ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

ANALİZ

Ərdoğan prezident və parlament seçkilərinin tarixini niyə dəyişir? - ANALİZ

18.04.2018 20:19

"Türkiyə 2 ay sonra – iyunun 24-də erkən prezident və parlament seçkilərinə gedir. “Yanğından mal qaçırmaq” kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çox uzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz “yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır". Yeniavaz.com xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli qeyd edib. Politoloqun bildirir ki, Türkiyədə inflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır: "Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var.

Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ərzində ödənməlidir. Xarici ticarət kəsiri rekord həddə çatıb və bunun da maliyyələşdirilməsi üçün vəsait tələb olunur. Yeni borclanma olmadan köhnə borcları ödəmək və büdcə kəsirini yamamaq imkansız görünür. Türkiyənin toplam qızıl-valyuta ehtiyatı hazırda 108 milyard dollardır və azalmağa davam edir, bunun 83 milyardı valyutadır, həmin vəsaitin nəğd qismi isə təxminən 30 milyard dollardır. İndi hökumət dövlətin əlində qalmış müəssisələri özəlləşdirmək yolu ilə qaynaq yaratmağa çalışır, lakin bunun çözüm olmadığı hamıya aydındır. (Yeri gəlmişkən, AKP hökuməti indiyədək Türkiyədə ən çox özəlləşdirmə həyata keçirən hökumətdir)."

Şahin Cəfərli daha sonra qeyd edir ki, açıq görünür ki, böhran dərinləşərək davam edəcək: "İqtidarın müttəfiqi olan Bahçeli dünən açıq söylədi ki, Türkiyənin seçkilərin normal vaxtına – 2019-cu ilin noyabrına qədər davam gətirməsi mümkün deyil. Ona görə də, Ərdoğana sərf edirdi ki, vəziyyət daha da pisləşmədən, ən qısa müddətdə seçki keçirib, daha 5 il müddətinə iqtidarını qorusun. Seçkiyə qədər yəqin ki, əldə olan qaynaqlardan maksimum istifadə olunaraq vəziyyətin ağırlaşmasının qarşısı alınacaq, sosial-iqtisadi sabitlik görüntüsü yaradılacaq və seçkilərin nisbətən əlverişli durumda gerçəkləşməsi təmin olunacaq.

İkinci səbəb prezident və parlament seçkilərinin 31 mart 2019-cu il bələdiyyə seçkilərindən sonra keçirilməsinin iqtidar üçün daşıdığı risklərlə bağlıdır. Bələdiyyə seçkilərinə AKP ilə MHP ayrı-ayrılıqda gedəcək, yəni rəqib olacaqlar. Bu isə yerlərdə iki partiyanın namizədləri, fəalları arasında gərginlik yaradacaq. (Artıq indidən belə bir gərginlik müşahidə olunur, məsələn, MHP-nin əlində olan Manisada.) Prezident və parlament seçkiləri öncəsində ittifaqda çat, sosial bazada narazılıq, demotivasiya yarada biləcək belə bir rəqabət arzuolunan deyil. Digər tərəfdən, bələdiyyə seçkilərində hakim partiyanın Ankara və İstanbulu itirməsi ehtimalı var, indi bu 2 meqapolisdə (xüsusən paytaxtda) müxalifətin şansı kifayət qədər yüksək görünür. Prezident-parlament seçkiləri öncəsi paytaxtın və ən böyük şəhərin itirilməsi iqtidara sarsıdıcı zərbə olar, nəticədə mənəvi-psixoloji üstünlük tamamilə müxalifətin əlinə keçər.

Üçüncü səbəb İyi Parti amili ilə bağlıdır. MHP əriməyə davam edir və aydındır ki, 2019-cu ilin noyabrına qədər bu partiya indikindən yaxşı durumda olmayacaq. AKP ilə ittifaqa girdiyi üçün 10 faizlik minimum həddin altında qalsa belə, MHP üçün parlamentə düşmək problemi yoxdur, lakin ittifaqda olan partiyaların adları bülletendə ayrı yazılacaq və əgər MHP 7%-dən az səs alarsa, dövlət yardımından məhrum olacaq. Partiyanın siyasi gələcəyi baxımından əsas problem isə budur ki, MHP-nin 5-6% səs alması bu partiyanın olan-qalan nüfuzuna da ciddi zərbə vuracaq, onu heç öz müttəfiqi də ciddi qəbul etməyəcək.

İyi Partinin seçkiyə qatılmaqla bağlı probleminə gəldikdə isə, özlərinin dediyinə görə, ilk qurultay 10 dekabr 2017-ci ildə keçirildiyi üçün belə bir problem yoxdur. Qanunun tələb etdiyi 6 aylıq müddət iyunun 24-nə qədər tamamlanmış olur. Hətta partiya seçkiyə buraxılmasa belə, bu qadağanı aşmaq üçün imkanlar var. Başqa partiyanın tərkibində (məsələn, Səadət və ya Demokrat partiyaları) seçkiyə qatılmaq mümkündür. (Böyük ehtimalla bu 3 partiya ittifaq yaradacaq və güclü sağ alternativ kimi AKP-MHP ittifaqının qarşısına çıxacaq.) Digər imkan isə parlamentdə 20 millət vəkilindən ibarət qrup qurmaqdır. Qanuna görə, parlamentdə qrupu olan partiyalar seçkiyə qatılmaq haqqı əldə edir. Hazırda İyi Partinin 5 deputatı var, CHP ilə razılığa gəlsələr və CHP-dən 15 millət vəkili İyi Partiyə keçsə, problem həllini tapmış olur.

Prezident seçkiləri ilə bağlı isə problem yoxdur. Meral Akşener 100 min seçici imzası ilə namizəd olacağını açıqladı.

Bu arada, Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı, yəni ölkə üçün taleyüklü olan iki böyük seçki FV rejimi şəraitində keçiriləcək..."

Oxundu 800