Bakıda 80-ə yaxın məcburi köçkün ailəsi görün harada yaşayır - FOTOLAR - VİDEO

"Hər səhər saat 6-da burada tüstüdən göz-gözü görmür. Uşaqlarımızın çoxu astmadan, allergiyadan əziyyət çəkir". Bu sözləri Yeniavaz.com saytına

"Dərnəgül" qəsəbəsində "Elit" Ticarət Mərkəzinin yaxınlığında - Əhməd Rəcəbli 277 ünvanında yerləşən "3 saylı Evtikmə Kombinatı" kimi tanınan ərazidə məskunlaşan məcburi köçkünlər bildiriblər.

Məcburi köçkünlərdən burada 1993-cü ildə məskunlaşanlar da var, 2003-cü ildə yerləşənlər də. Onların hamısının şəraiti çox acınacaqlıdır: "Zavodun beton plitələrinin altında taxtadan ev tikmişik. Təxminən 80-ə yaxın məcburi köçkün ailəsiyik. Vaxtilə bura armatur zavodu olub. Qışda burada soyuqdan donuruq. Evlər başdan ayağa rütubət içərisindədir. Evlərimizi elektriklə qızdırırıq. Elektrik xətləri o vəziyyətdədir ki, bir neçə dəfə yanğın olub. Elə hamı sizin kimi gəlib şəraitsizliyimizi çəkir, bizi danışdırıb gedir, ortada bir nəticə yoxdur. Bizim bu vəziyyətimizi görən kənar adamlar təəccüb edirlər ki, zavodun içində ev tikib yaşamaq olar? Nə edək, torpaqlarımız işğal olunandan sonra çöllərə düşdük. Burada 100-ə yaxın uşaq, körpə var. Səs-küydən yata, dərs oxuya bilmirlər. Səhər saat 6-dan axşam saat 23-dək səs-küy, toz olur. Paltarları ağ yuyub, zavodun tozundan, hisindən qara götürürük. Əsəblərimiz dözmür, hamımız xəstəlik tapmışıq. Elə hər dəfə bizə deyirlər ki, sizi köçürəcəyik, narahat olmayın, hər şey yaxşı olacaq. Amma illərdir belə yaşayırıq. Bu şəraitdə yaşamaq çox dəhşətlidir".

Məcburi kökünlərin sözlərinə görə, armatur zavodu SSR vaxtında tikildiyi üçün beton, daş qırıntıları tez-tez yerə tökülür: "İnanın, o gün böyük bir beton parçası qırılıb yerə düşdü, əgər altında bir nəfər qalsaydı, ölərdi. Yaxşı ki, uşaqların başına düşmədi. Belə hallar tez-tez olur, xahiş edirik dövlət rəhbərliyindən, bizim bu şəraitimizlə bağlı bir tədbir görsünlər. Heç kim məcbur qalmadıqca belə şəraitdə yaşamaz. Özümüz də, balalarımız da xəstəyik. Taxtadan tikdiyimiz və evimiz dediyimiz bu daxmalara bir qonaq gələndə deyirik ay Allah, inşallah, içəri girməz, elə çöldən qayıdar. Çünki evimiz bərbad haldadır, nəmişlikdir, darısqaldır. Ölkə rəhbərliyindən xahiş edirik, bizi köçürsünlər, uşaqlarımız da bir gün görsünlər",-deyə məcburi köçkünlər vurğulayıblar.

Köçkün ailəsi

DİGƏR XƏBƏRLƏR

Top