ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

HƏMSÖHBƏT

Əhalinin kredit borcları silinəcəkmi? - Vacib açıqlama

20.02.2018 18:25

Xəbər verdiyimiz kimi, yeni qanun layihəsinə əsasən, Azərbaycanda son 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam silinməsi nəzərdə tutulur. Bu məsələ bir neçə ildir ümidlə gözlənilən kredit borclarının silinməsi mövzusunu bir daha gündəmə gətirib. Söhbət dollar krediti olanların devalvasiyadan sonra üzləşdikləri ağır vəziyyətdən və onlara güzəşt edilməsindən gedir. Artıq bəzi saytlar bu mövzuda "Gözlər Prezident İlham Əliyevdə" başlıqlı xəbərlər yayaraq mövzunu araşdırmağa başlayıblar.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Yeniavaz.com saytının suallarını cavablandırıb.

- Rəşad bəy, gözləntilər, ümidlər var ki, dollar krediti olanlara güzəştlər ediləcək, borclarının müəyyən hissəsi silinəcək. Praktik olaraq bu mümkündürmü, icrası hansı formada reallaşdırıla bilər?

- Dollar kreditlərinin dövlət vəsaiti hesabına müəyyən bir qisminin kompensasiya edilməsi 2 ildir davamlı olaraq müzakirə olunur. Hətta bununla bağlı ilk dövrlərdə - 2015-ci ilin əvvəllərində müəyyən dövlət qurumları Mərkəzi Bank səviyyəsində müxtəlif fikir bildirsələr də, mexanizmlərin həyata keçirilməsi ilə bağlı mesajlar versələr də, sonradan bu istiqamətdə hər hansı addım atılmadı.

Hesab edirəm ki, prosesin 3 il gecikməsi bu sahədə qərar qəbul etməni daha da çətinləşdirib. Çünki nəzərə alsaq ki, 2015-ci illə müqayisədə 2018-ci ilin əvvəlinə bankların problemli aktivləri 2,5 dəfə artıb, belə bir halda güzəştlərin verilməsini daha xərcli hesab etmək olar.

2015-ci ildə maliyyə vəziyyəti daha yaxşı olan hökumət bu qərarı vermədi, 2018-ci ildə bu qədər itkilərdən sonra qərarın qəbul ediləcəyi ilə bağlı hər hansı bir fikir söyləmək çox çətindir.

- Ümumiyyətlə, bu mövzuda müzakirə aparılması barədə bir iqtisadçı olaraq sizdə hər hansı məlumat varmı?

- Qeyri-rəsmi müəyyən məlumatlar alırıq. Məsələn, məlumat alırıq ki, müxtəlif beynəlxalq maliyyə institutları ilə hökumət arasında müzakirələr aparılır. Bu müzakirələrdə mövzu problemli kreditlərə güzəştin tətbiq edilməsi məsələsi və onun ümumi kompensasiyası məqsədi ilə hökumətin müəyyən qədər borc götürməsi məsələsidir. Bununla bağlı qeyri-rəsmi məlumatlar alırıq və ümid edirik ki, doğru olar - kreditlər üçün güzəştin tətbiq edilməsi istiqamətində qərar qəbul edilər. Praktiki cəhətdən bu mümkündür.

- Devalvasiyanın ilk illərində əsas tələblər banklara idi. Yəni dollar krediti olanlar banklardan tələb edirdilər ki, onlara güzəşt etsinlər.

- Əvvəlki dövrlərdə aidiyyəti qurumlar da bu istiqamətdə güzəştin verilməsini banklara yönəldirdilər, banklar tərəfindən güzəşt edilməsi ilə bağlı ictimai fikir formalaşdırılmasına çalışılırdı. Təbii ki, banklar da bu kimi hallarda həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində müəyyən güzəştlərin edilməsi haqqında qərarlar qəbul edirlər. Amma hazırda bu demək olar mümkünsüz görünür - çünki bu gün Azərbaycanın bank sektoru kifayət qədər zəif vəziyyətdədir. Belə bir halda onların borcları silməsi, borcların müəyyən bir hissəsini ləğv etməsi və s. addımlar son nəticədə bankların kapital adekvatlığını, onların aktivlərinin keyfiyyətini, həcmini ciddi səviyyədə sarsıdar. Banklar belə bir vəziyyətdə fəaliyyət göstərəcək durumda deyillər.

- Bəs əhalinin kredit borclarının dövlət vəsaiti hesabına silinməsi bankların işinə necə təsir göstərmiş olar?

- Kompensasiya məbləği dövlət vəsaiti hesabına əvəzlənməlidir, bu mümkündür. Əgər bu baş verərsə - ümid edirəm bu istiqamətdə sonda qərar qəbul edilər - ilk növbədə bank sektorunda aktivlərin sağlamlaşdırılması istiqamətində ən mühüm addım atılmış olar. Çünki proses günbəgün dərinləşir, bankların hər 100 manatından 17 manatı problemlidir. Bu göstərici rəsmi rəqəmdir, amma qeyri-rəsmi rəqəmlərə görə, vəziyyət daha ağırdır - bankların hər 100 manatından 35-40 manatı problemli aktivlər hesab oluna bilər. Belə bir vəziyyətdə bank kapitalının, aktivlərinin sağlamlaşdırılmasına müsbət təsir göstərəcəkdir.

- Bəs borclar silinərsə, vətəndaşın borc yükü azalarsa, bunun ümumi müsbət tendensiyaları nələr ola bilər?

- Vətəndaşların üzərində yaranmış borc yükü müəyyən qədər azalacaq, bu da onun aktivliyini, təşəbbüskarlığını daha da artırmaqla öz həyat tərzini bərpa etməyə və yenidən yoluna qoymaq istiqamətində qərarlar qəbul etməyə cəhd göstərməsini stimullaşdıracaq. Düşünürəm ki, belə bir qərarın qəbul edilməsi əslində Azərbaycanda qanunvericiliyin tələblərindən biridir.

- Dollar krediti olanlara güzəştin edilməsi həm də qanunun tələbidir?

- Bəli. Dövlət qurumlarının, yerli idarəetmə strukturlarının qəbul etdiyi qərarlar nəticəsində vətəndaşa və ya iqtisadi subyektə dəyən zərər yerli qanunvericiliyə görə, dövlət vəsaiti hesabına kompensasiya olunmalıdır.

Bu məqamı nəzərə almalıyıq. Faktiki olaraq xüsusilə valyutada olan kreditlər üzrə borc yükünün kəskin artmasının səbəbi dövlət strukturu sayılan Mərkəzi Bankın qəbul etdiyi devalvasiya qərarları olub. Əgər Mərkəzi Bankın qəbul etdiyi devalvasiya qərarı vətəndaşın biznesinin borc yükünü artırırsa, o zaman kompensasiya edilməsi öhdəliyi dövlətin üzərinə düşür. Düşünürəm ki, bu hüququn aliliyinin təmin edilməsi baxımından da əhəmiyyətli presedentə çevrilə bilər.

- Rəşad bəy, başqa ölkələrdə belə bir güzəştin edilməsi təcrübəsi varmı? Söhbət bizə yaxın hesab edilən dövlətlərdən gedir.

- Ukraynada belə bir güzəşt 2015-ci ilin yanvarında banklar arasında razılıq əsasında qəbul edildi. Orada 2014-cü ilin yanvarın 1-nə qədər qeydiyyata alınmış kreditlərin həmin dövrə olan məzənnə ilə qəbul edilməsi qərarı verilib.

Rusiyada ipoteka kreditlərinə güzəştin tətbiq edilməsi qərarı verilib.

Polşada ipoteka kreditləri ilə kiçik və orta sahibkarlıq üçün verilmiş kreditlərə güzəştin tətbiq edilməsi ilə bağlı qərarlar verildi. Türkiyədə dəfələrlə bənzər amnistiyalar elan edilib. Xüsusilə kredit kartları üzrə yaranmış borclarla bağlı.

- Borcların silinməsinin əleyhinə olan dövlət qurumları da var - məsələn, Maliyyə Nazirliyi. Nazirliyin əsaslandırması ilə razılaşırsınızmı?

- Maliyyə Nazirliyi iddia edir ki, borcların bağışlanması gələcəkdə maliyyə intizamsızlığına gətirib çıxaracaq. Nazirlik bildirir ki, insanlar məsuliyyətsiz şəkildə borclanmaqla, nə vaxtsa dövlətin bu istiqamətdə güzəşt edəcəyini düşünəcək və maliyyə intizamını pozacaq - fikrimcə, bu cür yanaşma doğru deyil.

Onların sual edirlər ki, vətəndaşlar nə üçün borcu götürərkən bunu düşünmürdülər? Bu da doğru deyil. Əgər proqnozlaşdırmaq bu qədər asan olsaydı, 2014-cü ildə büdcə proqnozlaşdırması zamanı Maliyyə Nazirliyinin ortaya qoyduğu sənətdə 2015-ci ildə neftin qiyməti 90 dollardan götürülməzdi. Hesablamalar aparılan zaman neftin bir barelinin qiyməti 55 dollar idi.

Yaxud hökumət 2040-cı ildə post-neft dövrünə daxil olacağını proqnozlaşdırdığı halda 2015-də daxil olmaq məcburiyyətində qaldı. Yəni bunları dövlətlər, hökumətlər proqnozlaşdıra bilmədiyi halda vətəndaşların proqnozlaşdırması qeyri-mümkündür.

Maliyyə intizamının pozulması iddialarına gəlincə, bu intizamın pozulduğu kifayət qədər ciddi məqamlar vardır. İctimai vəsaitlərin xərclənməsi, onun üzərində nəzarət mexanizmlərinin zəif olması, vəsaitlərin təyinatı üzrə xərclənməməsi, bəzi hallarda səmərəsiz istifadə olunması və s. daha vacib məsələlər var. Bu məqamlara diqqəti artırmaq lazımdır. Düşünürəm ki, hər hansı bir şərtlər daxilində güzəşt mexanizmi tətbiq edilərsə, xüsusilə bank sektorunda maliyyə intizamının pozulmasına gətirib çıxarmaz. Azərbaycanda da güzəşt mexanizminin tətbiq edilməsinə ehtiyac var.

- Borcların silinməsi üçün təqribən nə qədər vəsaitin ayrılmasına ehtiyac var?

- Ən pis halda 1,5 milyard kifayət edər ki, bu borclar kompensasiya edilsin, problemlər tamamilə aradan qalxsın.

Nicat

Oxundu 4547