Səhiyyə Nazirliyi: "Azərbaycanda bronxial astma xəstələrinin sayı 6-8% təşkil edir"

Hazırda Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında bronxial astma xəstələrinin sayı 6-8% təşkil edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov bildirib ki, ölkədə bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşayiət edilir.

Belə ki, 2016-cı ildə 7950, 2017-ci ildə isə bu 7701 nəfərdə ilk dəfə aşkarlanma qeydə alınıb. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir. Xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Bu xəstəlikdə ən vacib amil genetik meyilliyin olmasıdır:

"Xəstəliyin daha çox yayıldığı ölkələr isə İrlandiya, Baltikyanı ölkələr, Kanada, Şimali Amerikadır. Hətta bəzi ölkələrdə bronxial astma ilə xəstələnmə göstəricisi 30-40% təşkil edir".

C.Məmmədov qeyd edib ki, son zamanlar səhiyyənin inkişafı və daha təsirli dərman vasitələrindən istifadə, bu xəstəliklə mübarizədə effektiv rol oynayır.

Professorun fikrincə, bütün dünyada allergik bronxial astmanı törədən əsas səbəblərdən biri ev və məişət gənələridir. Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Yumşaq yataq dəstində yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaratdığından belə xəstələr yumşaq dəst əşyaların sayını azaltmalıdırlar:

"Xəstəliyin əsas əlamətləri kimi vaxtaşırı boğulmaları qeyd etmək olar. Bu, hal yüngül əlamət kimi, bəzən isə ağır nəticələrlə müşayiət oluna bilər. Belə olan hallarda həkimin müdaxiləsi mütləqdir. Bu kimi hallar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa, ağciyərlərin emfizeması deyilən ağırlaşmaya, sonda isə ağciyər-ürək çatışmazlığına səbəb olur".(Trend)

DİGƏR XƏBƏRLƏR

Top