Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Sosial şəbəkədə Qusarda meşə gözətçisinin ötən ilin oktyabr ayında öz xidməti vəzifəsini yerinə yetirərkən döyülərək öldürülməsi barədə məlumatlar paylaşılır. İddia olunur ki, ötən il oktyabrın 13-də Qusar rayonunda meşə gözətçisi Abdullayev Səbuhi Nurəddin oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən Qusar Rayon Polis Şöbəsinin Ədalət və Əsman adlı iki əməkdaşı tərəfindən vəhşicəsinə döyülüb və xəstəxanada dünyasını dəyişib. Polislər tərəfindən döyülməsinin səbəbi isə Səbuhi Abdullayevin Qusar Rayon Polis Şöbəsinin rəisinin ağacları kəsdirərək satmasına etiraz etməsi olub.

Əksər insanların biganə qalmadığı bu paylaşımla bağlı araşdırma aparanda məlum olur ki, ötən il Azərbaycanın bəzi saytlarında bu barədə xəbərlər yer alıb. Eyni məlumatların 6 ay sonra paylaşılması təbii ki, diqqət çəkir. Bəs hadisə həqiqətənmi iddia olunan formada baş verib? Araşdırmaların nəticəsi necə olub?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Yeniavaz.com saytının suallarını cavablandırıb: "Bu məlumatlar DİN-in aidiyyəti xidmətləri, prokurorluq tərəfindən dəfələrlə yoxlanılıb və heç bir halda öz təsdiqini tapmayıb. Həmin şəxs polis əməkdaşları tərəfindən döyülməyib. Yoxlayıcı orqanlar tərəfindən bu məsələ ilə bağlı dəfələrlə araşdırma aparılıb. Kimlərsə yenidən bu məsələni dövriyyəyə buraxmaqla polis orqanlarına qarşı qərəzlilik nümayiş etdirirlər. Bu da hüquqi məsuliyyət yaradır.

Oktyabr ayından bəri eyni məsələni əsas olmadan təkrar-təkrar gündəmə gətirmək qərəzli məqsəd güdür. Polisə yönəlik belə böhtan xarakterli məlumatların dəfələrlə dövriyyəyə buraxılması hansısa maraqlı tərəflərin işidir. Guya rəisin əli olub və s. Bir daha qeyd edirəm, elə bir hal müəyyən edilməyib.

Əgər belə bir hadisə həqiqətən olsaydı, təbii ki, həmin əməkdaşlar da qanuna uyğun şəkildə, müvafiq olaraq intizam formasında və ya başqa hansısa bir formada cəzalarını alardılar".

Orxan Mansurzadənin sözlərinə görə, həmin şəxs ölməyib, sağdır: "Meşə gözətçisinin ölməsi və öldürülməsi barədə deyilənlər tamamilə cəfəngiyyatdır. Həmin adam sağdır. Qərəzin nəticəsidir ki, ölməyən adamın öldüyünü deyirlər.

Onun işlədiyi ərazidə ağacların kütləvi şəkildə qırılması baş verib. Polis əməkdaşları tərəfindən həmin vaxt qətiyyət, prinsipiallıq göstərilib və bu fakt ağacların qanunsuz olaraq qırılması faktı sənədləşdirilib, aktlaşdırılıb.

Meşələrin qırılmasından, ağacların qanunsuz olaraq kəsilməsindən qanunsuz gəlir əldə edən adamlar polisin bu addımından narazı qalıblar və belə məlumatları yayıblar. Onlar və onların təsiri altında olan müəyyən şəxslər polis əməkdaşlarına və polis rəisinə qarşı müxtəlif uydurma xarakterli məlumatlar yayırlar. Əslində bu addım polis əməkdaşlarını öz qanunvericiliklə bağlı vəzifələrini yerinə yetirməkdən çəkindirməyə hesablanıb. Polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluq olması, guya həmin adamın döyülməsi təsdiqini tapmayıb".

Orxan Mansurzadə deyib ki, polisin qanunsuz ağac qıranlara qarşı prinsipial mövqe sərgiləməsi kimlərisə narahat edir: "Saytlarda və sosial şəbəkələrdə bu barədə məlumatların yayılmasının əsas səbəbi Qusar Rayon Polis Şöbəsinin rəisi başda olmaqla əməkdaşların meşə zolaqlarında qanunsuz ağackəsmə hallarına qarşı prinsipial mövqe sərgiləməsi və bu işlə məşğul olanları ifşa etməsi olub.

Həmin meşə gözətçisi orada qısa müddət ərzində işə götürülüb və işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. İnsan sağ ola-ola onun öldüyünü necə deyə bilərlər? O adamın öldürülməsi və yaxud vəfat etməsi barədə xəbərlər tamamilə yalandır.

Bu adam meşədə yıxılıb. Meşəlik ərazidə yıxılan adam necə olar? Onun üzərində olan izlər, qan, sıyrılmalar yıxılaraq xəsarət alması nəticəsində olub. Ekspertiza təsdiq edib ki, bunlar fiziki təzyiq nəticəsində yox, yıxılma nəticəsində olub. İşin gedişatı ilə sübut olunub, şahid ifadələri də var. Bunlar təkzibolunmaz sübutlardır. Üstəlik, bu adam həyatdadır".

DİN rəsmisinin dediyinə görə, bu barədə yalan məlumat yazan saytlar məhkəməyə verilib: "Bu istiqamətdə də işlər gedir. Kim bu işlərlə məşğul olacaqsa, tirajlayacaqsa, tədbir görüləcək. KİV-dən sui-istifadə ilə bağlı qanunda məsuliyyət var. "KİV haqqında" qanunda bu birmənalı şəkildə göstərilir. Dövlət orqanlarının mətbuat xidməti ilə dəqiqləşdirilməmiş, işgüzar nüfuz və imicini zədələyən, etibarlı mənbə adı altında əhalinin çaşdırılmasına yönəlmiş məlumatların verilməsi söz və mətbuat azadlığından sui-istifadə deməkdir. Bununla məşğul olanlar qanunvericiliyə uyğun şəkildə məsuliyyət daşıyırlar.

Həmin məsuliyyəti mən nazirlik nümayəndəsi kimi xatırladıram və həm də onlara çağırış edirəm ki, polis barəsində, ümumiyyətlə, dövlət qurumları barəsində hər hansı fakt barədə ən azıdan "KİV haqqında" qanuna, jurnalistlərin peşə etikasına uyğun məlumat yaysınlar. Bir neçə sayt bu məlumatlarla bağlı məhkəməyə verilib və belə görünür kimlərsə yenə də bununla məşğul olacaqlarsa, onlar barəsində də eyni tədbirlər görüləcək. Sosial şəbəkələr, internet resurslar da həmçinin. Hər hansı bir məlumatı yayarkən doğru dürüst, obyektiv olsunlar. Həmin şəxsin ölməsi barədə məlumat yayılır, amma səsini çıxarmır. Deməli, ona sərf edir də. Məntiqlə yanaşanda aydın olur ki, deməli, bu adam barışır bu fikirlərlə. Bu adam xəsarətləri döyülmə yox, yıxılma nəticəsində alıb. Qeydiyyatda olduğu ünvanda da yaşayır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top