Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Agentlikdən qarpızla bağlı XƏBƏRDARLIQ

Bazar ertəsi, 25 iyun 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Azərbaycana gəlmiş əcnəbi qaçqınların problemləri - 70 nəfərə vəsiqə verilib

17.02.2018 12:22

Miqrantlarla bağlı danışarkən onların daha çox qanusuz işlədilməsi problemləri gündəmə gəlir. Azərbaycanda da bu cür hallara rast gəlinsə belə, miqrantların hüquqlarının pozulmasının qarşısının alınması üçün şirkətlərlə danışıqlar aparılır. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov məsələ ətrafında geniş danışıb və deyib ki, miqrant mövzusu bu gün aktual mövzudur.

100 minlərlə miqrantın yanında 100 nəfər qaçqın böyük rəqəm deyil

“Ölkəyə gələn miqrantların sayı ilbəil artır. Bununla yanaşı, Azərbaycana gəlib sığınacaq axtaran şəxslərin də sayı kifayət qədərdir. Amma 100 minlərlə miqrant olan yerdə 100 nəfər qaçqın, ya da, sığınacaq axtaran şəxsin sayı o qədər də çox görünmür. Bununla bağlı müəyyən işlər həyata keçiririk. Borcumuzdur ki, zaman-zaman ictimaiyyəti məlumatlandıraq. 2016-cı ildə Azərbaycanda müvəqqəti əsaslarla yaşamaq üçün 672 min miqrant müraciət edib. 2017-ci ildə isə müraciət edən miqrantların sayı 794 mindən çox olub. Bu, təxminən 18 faizlik artım deməkdir.

Həmçinin, Azərbaycanda qeyri-qanuni miqrantların sayında isə azalma müşahidə olunur. Əgər 2016-cı ildə ölkə ərazisində 26 min qeyri-qanuni yaşayan miqrant müəyyən edilmişdisə, 2017-ci ildə bu say 21 minə qədər azalıb. Bu, müvafiq qurumların qeyri qanuni məskunlaşma ilə mübarizə sahəsində apardığı işlərin nəticəsi kimi qiymətləndirilə bilər".


“Onların sayı 70-ə yaxındır”


Şura sədrinin sözlərinə görə, Azərbaycan hökumətinin tanıdığı qaçqınların sayı bəllidir. “Qaçqın və məcburi köçkün dedikdə İrandan, Əfqanıstandan, Pakistandan olan qaçqınları və sığınacaq axtaran şəxsləri nəzərdə tuturuq. Eyni zamanda, onlar da bir neçə qrupa bölünür. Sığınacaq axtaran şəxslərin işləri ilə bilavasitə ABŞ-ın Qaçqınlar üzrə Ali Komissarlığı məşğul olur. Onların gündəlik problemlərinin həll edilməsi, zəruri dəstək göstərilməsi, tibbi müayinələr və təhsil məsələlərini həll edirlər. Digər bir qism isə Azərbaycan hökumətinin tanıdığı qaçqınlardır. Bunların sayı 70-ə yaxındır.

2017-ci ilin dekabrına qədər Azərbaycanda 68 nəfər, əsasən də İrandan olan şəxslər qaçqın kimi Azərbaycan hökuməti tərəfindən tanınıb. Müvafiq qaydada qaçqın vəsiqəsi ilə təmin olunub.

Bəzən deyirlər ki, qaçqınlar maddi problemlərlə üzləşirlər, əziyyət çəkirlər. Keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, onların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olurlar. Yalnız müəyyən bir qismi məşğul olmur ki, buna da səbəb öz peşələrinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq istəmələridir. Bu baxımdan da imkanları məhduddur”.


“Martın 1-dən kurslar fəaliyyətə başlayacaq”


Azər Allahverənovun sözlərinə görə, 8 qaçqının nə işlə məşğul olmaq istəmələri barədə rəy alıblar. “Rəy aldığımız zaman bəlli oldu ki, onlar kiçik sahibkarlıqla məşğul olmaq, buna uyğun olaraq biznes planlarının tərtib olunması, banklardan kiçik kreditlərin götürülməsi və digər məsələlərlə məşğul olmaq istəyirlər. Hazırda təşkilatımız bunlarla bağlı xüsusi kursların təşkil olunması ilə məşğuldur. Martın 1-dən etibarən həmin kurslar 8 nəfər üçün fəaliyyətə başlayacaq. Məqsəd də odur ki, bu 8 nəfər kiçik sahibkarlıq, marketinq, biznes planlarının tərtib olunması və digər biznes idarəetmə kursunu keçsinlər. Bundan sonra isə banklarla danışıqlara başlaya bilərlər. Kiçik kreditlərin götürülməsi, kiçik biznesin qurulması zamanı öz fəaliyyətlərini qura biləcəklər. Bu, maraqlı istiqamətdir. Digər bir maraqlı istiqamət isə 4 nəfər qaçqın qadın üçün saç ustası kurslarının təşkil olunması ilə bağlıdır. Onlar saç ustası kimi fəaliyyət göstərmək istəyirlər. Müəyyən bacarıqları var. Sadəcə bu bacarıqları bir qədər inkişaf etdirmək, sertifikatla təmin etmək şərtilə kursu başa vurmaq istəyirlər. Bu zaman iş tapmaq da asan olacaq. Əfqanıstandan və Pakistandan olan bir neçə qaçqın var ki, Azərbaycan dilində zəif danışırlar. İnteqrasiya olunması üçün onların dil bilməsi vacib şərtdir. Ona görə də 4 qaçqın üçün Azərbaycan dili kurslarının təşkil edilməsinə çalışırıq. Artıq tədris planı var”.Modern.az

Oxundu 321