Gəncləri kafeyə çağırıb, külli miqdarda hesab ödəməyə məcbur edənlər TUTULDU

Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq, soyğunçuluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 8-nə təyin edilib.

Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, adıçəkilən şəxslər sosial şəbəkələr vasitəsilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra 2016-cı ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva və E.Balakişiyevin barələrində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Məhkəmənin iclasında isə A.Musayevanın daha əvvəl prosesə gəlmədiyi əsas götürülərək barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Meybullayev 10 il 6 ay, R.Rəhimov 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, R.Xəlilov 14 il, A.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Musayevaya isə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

E.Balakişiyevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top