İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

Müdafiə Nazirliyindən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı - AÇIQLAMA

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

ANALİZ

Günahkar qaliblər, qayğısız məğlublar...

03.04.2018 17:24

Gülnar Əhməd

Dostunu tanı! Uşaqlıqdan bizə verilən, sonra da bizim başqalarına verdiyimiz öyüd. "Dost"u o dərəcədə tanımağa meyilliyik ki, ətrafımızda etibar eləməyə adam tapmırıq. Fəqət biz düşmənə də belə ehtiyatlı yanaşmırıq, "düşməndən uzaq dur"maq bizə yetir. Uzaqsansa, deməli sənə zərər vurmağa əli çatmayacaq. Fərd necədirsə, təbii qanunauyğunluqla xalq da elədir.

Məsələn, erməni sözü bizim beynimizdə üfunət iyi verən, bütün pislikləri bacaran xəyali çökəklikdir. 30 ildi bu millətin vəhşiliyini, bizi çapıb taladığını, qırdığını, yurdumuzdan elədiyini geninə-boluna danışırıq... Havadarı var, böyük qardaşı var, xristiyandır kimilərini də gəlirik bu "çökəyin" üstünə. Düzdü, bu belədi, mən razı. Uşaqlığını sərhəd bölgəsində yaşamış biri kimi, bu məsələdə Qarabağ müharibəsini televiziyadan görənlərdən daha səmimiyəm.

Bu dəstək, bu yardım, bu havadarlıq necə gəlir bizim düşmənimizə? Söydüyümüz, karikaturalarda ən bayağı səviyyədə təsvir elədiyimiz, bayraqlarına toyda ayağımızı sildiyimiz bu adamlar necə olur ki, təkcə Livanda üç dəfə, Suriyada, Argentinada bir dəfə perzident kreslosunda əyləşə bilirlər? Misirin, Fransanın, İngiltərənin, Ukraynanın, Rusyanın baş naziri və nazirləri olurlar və olmaqda davam edirlər? Hələ Amerika filim sənayesinə toxunmuram...

Ağır suallardır. Uzun illər bu sualları əlimə alıb irdələyə bilməmişəm, cəsarətim çatmayıb. Hər kitabı açanda, internetdə nəsə oxuyanda, ya kimdənsə bu adamların uğurunu eşidəndə elə bil üzərimə dalğalı dəniz gəlir... Təsadüf olar, bu qədər?

Yaxınlarda Sovet Ermənistanının yazıçısı Vaxtanq Ananyanın uşaqlar üçün yazdığı "Sevan Sahillərində" kitabını oxudum. Yəni Göyçə gölü sahillərində.

Kitab "xalqlar dostluğu" dövründə yazılıb (Azərbaycanca nəşri 1951-ci ilə aiddir). Buna görə yazıçı "hər halda bizimkilərlə münasibətlərinə az da olsa toxunar" düşüncəsi ilə bilərəkdən seçdim.

Kitabda bu insanların nə qədər dəqiq və sadiq şəkildə planları üzrə hərəkət etdiklərini adi epizodlardan, nəticələrini isə yaxın keçmişin xronologiyasından görməmək qeyri mümkündür: "Bir zamanlar bu böyük gölün yerində geniş çiçəkli vadi varmış və Zəngi çayı donub daşa dönmüş nəhənglərin yallısının qırıldığı yerdən axırmış". UNESKO nun mədəni irs siyahısına saldırdıqları "Yallı", "Köçəri" rəqsi;

"Belə deyirlər ki, bir zamanlar bizim dağlarda kürdlər yaşayırmış... Onlar müxtəlif qəbilələrdən ibarət olub bir-birinə düşmən münasibət bəsləyirmişlər..." - deyə, sözə başlayaraq, romanın qəhrəmanı kürdlər haqda bir hekayə ilə davam etdir. Hətta kürd dilində mahnı da oxuyur. Bu gün o torpaqlara bizdən çox kürdləri varis görənlərin tarixinin o qədər də yaxın olmadığı;

"Əbəs yerə deyildir ki, ərik erməni meyvəsidir". Əriyin erməni meyvəsi olması və bunun təmtəraqlı şəkildə Avroviziya mahnı müsabiqəsində nümayişi;

"Bizim üstümüzə basqın edənlər (səlcuqlar) o zaman ancaq tunc dövrünü keçirirmişlər, bizdə isə artıq inkişaf etmiş mədəniyyət vardı". Səlcuqilər gələndə artıq mədəni erməni xalqının mövcudluğuna iddia və dünyanı dərin mədəniyyətə sahib erməni xalqının varlığına inandırma;

"Bilirsiniz, qədim zamanlarda bizim ölkəmizdə, xüsusən, qədim Van şəhərində zərgərlik sənəti yayılmışdı". Van şəhərinə iddia;

"Türklər bizim Ermənistanı dəfələrlə qarət etmişlər". Türklərin erməniləri dəfələrlə qarət eləməsi və bugün formalaşdırdıqları məlum türk imici;

Onuncu əsirdə yaşamış erməni sərkərdəsi Georq Marzpetuninin "vətənimin həyatına and içirəm ki, düşmənləri son nəfərinə kimi doğma ölkəmizdən qovmamış öz ailəmin ağuşuna qayıtmayacam, öz evimə girməyəcəm" fikrini qərəmanlarının dilindən xatırlatmaqla düşmənləri ölkələrindən son nəfərinə qədər qovma andı və Qərbi Azərbaycan türklərini öz doğma torpaqlarından qovamağa nail olmaq;

"Dəli dağ"ın o tərəfi... "Dəli dağ" orda da bizdəki kimi quruca daşlıqdırmı?" "Dəli dağ"ın o tərəfi kitab yazılanda da Azərbaycan SSR-nin ərazisi idi. Lakin kitabda dəfələrlə “Dəli dağ"ın o tərəfi” ifadəsi işlədilsə də Azərbaycan adı çəkilmir. Gələcək üçün ehtiyatlı davranılır;

“Bizim ölkəmizin keçmiş sakinləri olan urartular və ya xaldlar..." Bu gün özlərini Urartu dövlətinin varisi elan edirlər...

Kitabda bir neçə yerdə "Azərbaycan" sözünə rast gəldim. Ona da tək yox, "köçəriləri" kəliməsi ilə yanaşı. Romanın qəhrəmanlarından olan baba, gəncliyində Azərbayan köçərilərinin ona quzu yolladığını, onun da Azərbaycan köçərilərinə ovladığı maral ətindən kabab qonaqlığı verdiyini deyir. Romanda hadisələr Zəngəzur mahalının Meğri rayonunun Liçk kəndində baş verir. Minlərlə Azərbaycan türkünün yaşadığı bu rayondan bəhs edən əsərdə, xalqlar dostluğunun ən "əziz illərində" bu yazıçı bu dostluğa kabab qonaqlığından başqa heç bir yerdə işarə vurmur, ümumiyyətlə orada belə bir insanların varlığına tək bir kəlmə ilə də toxunmur, yalnız Azərbaycan köçəriləri sözü işlətməklə bu adamların buralarda müvəqqəti olduğu ismarıcını verir.

"Lap bu yaxınlarda Zar kəndinin yaxınlığında köhnə bir kanalın mənbəyinin yanında bir sal daş tapmışıq. Onun üstündəki yazı nisbətən yaxın zamanlarda – on doqquzuncu əsirdə yazılmışdır... Ağamalov ağanın suyu ilə öz tarlalarını suvarmağa cəsarət edən adamın nəsli yer üzündən kəsilib yox ediləcəkdir..." Məlumdu ki, Zar kəndi Ellər rayonun Qırxbulaq kəndidir və “yezid” Ağamalov ağa da Qərbi Azərbaycan türküdür. Köhnə rejimi tənqid eləmək senzuranın tələbi idi. Yazıçı Ağamalovu, Ağamyan da yaza bilərdi... Amma burada qaniçən obrazını bir erməniyə yox bir türkə biçir.

Görün bu adi uşaqlar üçün yazılmış kitabda həm də Stalin dövründə yazılmış kitabda öz gələcək planlarını nə qədər dəqiq, ardıcıl ötürürlər gələcək nəsillərə və tədqiqatçılara...

Ya da gəlin baxaq Erməni əsilli Amerika yazıçısı Vilyam Saqaroyana. Ananyandan tamamilə başqa mühitdə doğulub fərqli mühitdə formalaşmış başqa bir erməni yazıçısına. Saroyan Türkiyənin Bitlis elində doğulur və sonra qardaşları ilə birlikdə Amerikaya köçür. 1935-ci ildə Türkiyəyə oradan da Sovet Ermənistanına keçir, 1978-ci ildə təkrar Ermənistana gəlir. Və vəsiyyəti üzrə öləndən sonra külünün bir hissəsini Ermənistanda dəfn edirlər. Ermənistanda doğulmayan, bu torpaqla heç bir əlaqəsi olmayan adam necə və niyə bu qədər bağlı idi Ermənistana? Necə olur ki, 1935-ci ildə həyatını təhlükəyə ataraq SSRİ ərazisinə gəlməyi gözə ala bilir? Neçə olur ki, bu insanlar hər zaman hər yerdə külüngü bir yerə vurmağı bacarırlar?

Və biz niyə adicə Türkiyədə yaxın 25 ilin faciələrinə canlı şahid olan insanları bu faciələrin təbliğinə cəlb edə bilmirik? Keçən əsrdən Türkiyəyə köçən tanınmış nəsillərin nümayəndlərinin əksər törəmələrini nə üçün heç bir xatirə törənində görə bilmirik?

Düşmənin qələbəsində düşmənin səhvini axtarmaq yox, öz məğlubiyyətimizdə öz səhvlərimizi axtarmalıyıq. Köhnə söz olsa da xatırladım ki, qaliblər mühakimə olunmur. Tarixin qoxuyan yerini basdırıb, iltihab yayan çürüntünü gələcək nəsilə saxlamaq yox, açıb iltihabı "müalicə eləmək" lazımdır.

Cəzanın iki funksiyası var: biri xüsusi, o biri ümumi. Ümumi cəza o demkdir ki, cinayətkarın cəzalandığını görənlər qorxub cinayət törətməkdən çəkinəcək. Bizdə bu mexanizm işləmir, ona görə Ananyanları, Saroyanları, Avakyanları, Kələntəryanları asıb-kəsməklə yox, əvvəl öz keçmişimizin çürüyən yerini təmizləməklə, sonra da planlı, təşkilatlı, ardıcıl fəaliyyətlə məşğul olmalıyıq.

Biri var öz dövlətinə ölkənə xəyanət edəsən, biri də var qonşu ölkəyə ya da himayədar ölkəyə... xəyanət hər bir halda qeyri etikdir... amma öz ölkəsinə edən xain, başqa ölkəyə edən ya mücahid, ya qəhrəman, ya da siyasətçi adlanır.

Oxundu 1225