Gənclər Fondunun icraçı direktoru gənclərlə görüşüb

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Mingəçevirdə gənclərlə görüşüb.

Qonaqlar əvvəlcə Gənclər evi ilə yaxından tanış olub, buradakı gənclərin fəaliyyətləri barədə geniş bilgi əldə ediblər.

Daha sonra Gənclər Evində keçirilən görüşdə Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin müdiri Tural Kərimov, Gənclər Təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirir.

Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.

Yeniavaz.com saytına müsahibəsində Fərid Cəfərov bildirib ki, gənclərlə görüşümüzün əsas səbəbi fondun fəaliyyəti barədə gəncləri məlumatlandırmaq, eyni zamanda yeni fəaliyyət istiqamətlərimiz barədə məlumat verilməsi, yerli gənclər təşkilatları ilə görüşmək, onların problemlərinin qarşıya qoyulmuş məqsədləri və planları barədə qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

Gənclərlə görüşdə tələbələrin yataqxana problemləri də müzakirə olunub.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Mingəçevirdə hər sahədə olduğu kimi gənclər sahəsində də əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu gün şəhərdə gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Mingəçevirdə yüzlərlə yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib ki, bu da gənclərin hərtərəfli inkişafına, onların dünyagörüşünün artırılmasına hesablanıb.

Tədbirin sonunda gənclər onları maraqlandıran suallarlı qonaqlara ünvanlayıblar.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top