jurnalistin-qetline-gore-mancester-yunaytedi-kral-ailesine-satmadilar

Jurnalistin qətlinə görə "Mançester Yunayted"i kral ailəsinə satmadılar

kupcasi-olmayan-evlerle-bagli-nazirlikden-aciqlama

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

HƏMSÖHBƏT

Rasim Balayev: "Demədiyim sözə görə aləm qarışdı bir-birinə" - MÜSAHİBƏ

12.02.2018 17:59

Xalq artisti Rasim Balayev Yeniavaz.com saytının suallarını cavablandırıb.

- Şəkər, təzyiq, onurğa xəstəliklərindən əziyyət çəkirdiniz, indi vəziyyətiniz necədir?

- Burada xeyli vaxtdır müalicə olunurdum. Getmişdim Türkiyəyə, yeni qayıtmışam. Orada həkim dərmanlarımı dəyişdi. Ümumi vəziyyətim normaldır. Türkiyədə həkim 2 aylıq müalicə yazıb. Bu dərmanları qəbul etdikdən sonra yenidən qayıtmalıyam ora, görək nə deyirlər.

- Buradakı həkimin yazdığı müalicə effekt vermədi?

- Burada da mənə dərmanlar yazmışdılar, ancaq Türkiyəli həkim reseptə baxandan sonra dərmanları dəyişdi. Məşhur həkimdir, ona görə məni göndərdilər onun yanına.

- Dövlət xətti ilə göndərdilər, yoxsa dost-tanış?

- Dost-tanışlar deyim...

- Gündəlik nə işlə məşğul olursunuz?

- Bazara gedirəm, gündəlik işlərin ardınca gedirəm. Şükür Allaha, yataq xəstəsi deyiləm. Mənim yoldaşım da xəstədir. Klinikaya gedirik, fizioterapiyaya gedirik, qohum-əqraba ilə görüşürük. Bəzən darıxanda 1-2 günlük Ağsuya gedirəm, orada qalıram, qohum-əqraba ilə görüşürəm. Burada olanda qəzetləri də oxuyuram, televiziyaya baxıram. Belə deyim, adi həyat yaşayıram.

- Rasim müəllim, "sizin dərman almağa pulum yoxdur" deməyiniz gündəm olmuşdu. Həqiqətən, elə demişdiniz, yoxsa düz yazmamışdılar?

- Vallah, mən onu elə deməmişdim, onu şişirtmişdilər. Sadəcə demişdim ki, mənə işləmək lazımdır. Həkim də deyir ki, oturursan evdə, qapanırsan özünə. Evdən çıxmaq, gəzmək lazımdır. Mən həmişə kollektiv içərisində olmuşam, 40 il filmlərdə çəkilmişəm.

Birdən-birə qapalı həyat, evdə oturmaq çətindir. Belə həyat istənilən adamı depressiyaya salır. Oturursan, işsizlik və s. Mən dedim ki, yaxşı filmlər çəkilmir, indi çəkilən bir cür filmlərə dəvət edirlər, getmirəm. Çünki baxıb görürəm ki, ora getməkdənsə, getməmək daha yaxşıdır. Amma çəkilsəm yaxşı olar, maddi durumum yaxşılaşar. Pensiya alıram, əlavə maaş da alaram oradan. Bilirsiniz də axır vaxtlar hər şey bahalaşıb. Mən dedim ki, filmə çəkilsəm, mənim üçün bu mənada rahat olar. Belə-belə şeylər dedim, bu da götürüb yazmışdı ki, "Rasim Balayevin dərman almağa pulu yoxdur". Aləm qarışdı bir-birinə. Zeynəb Xanlarova da parlamentdə bu barədə danışdı...

- Onda belə çıxır ki, dolanışığınız pis deyil.

- Prezident təqaüdü alıram. Mən demişdim ki, iş olsa yaxşı olar, başım da qarışar. Başqa bir iddiam yoxdur. Mənim əlimdən nə gəlir - nə bizneslə məşğul ola bilirəm, nə başqa iş əlimdən gəlir. Əlimdən gəlir ki, kinoya çəkilim. O da çox təəssüf - mən gözləməzdim ki, Azərbaycanda kino sahəsindəki durum bu vəziyyətə gəlib çıxar. Neçə filmlər çəkilir, ancaq arxasınca gözüm qalan bir rol olmayıb.

- Seriallara çəkilmək təklifi almısınızmı?

- Seriallarımıza baxıram - dəhşət gündədir. Pis vəziyyətdədir, orada heç bir sənət yoxdur. Nə bilim, nəyə görə çəkiblər onları, niyə çəkirlər bu qədər... Mən 94-cü ildə Türkiyədə 2 filmə çəkilmişəm, o vaxt türk filmlərinə biz gülürdük, deyirdik çox zəifdir. İndi türk filmləri çox gözəl olub, yaxşı çəkirlər. Çünki rejissorları göndərdilər Almaniyada, Amerikada oxutdular, indi onlar gəlib yaxşı filmlər çəkirlər. Hazırda bizimkilər onları təqlid edirlər. Onların maneralarını bizimkilər götürüb çox pis şəkildə tətbiq eləyirlər. Təqlid orijinal deyil.

- Bəlkə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gedib orada dərs deyəsiniz?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən təklif gəlsə, getmərəm. Çünki orada seçim əvvəldən düz deyil. Mən bir neçə dəfə qəbul imtahanında iştirak eləmişəm. Biz müəyyən perspektivi olan adama qiymət vermişik, sonra eşitmişəm ki, testdən kəsilib. Sənət institutlarında qəbul tam başqa olmalıdır. Bunu həmişə deyirəm, nə olsun, söz olaraq qalır, mənim səlahiyyətim yoxdur. Azərbaycan Milli Konservatoriyasına, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna (indiki Bakı Musiqi Akademiyasına- N.İ), Bakı Xoreoqrafiya Akademiyasına qəbulda qabiliyyətə fikir verilməlidir, başqa şeyə yox. Adını çəkdiyim yerlərə qəbul fərqli olmalıdır. Ancaq indi seçim düz deyil. Bir də görürsən kimsə hüquq fakültəsini arzulayır, ancaq az bal yığır və gəlib düşür aktyorluğa. Sonra ona evdən deyirlər ki, "əşi, get-gəl görək başımıza nə gəlir, əsgərlikdən qalarsan, sonra görək nə olur, nə eləyirik". Belə olmaz, bizim vaxtımızda sənətdən yüksək qiymət alanları əsas götürürdülər.

- Yaxşı hazırlaşmayanları kəsmirdilər?

- Mən yaxşı hazırlaşmışdım, amma yaxşı hazırlaşmayıb sənətdən yüksək qiymət alanlara kömək edirdilər ki, bunun sənəti olacaq. "Tarixi, ədəbiyyatı fakültədə oxuyanda daha yaxşı öyrənər" deyirdilər. Onsuz da əgər bir insan səhnədə oynayacaqsa, istər-istəməz ədəbiyyatla məşğul olacaq. Əsas onun istedadıdır. Bax bu cür seçim olmayan yerdə mən gedib çalışa bilmərəm.

- Rasim müəllim, belə deyək, dünyanın "hər iki üzünü" görmüsünüz. Həm qaynar bir həyat, həm də indiki sakitlik mərhələsi. Həyat sizə nə öyrətdi, insanlar çoxmu dəyişib?

- Çox dəyişib. O gün evdə qəribə bir şeyin şahidi oldum. Mən Mərdəkanda yaşayıram, uşaqlarım gəlirlər bizə, həftədə 1 dəfə görüşürük. Görürəm ki, hərə bir tərəfdə telefonla məşğuldur. Deyirəm ki, yığışmışıq, gəlin bir söhbət edək, nə var, nə yox? O nəvəm orada telefonla, bu biri burada telefonla. Dediyim odur ki, bizim dövrümüzdə olan ünsiyyət bu gün yoxdur. Elə hər kəs özünə qapılıb. Texnika inkişaf elədikcə elə bil insanların səmimiyyəti azalır.

Mənim yadımdadır, qabaq uşaqlar balaca idilər, gələrdim, onları götürüb gedərdim dost gilə, qohum gilə, söhbət edərdik. İndi heç kəs heç kəsə getmir. İndi ad günü edirsən, çağırırsan, onda gəlirlər. Amma dur gedək filankəs gilə, görək nə var, nə yox, necədilər, bax, bu yoxdur artıq insanlar arasında.

- Darıxanda, sıxılanda bir vaxtlar çəkildiyiniz filmlərə təkrar baxırsınızmı?

- Televiziyada göstəriləndə baxıram. Videokassetləri də var məndə. Arabir darıxanda bir də görürsən baxıram, nostalji hislərlə o günlərimi, kadrarxası günlərimi xatırlamağa çalışıram. İndi hamı şəkili çəkdirir, qalır telefonda. Qabaq biz şəkil çəkdirirdik, o şəkili çıxartdırıb albom düzəldirdik. O vaxtlar mənim albomlarım çox idi, qohum-əqraba gəlib baxanda bəzi şəkilləri aparırdı. Arabir həmin şəkillərə baxıram.

- Ağsuya gedib-gələndən sonra rahatlaşma olurmu sizdə?

- Ağsuya gedəndə qohum-əqrabagildə oluram. Əvvəllər təbii məhsulları oradan alırdıq. Mən geyimi həmişə Türkiyədən alıram. Azərbaycanda ancaq bazara gedirəm. İldə 1 dəfə Türkiyəyə gedib orada da dincəlirəm müəyyən yerlərdə.

Kənddə olanda qohum-əqrabaya gedirəm, bir neçə gün qalıram, elə bil bir az yüngülləşirəm. Həkim də mənə deyir ki, imkan daxilində gözəl yerləri gəz, stress, depressiya vəziyyətindən çıxasan.

- Bəs sənət dostlarınızdan sizinlə əlaqə saxlayan, yaxud sizin əlaqə saxladığınız varmı?

- Rejissor Vaqif Əsədovla, Fuad Poladovla danışırıq. Fuad Poladov xəstədir, səsi çıxmır. İnstitut dostum var, indi Ucarda işləyir - Elmir Mirzəliyev, onunla danışırıq. Başqa sənətdən olan şəxslər var ki, ailəvi dost olmuşuq, onlarla söhbət eləyirəm. Sənət yoldaşlarımın əksəriyyəti rəhmətə gedib. Filmlərə baxıb onları yad edirəm, günlərimizi yada salıram.

Nicat

Oxundu 1564