Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

PƏNCƏRƏ

Aldanma

04.05.2018 15:08

Quran surələrinin bölümlərinə ayə deyilir. Bunun kimi, insan başda olmaqla, bütün varlıqlar da Cənab Allahı (c.c.) bizə tanıdan bir dəlil və ayədir. Bu iki növ ayələr arasında təzad yoxdur. Birini qəbul etmək digərini inkar etməyi tələb etmir. Hətta biri digərini tamamlayır.

Bu yazıda Quran ayələrində keçən “ğarur”, yəni aldadan kəliməsindən bəhs etmək istəyirəm. Bu ifadə müxtəlif mənalarda işlədilir. Şeytanın başqa bir adı olduğunu deyən alimlər olduğu kimi, günahları tərk etmədən bağışlanma ümidi bəsləməyə də “ğarur”, yəni aldanma deyilir. Əməlsiz insanın Allah (c.c.) və Peyğəmbər (s.ə.s.) sevgisi də “ğarur” adlanır. Yenə ayənin ifadəsi ilə ömrün həsr edildiyi, qayə seçildiyi, cazibəsinə qapıldığı dünya həyatı və buradakı yaşam da insanlar üçün “aldadıcı” ola bilər (Ali İmran, 3/185).

Quran bizi dünyanın, bütün varlıqların həqiqi mahiyyətini dərk etməyə səsləyir. Mütləq mənada nəyəsə dəyər biçməyin insan iradəsinin fövqündə olduğunu bildirir. Gəlin zənginliyə görə aldanan insanlara dair bir-iki misala nəzər yetirək:

Həzrət Musanın dövründə yaşayan Qaruna açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr verilmişdi. O belə bir zənginliyin gətirdiyi qürura qapılmışdı. Qövmü ona sərvəti ilə öyünməməsini söyləyirdi. O isə bu sərvətin özündə olan bir elm sayəsində verildiyini zənn edirdi.

Ayələr onun zənninin yalnış olduğunu xəbər verir. Əgər o, güc və mal-dövlət sahibidirsə, bilməlidir ki, Allah (c.c.) ondan əvvəl daha güclü və daha zəngin şəxsləri məhv etmişdir (Qəsəs, 28/78). Ancaq Qarun Allahın (c.c.) ona verdiyi nemətlərə görə özünə dəyər biçərək aldanırdı. Zənn edirdi ki, zənginliyi onun həm də Allah qatında dəyərli olmasından irəli gəlir.

İlk müsəlmanlardan Habbab ibn Ərət (r.a.) Məkkədə dəmirçiliklə məşğul olurdu. İslama düşmənçilik edən As ibn Vailin ona borcu var idi. O, Məkkənin zəngin şəxslərindən biri idi. Bir gün borcunu istəyəndə As ibn Vail vermək istəmədi. Habbab ibn Ərət də (r.a.): “Borcumu səndən axirətdə alacam” – dedi. O da: “Axirətdə mənim mal və övladım olacaq. O zaman gələrsən borcumu verərəm” – deyə cavab verdi.

As ibn Vail elə bilirdi ki, dünyadakı zənginliyi onun seçilmiş şəxs və Allah qatında da dəyərli olmasına görədir. Bu “seçilmişliyi” axirətdə də davam edəcək. O, bu mülahizəsi ilə Allahın ona axirətdə əzab etməyəcəyindən əminlik duyurdu. Halbuki belə olmadığını, onun aldandığını Qurandan öyrənirik. As ibn Vail və onun kimi zənginliyi Allah qatında “seçilmişlik” kimi başa düşənlər haqqında bu ayələr nazil olmuşdur: “Ayələrimizi inkar edib: “(axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı gördünmü? Görəsən, o, qeybi bilir, yoxsa Rəhmandan (bu barədə) bir söz almışdır?! (Məryəm, 19, 77-78).

Zənginlik, rizqin bol və ya az olması Cənab Allahın (c.c.) xoşnudluğunun və ya qəzəbinin dəlili deyil. Bunlar insanı əzabdan qoruyan vəya əzaba düçar edən amillər sayılmır. Rizqin bolluğu və qıtlığı imtahan vəsiləsi ola bilər. Ancaq bunların heç biri insanın Cənab Allah (c.c.) tərəfindən “seçilmiş” yaxud “tərk edilmiş” bəndə olduğu mənasına gəlməz. Halbuki ayədə buyurulduğu kimi belə bir zənnə qapılaraq aldanan şəxslər var.

Qarun və As ibn Vail kimi şəxslərin qınandığı ayələr bizi yanıltmamalıdır. İnsanların həyatdan, buradakı gözəlliklərdən, nemətlərindən faydalanmaq, insanın rizqi üçün çalışması ilə əlaqəli bir sıra ayələr də vardır. Burada qınanma səbəbi sırf sərvət sahibi olmaqda deyil, verilən bu zənginliyəgörə aldanmaq, Uca Yaradana (c.c.) üsyan bayrağı qaldırmaq, keçici dünya zövqlərini axirətə tərcih etməkdir. Həmçinin zənginlik və sərvət sahibi olmaq doğru istifadə edildiyi təqdirdəinsanı Allaha (c.c.) yaxınlaşdıran gözəl bir vəsilədir.

Aldanma yalnız zənginliyə görə baş vermir. Günah işləyən kimi cəzanın gəlməməsi də insanı aldadan başqa biramildir. İsrarla günah işləməklə bərabər “Allah bağışlayar!” demək də başqa bir aldanmadır. Bağışlanma ümidi ilə günah işləməyi İslam alimləri: “Nə də olsa,bədən zəhəri çölə atar” –deyərək zəhər içməyə bənzətmişlər.

Həyatda yalnız görünüş xatirinə və riyakarlıq üçün əməl edənlər də var. Onların axirət günü Cənab Allahdan (c.c.) mədət ummağa üzləri olmayacaq. Bunun üçünmöminlərə belə deyəcəklər: “Bizi gözləyin ki, nurunuzdan bir qədər işıq alaq! Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Hədid, 57/14). Onlara: “Geriyə dünyaya dönün. Nurun, gözəl əməllərin əldə ediləcəyi yer oradır” deyiləcək (Hədid, 57/14). Bu ayədə bəhs edilən kəslər Allaha iman etmədən, Onu (c.c.) hesaba qatmadan, yalnız möminlərlə birlikdə olmağın qurtuluşa vəsilə olacağını zənn edərək aldanmışdılar.

Aldanma insanlığın heç bitməyən hekayəsidir. Bir İslam alimi də: “Əgər bir roman yazsaydım, adını “İnsan aldandı” qoyardım demişdir. Təbii ki, belə bir aldanma dünyasında insanı qurtuluşa aparan ən kəsə yol,səmimi və ixlasla etdiyi əməlləridir.

Nazim Mustafayev

nazimmustafayev2017@gmail.com

Oxundu 335