Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

HƏMSÖHBƏT

"İstilik sistemindən istifadə edib, pulunu ödəməyənlər məhkəməyə verilir"

21.04.2018 19:16

Noyabrın 15-də başlayan istilik mövsümü aprelin 15-də başa çatdı. Evində mərkəzləşdirilmiş istilik sistemi olanlar sözün həqiqi mənasında işıq pulunda xeyli qənaət etdilər. Lakin istilik sistemindən istifadə edib pulunu ödəməyən abonentlər də var ki, onlar məhkəməyə verilirlər. Bu barədə Yeniavaz.com saytının suallarını cavablandıran "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R. Əliyev istilik sistemi işləmədiyi dövrdə vətəndaşların fürsətdən istifadə edib onu təmizlətdirmələrinin də vacib olduğunu bildirib.

- Rafiq müəllim, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edənlər arasında pulunu ödəməyənlərə qarşı hansı tədbirlər görülür? İddialara görə, hətta istilik sistemindən mətbəxə isti su xətti çəkdirənlər də var.

- İstilik təchizatının taarifləri o qədər də yüksək deyil. Bir kvadratmetr yaşayış sahəsi üçün 15 qəpik nəzərdə tutulub. Vətəndaşlarımız üçün istilik haqlarının ödənilməsində elə bir ciddi problem olmur.

Düzdür, elə vətəndaşlar var ki, görürsən ödəmə məsələsində laqeyiddirlər, belə deyək, kommunal xidmət haqqını ödəməyi sevməyən vətəndaşlar da var.

Bəziləri çətinliklə ödəyirlər, yaxud ödəmirlər, bu zaman məhkəməyə müraciət edirik ki, onlar barəsində tədbir görsünlər. Çünki istilik sistemi elədir ki, fərdi qaydada kəsmək mümkün deyil, bir mənzildən digərinə keçir.

Bəzi vətəndaşlar fikirləşirlər ki, istilik haqqını ödəməsəm də qonşulara görə mənim istiliyimi kəsməyəcəklər.

Həmin abonentlərlə bağlı məlumatları toplayırıq və hüquq şöbəsi onları verir məhkəməyə. Onları qayda-qanuna, nizam-intizama dəvət edirik.

- Bu qışın sərt keçməməsi, qar yağmaması işinizi yüngülləşdirdimi, yoxsa yenə də ciddi problemlər oldu?

- İstilik mövsümü noyabrın 15-də başlayıb aprelin 15-də sona çatdı. Mövsümdə nəzərdə tutulan binalar, məktəb, uşaq bağçaları, səhiyyə müəssisələri hamısı normal istiliklə təmin olundu. Mövsüm ərzində elə bir ciddi problem olmadı. Binaların zirzəmisində axıntı səbəbindən və ya digər xırda səbəblərdən qısa kəsintiləri nəzərə almasaq, demək olar tam fasiləsiz bir mövsüm başa vuruldu, bütün qazanxanalar fasiləsiz iş rejimində çalışdı. Məsələn, elə bir yer olmadı ki, orada istiliyin verilməsində 1 sutka fasilə olsun.

Bəli, havalar mülayim keçdi, amma fərqi yoxdur, biz çalışırıq özümüzü ən sərt qış rejiminə hazırlayaq.

Düzdür, təzyiqin aşağı olması ilə bağlı müraciətlər daxil olurdu, onda isə zəng edib əlaqədar təşkilatlara məlumat verirdik, aradan qaldırırdılar.

- Yeni istilik mövsümündə qiymətlərin bahalaşması gözlənilirmi?

- İsti su tarifləri tənzimləmədən çıxarılıb. Əhalinin böyük hissəsi mərkəzləşdirilmiş qazanxanalar vasitəsi ilə isti su ilə təmin olunmur. İnhisar subyekti olmadığına görə Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə tənzimləmədən çıxarılıb, "Azəristiliktəchizat" ASC tərəfindən təyin olunur. İstilik tarifləri isə sırf Tarif Şurasının səlahiyyətində olan məsələdir. Tariflərimiz maya dəyərindən bir neçə dəfə aşağıdır. Əhalinin sosial vəziyyətini nəzərə almaqla Tarif Şurası bu barədə özü qərar qəbul edir. Biz sadəcə olaraq rüblük və illik hesabatlarımızı təqdim edirik. Həmin hesabatlarda "Azəristiliktəchizat"ın istehsal etdiyi enerjinin maya dəyəri də, 1 kvadratmetrin qızdırılmasına sərf olunan xərc də, taariflər də göz qabağındadır.

- Mövsüm başa çatandan sonra vətəndaşlar istilik sistemində qalan suyu boşaltmalıdırlarmı?

- Əvvəla onu qeyd edim ki, ümumilikdə götürdükdə əgər mənzilin istilik təchizatında hansısa bir problem olubsa, qızdırıcının bəzi seksiyaları qızıb, digər seksiyalar qızamayıbsa və yaxud başqa bir problem olubsa, qızdırıcının hansısa hissəsinin tutulduğunu hiss etmisinizsə, arzu olunar ki, növbəti payız-qış mövsümünə qədər açıb yudurasınız və təmizlətdirib yerinə qoyasınız. Bundan başqa, mənzildən qalxan dik dayaqlar əgər köhnə polad borudandırsa, onların keçiricilik qabiliyyəti demək olar çox aşağıdır, yaxşı olardı onları dəyişib plastik boru ilə əvəz edəsiniz. Amma bu iş bir mənzildə yox, bütün binada görülsə yaxşı olar. İstilik sistemi köhnə polad borudandırsa, 1-ci mərtəbədən sonuncu mərtəbəyədək qonşular bir araya gəlib onu plastik boru ilə əvəz etsələr, daha məsləhətli olar.

- Köhnə polad borular istiliyi zəif verirmi?

- Bəli, həmin polad borular uzun illər istifadə edildikləri üçün ərp bağlayıblar və keçiricikləri çox cüzi səviyyəyə çatıb. Qazanxanadan normal temperaturda istilik verirsən, ancaq baxırsan ki, binanın blokunun bir tərəfində vətəndaşlar mənzil daxili xətləri dəyişiblər deyə onlarda temperatur əladır, amma digərlərində zəif.

Əgər qışda belə bir problem olubsa, arzuolunandır ki, onları dəyişəsiniz.

Amma istilik sistemi yeni çəkilibsə, plastik borularla yeni radiatorlar quraşdırılıbsa, onu hər il yeniləməyə ehtiyac yoxdur. Çünki "Azəristiliktəchizat" ASC sistemə yumşaldılmış su vurur. Bir daha deyirəm - köhnədən uzun müddət istifadə olunan qızdırıcı cihazlar arzuolunandır ki, yuyulub, təmizlənib yerinə qoyulsun.

- "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcunun olması ilə bağlı bir müddət öncə mətbuatda xəbər yayılmışdı. Bu məsələnin aqibəti necə oldu?

- "Azəriqaz"la borc məsələsi demək olar ki, həll edildi. Hər ikisi dövlət təşkilatıdır, hökumət səviyyəsində baxıldı, borcların bir hissəsi qapandı, qalan məsələlər növbəti mərhələdə öz həllini tapacaq. Borc məsələsinə görə, vətəndaşlarımız əziyyət çəkmədilər və güman edirik ki, bundan sonra da çəkməyəcəklər. Çünki bu sırf hökumətə aid olan məsələdir.

- Rafiq müəllim, çoxlarında belə bir sual var - aprelin 15-də istilik mövsümü başa çatandan sonra "Azəristiliktəchizat"ın işçiləri noyabrın 15-dək nə iş görürlər?

- Mən sizə bir söz deyim - əslində "Azəristiliktəchizat"ın işi mövsüm qurtarandan sonra başlayır. Mövsüm vaxtı qazanxanaları yandırırıq, orada əməliyyatçılar işləyir, qazanxana özü rejimlə işləyir, haçansa problem yarananda qəza-təmir xidməti, elektrik təsərrüfatı xidməti və digərləri işə qoşulurlar. Qalan vaxtı bizdə sistem yanır və ona nəzarətlə məşğuluq. Amma bizim əsas işimiz istilik mövsümü qurtarandan sonra başlayır.

Mövsüm qurtaran kimi bütün xətlərə hidravlik təzyiq verilib yoxlanılır, növbəti payız-qış mövsümündə problem yarada biləcək hissələr müəyyənləşdirilir, tədbirlər planı hazırlanır, həmin borular dəyişdirilir, magistral, məhəllə xətləri dəyişdirilib yenisi ilə əvəz olunur. Qazanxanaların hamısında kompleks payız-qış mövsümünə hazırlıq işləri başlanılır. Bütün qazanlar mexaniki-kimyəvi üsullarla təmizlənir. Mövsüm ərzində işləmiş elektrik xətlərinin, nasosların hamısında sazlama işləri həyata keçirilir. Nəzarət-ölçü cihazları yoxlanılır, sınaqdan keçirilir, problemlər dəyişdirilir, digərləri yerinə qoyulur. İstilik mübadilə aparatları yuyulub təmizlənir. Bunları etməyəndə növbəti mövsümdə ciddi problemlər yaranır. Binaların aşağı paylayıcı istilik xətlərində mövsümqabağı təftiş aparılır ki, su axıntıları olmasın, çünki sistemə yumşaldılmış su vurulur, həmin su adi deyil, kimyəvi prosesdən keçir. "Azəristiliyin" balansında hazırda 150 kilometrə yaxın qaz xətləri var, onlar təkrar yoxlanılır, təftiş edilir. Yəni nə qədər desəniz iş var. Əslində bizim işimiz aprelin 15-dən noyabrın 15-ə kimidir. Mövsüm vaxtı demək olar istirahət edirik, qazanxananı yandırıb gözləyirik. Əgər qış mövsümünə yaxşı hazırlıq gedibsə, heç problem də çıxmır, hamı ancaq nəzarət funksiyasını yerinə yetirir...

Nicat

Oxundu 359