Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Korrupsiya səviyyəsi: Gürcüstan 46-cı, Ermənistan 107-ci, Azərbaycan 122-ci sırada

22.02.2018 13:44

Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") tərəfindən 2017-ci il üçün açıqlanan "Korrupsiya Qavrama İndeksi -2017" adlı hesabatda qeyd olunur ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 180 ölkə arasında 122-ci sırada yer alıb. Yeniavaz.com Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi olan Şəffaflıq Azərbaycan Təşkilatına istinadən bildirir ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Təşkilatdan bildirilib ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir: "2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu, 2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü yeri tutub. Azərbaycanın builki hesabatda mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2017-ci il hesabatının hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirib. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.

Regionda korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkə Gürcüstan hesab olunur

Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 46-cı sırada qərarlaşıb. Türkiyə bu hesabatda Gürcüstanda 38 pillə geridədir - 84-cü yer. Digər MDB və region ölkələri isə korrupsiya səviyyəsinə görə belə sıralanıblar: Belarus 68-ci yer, Ermənistan 107-ci yer, Qazaxıstan 124-cü yer, Moldova 128-ci yer, İran isə 131-ci yer, Ukrayna 134-cü yer, Qırğızıstan 137-ci yer, Rusiya 142-ci yer, Özbəkistan 159-cu yer, Tacikistan 164-cü yer, Türkmənistan 168-ci yer.

Dünyanın ən korrupsiyaner ölkəsi Somalidir

Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Yeni Zelandiya və Danimarka hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğuna Yeni Zelandiya, Danimarka, Finlandiya, Norveç, İsveçrə, Sinqapur, İsveç, Kanada, Lüksemburq, Hollandiya daxildir.

Ən pis vəziyyət isə Somali, Cənubi Sudan, Suriya, Əfqanıstan, Yəmən, Sudan, Liviya, Şimali Koreya, Qvineya Bisau, Ekvatorial Qvineya və Venesuelada qeydə alınıb.

Oxundu 701