıram. Ayın bu başı da, o başı da deyirsiz qonağımız var, pul gətir. Hələ üstəlik Rusyanın mənə verdiyi pensiyanı da sizin qonaqlara xərcləyirəm.

- Gərək deyəydin sən işləyə bilmirsən camaat neyləsin? İlyarımda idarədə bircə kadır dəyişməyibsən. Hər yerin qiyməti azı iki-üç mindi. 200 manata baxsan, pensiyanı da xərcləyərsən hələ üstəlik kredit də götürərsən.

- Dedim, Adıgözəlov, onu da dedim. Deyir kadır öz işini görürsə mən onu nətər çıxarıb başqasını götürüm işə. Hamısı 150 manata işləyən adamlardı.

- Onda gedib kənddə toyuq-cücə saxlayar.

- Dedim, Adıgözəlov, dedim. Nə lazım idisə dedim, əmələ gəlmədi. Deyir sizin qonaqlara qonaqlıq verməkdən borc içində batıram.

- Babayev, mənə bircə şey çatmır. Bu adam 25 ildən çox Rusyada, özüdə cinayət-axtarış şöbəsində nətər rəis işləyib?

- Bax orası mənə də çox maraqalıdı Adıgözəlov, deyirəm nə yaxşı Rusiya kimi dövlət ilyarımda bircə nəfər işçini işdən çıxara bilməyən polkovniklərin əlindən batmayıb.

- Allahın işidi də, nə bilim, gör kimləri haralarda oturdur? İndi Qarayevlə birdəfəlik üzülüşdünüz?

- Hə, Adıgözəlov, polkovnik getdi. Sən nə yaxşı günorta yeməyinə getməmisən?

- Gözlədim görüm polkovnikin istefa məsələsi nə yerdə qalır.

- Sözlü adama oxşayırsan, Adıgözəlov...

- Deyirəm bəlkə bizim bacıoğlunu ora düzəldək. Kimə nə lazımdı çatacaq, özün bilirsən.

Polkovnikin istefa ərizəsi gələnə kimi Babayev beyninin bir tərəfini eloğlusunu yola gətirməyə, o biri tərəfini də alternativ varianta hazırlaşdırırdı. Olmadı elə, oldu belə, təzə kimi gətirə bilərik.

Qarayevin istefa ərizəsi hələ təsdiq olunmamış təkliflər gəlməyə başlamışdı... Babayevin gözləri gülürdü...

Gülnar Əhməd

Oxundu 336