Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

ƏDƏBİYYAT

Doqquz İqlimin Adamları

27.12.2017 17:49

Yer kürəsinin 38 – 42-ci paralelləri arasında yerləşən ərazisində, sayı on milyona yaxınlaşan Doqquz İqlimin Adamları yaşayır. Bir əcnəbi, Doqquz İqlim altında yerləşən coğrafi "varidatı" hər hansı yazılı mənbədən öyrənmək istəsə, mən ona birbaşa Səməd Vurğunun Azərbaycan şeirinə baxmağı tövsiyə edərdim. Orada fəlsəfə filan axtarmayın, əla mənzərədi, baxın, zövq alın! Bircə Göyəzən dağının göylərə baş çəkdiyinə inanmayın. Şairin Qazax sevgisinə "verin", o misranı. Mən sizə elə bir Azərbaycan tablosu çəkə bilmərəm, amma buralara gəlib bir müddət qalmaq fikrinə düşsəniz, bilməli olduğunuz xırda məsələlərdən bəzilərini əsas cizgiləri ilə sizə göstərə bilərəm. Sonrasını özünüz anlayacaqsınız.

Kiçik tanışlığın ibtidai, lakin əsas məsələlərinə keçmədən Doqquz İqlim Torpağında görməli olduğunuz birinci iş, yolu-izi keçərkən oralarda gözünüzə yerin altına düşən hansısa bir dəlmədeşik görürsünüzsə, ora girmək olsun, hansı tərəfə çıxmğın heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, sağ çıxın. Bu Doqquz İqlim Torpağında sağ qalmağın birinci şərtidir. Ona görə ki, buranın sürücüləri piyadaları ilə qaydasız döyüşər. Xüsusilə yeniyetmə məmur uşaqlarının, maşın sürməyi şəhərdə və təlimçisiz öyrənmək hüquqları var. Daha məmur övladlarını da təlimçi öyrədəsi deyil ki, bu bizim, bütünlükdə xalqın adına qara ləkə olardı. Məmur övladları, ümumiyyətlə digər körpələrə nisbətdə anadan daha istedadlı doğuluarlar. İstənilən sahədə irəliləməkdə heç kimin balası onlarla yarışa bilməz. Maşın sürməyi öyrənməkləri də belədi də, hərəsi uzağı bir iki adam öldürür, ona da neyləyək, gülü sevən tikanına dayanmalıdır.

Gələk Doqquz İqlim Adamlarının dilinə. Çünki dil əsas ünsiyyət vasitəsidir. Əvvəla deyim ki, siz burada dil anlayışına iki prizmadan baxmalı olacaqsınız. Ona görə bir qədər hazırlıqlı olun. Birincisi, bu iqlimin "elita"ları öz dillərində danışmağı sevməzlər, adətən hansı dil dəbdədirsə o dildə danışarlar. Bunu siz sosial şəbələkərə qısa bir nəzər salmaqla da görə bilərsiniz. İngilis dilini "pre intermadiate" səviyyəsində bilənlər, sosial şəbəkələrdə statusları olmasa da, ən azı şərhləri ingiliscə yazarlar. Köhnə rusdillilər də hələki ingilisdillilərlə üstünlük uğrunda mübarizəni davam etdirməkdədirlər. Heç bir əcnəbi dili doğru dürüst bilməyənlərə gələndə, onlar da danışdıqları dilin türk dilinin bir varinatı olduğunu bilməsələr də, heç olmasa əziyyətsiz filansız türkcədə nəsə qırıldadacaqlar ki, biz də varıq. İkincisi, Doqquz İqlim Adamlarının dövlət dili Türk dili də yazıla bilər, Azərbaycan dili də, bunun burada hər zaman başa düşülən və qüvvədə olan “hörmət” dilinə heç bir dəxli yoxdur. İstəyirizsə işiniz yağ kimi getsin, məndən sizə amanat, əsas bu dili bilin, peşman olmazsınız. “Hörmət”, natura və ya pul şəklində işlədilir. Avro və dollarla gəlmisinizsə "exchange" getməyə əziyyət çəkməyə də biləriz, bu valyutalar "hörmət" dilinin bel sütunlarıdır, ona görə hamı tanıyır.

Bu Doqquz İqlimin altında yaşayan insanların üzərində gəzdiyi torpağın, avtomobillə bu başından o başına gedib çıxmaq sizdən uzağı 5 ya 6 saat vaxt alar. Di gəl ki, bu başıyla o başı arasındakı məsafə 5-6 saatlıq olan Doqquz İqlimin 78 yerli qrupu var. Və Doqquz İqlim adamlarının böyük əksəriyyəti özlərini əsasən mənsub olduqları qrup, rayon-şəhər hər haralıdılarsa, oralılar arasında axtararlar. Burda hələ ki, cəmiyyət yox, camaat qanunları işləyir. Məsələn, "adamın adamı" qanunu. Bu qanunun tələblərinə görə insanlar, dövlətə yox, "adam"a güvənər. Yəni əsas işlək mexanizma "adam"dır, amma hər adam yox, BÖYÜK "adam". Böyük "adam"ın boyu böyük olmaya bilər, fəqət pəncələri adam öldürməsə də heç olmasa, Pəncəli Aslanınkı qədər olmalıdı. Olmalıdı ki, lazım olan zamanda və məkanda adamlarını qoruyub qollaya bilsin. Böyük "adam"lar elə adamlardır ki, adamlıq elidikləri adamlar, yeddidən yetmişə onun ətrafında cəm olar, böyük "adam" lüt gəzsə, şahənşah son dəblə geyinib deyər, istənilən havanı böyük "adam" istədiyi ritmdə oynayar. Və başına iş gələndə dövlətin yox, böyük "adam"ın qapısını döyər. Bir sözlə əl əli yuyar, əl də qayıdar üzü yuyar. Amma heç kim dövləti yumaz ki, dövlət də ağ günə çıxıb onu yusun.

Amma sizə deyim ki, Doqquz İqlim torpaqlarında "adamın adamı" qanununa çox baş qoşmayın. Sizinki "hörmət dili" olsun. “Hörmət dili”ni mənimsədikdən sonra, Doqquz İqlimin altındakı torpaq üzərində gəzə bilmək üçün ilk növbədə buranın insanları ilə qiyabi tanışlıq lazımdı.

Keçək ikinci əsas məsələyə, rüşvət almamaq, Dostoyevskinin sözü ilə desək, Doqquz İqlimin altındakı torpaqda “oyunpozanlıq” sayılır. Əgər siz, xəyanət, rüşvət, qarşısındakını alçaltmaq, vicdansızlıq, dələduzluq kimi keyfiyyətlərə məxsus deyilsinizsə, boş yerə heç nəyə ümid etməyin, heç allahın özü də gəlsə sizə, sizin burada hansısa uğurunuza kömək edə bilməz. Burda ağıllı adamın dostu olmaz, əgər mənafein ən yaxın dostunla toqquşdusa, tərəddüd eləmə, nə yolla olur olsun çalış keç onu.

Əgər Doqquz İqlim torpaqlarında aldığın, elədiyin xəyanətləri, sevgini, nifrətini, sevincini olduğu kimi ekranlardan qusa bilirsənsə, sən çox axmaq adamsan. Həə, doğrudan. Özünü Kefli İskəndərin yerinə qoysan, dəli deyib gülərlər, həyat sığortan da olar... Yox, tərslik eləyib ciddiləşsən, ümumilli dəyərlərə qarşı getsən, sən vətən xainisən. Necə yəni arvadım mənə xəyanət edib? Yıxıb başını kəsməkdənsə, hələ bir dilin də var danışırsan? Allah göydən daş yağdır!... Məsələn, Doqquz İqlimin müsəlman ailəsindən çıxmış bir adamı, çaşıb “mən müəslman deyiləm” deyəcək cəsarəti tapsa, dərhal gizləməsi məsləhətdi. Burda hər kəs, şair Zəlimxan demiş, “Mömin bir bəndədir, Quran görməmiş”.

Doqquz İqlimin möminləri əsasən qurban kəsər, qurbanın da çox hissəsini ət qıtlığı çəkməyən qohum əqrəbasına paylayarlar. İmam ehsanı verər, ölən əzizinə vermədiyi ehsanı, o gün gümüş qaşıq çəngəlli süfrədə, qır-qızılını, təzə üst-başını nümayiş elətdirən dost tanışıyla bölüşər.

Doqquz İqlimin insanları ləzzəti sevərlər. Üç günlük getdikləri ölkədə də imkan daxilində öz dolmamızdan küftəmizdən nəsə hazırlayıb doyarlar. Yoxsa yazıqlar dadsız tamsız yeməklərlə başlarını nətər girələsinlər? Doqquz İqlim Qadınları kim olur olsun öncə yemək bişirməyi bilməlidir! Vəssəlam!... Qarın, qarın, bir də qarın... hətta Yunesko da bunu gördü... gördüyüzmüz kimi dolmanı, lavaşı bizə verdi, dedi yeyin stresinizi atın, kiriyin; köçəriylə, balabanı da ermənilərə verdi ki, siz də istədiyiniz qədər çalın oynayın... Xülasə, etiraf eləməsək də bilirik, heç "fifty-fifty" də deyilik ...

Bu Doqquz İqlimin Adamları çox səmimidirlər. Hətta o qədər səmimidirlər ki, burada kimin yalan, kimin doğru danışdığını anlayana "yağlı bir beş"... Doqquz İqlim Adamlarının yalanla tanışlıq dövrü elə ana bətninə yeni düşəndən başlanar. Analar ərə-baldıza-qaynanaya yeri gələndə özününkülərə də aldığı verdiyi, getdiyi gəldiyi, yediyi haqda durmadan “xırda", "zərərsiz” dezo verər. Neyləsin, işlər başqa çürə yola getmir... Uşaq dünyaya gələr, biraz böyüyər, baxar evdə anasından başqa biri də var. Bu adam evə axşamlar gələr, az danışar, yeyər, yemək birtər-bitməz oturar divanda, əlinə alar telefonu... Orda qəşəng-qəşəng qızlarla "flert" edər, yol olanda biraz da irəli gedər, amma anaya ayrı şeylər danışar...

Doqquz İqlimin Körpəsi biraz da yekələr, dili təzə söz tutar-tutmaz, ilk eşitdiyi sual “ananı, yoxsa atanı çox istəyirəsən” olar... beləcə Doqquz İqlimin Təmiz Körpəsi bir az da rənglənər, siyasətə qoşular. Ananın yanında onun qohumlarını, atanın da yanında atanın qohumlarını çox istəyər.

Doqquz İqlimin Körpələrinin gələcək anaları evlənən gündən uzağı iki gün sonra, hələ xalaları, mamaları üç günlüyə, həftə tamamına gəlməmiş, instaqramda qalyan çəkən əriylə xoşbəxtlik canlı yayımı edər. Sonrakı əsas iş, uşaq məsələsidi. İlk növbədə əldə kupça gərəkdi. Əgər uşaq varsa, mübarək ana namizədi düşünəcək ki, bu körpə 90% qız ola bilər, kaş oğlan olaydı. Soruşsanız ki, niyə? Çünki oğlan doğulsa gəlinin yeri daha yuxarıda olacaq. Və gələcəyin o bədbəxt oğlanı doğulsa, ana öz gələcək qarantı üçün indi də mütləq qız istəyəcək. Uşaqlar böyüyüb evlənən kimi oğlan olacaq ögey, qız olacaq doğma.

Düşünün ki, Doqquz İqlimin yeni ailələrinin hər biri qaz üstə qaynamağa asılmış dovğa qazanıdı. Oxlov bulamasa, çürüyəcək, halbuki dovğanı bulamadan bişirənlər var, özü də çürüyüb eləmir. Amma olmaz, dədə babadan görmüşük dovğa bulanar... Əlqərəz, bu qazanları hər iki qaynananın oxlovu qarışdırır. Biri soldan sağa, o biri sağdan sola...

Gəncliyini, gəlinliyini, qadınlığını yaşamayan qaynananın bütün həyati məqsədi bu ailəni öz getdiyi “düz yola” itələmək olar. Hələ əgər o uşaqlar evin bir uşağıdırsa, xüsusilə oğlan, bir uşaqdırsa və atasız böyüyübsə... Bütün itmiş illərin, yaşanmamış ömrün tək günahkarı o bəxtsiz cavan olacaq, əgər arvadıyla tez-tez dalaşmırsa...

Doqquz İqlimin ən yaxşı qızı adı çayxanalarda çəkilməyən qızdır. Xüsusilə hamının bir-birini tanıdığı rayon yerlərində. Burada qızların, qadınların namus qiyməti çayxanalarda verilir. Bu senzuradan kimsə qaça bilməz. Əgər hansısa qızı tanıyan yoxdusa, demək arvad olmağa ən birinci kateqoriya mülkiyyət o qızdır.

Doqquz İqlimin Adamlarının bir-birinə içtimai nəzarəti olduqca üst səviyydədir. Məsələn, əgər bir nəfərin arvadının "Facebook" profili varsa, o qadının ərinin dostlarının ilk işi, dostunun arvadının dostluğunda olan kişilərin kimliyi ilə maraqlanmaqdı. Necə yəni dostumuzun namusu bizim də namusumuzdu, özü təmizləməsə, çayxada özümüz söz-söhbətimizlə təmizləyərik, el içinə çıxası olmaz... "Əski köyə yeni adət gətirmək nə demək?"

Buna görə Doqquz İqlimin xoşbəxt evli xanımları, çox vaxt öz adları ilə yanaşı ərlərinin adını da profilə əlavə edirlər ki, yəni məşğuluq, orada elə belə evli yazmamışıq. Sonra profildə ya uşaq şəkli, ya da həyat yoldaşları ilə cüt şəkil qoymalıdırlar. Bu davranış da müdafiə xarakterlidir.

Doqquz İqlimin qadınlarından soruşsan ki, muzey nə olan şeydi? Nə olan şeydi deyəndə, sözün mənşəyini söruşmuram, onu bizim "D.r"lardan da soruşsan biməyəcəklər. Əminəm ki, nə kimi sualları nəzərdə tutduğumu özünüz başa düşdünüz. Bəli bizim qadınlar ömürlərində musey qapısı açmazlar, amma evlərinin divarını mebellərlə, mebellərin içini də evdəykən evdəkilərin, ərdəykən də uşaqların boğazından, əyləncəsindən, həkimindən dərmanından kəsib, beş altı aylıq maaş məbləğində mahiyyətini anlamadıqları qablarla doldurarlar. Gördüyünüz kimi hələ mən uşağın yetişməsində əsas elementlərdən olan kitabdan yazmadım, çünkü bizim ailə büdcəsinin uşağın təhsil xəcləri bəndinə ancaq məktəb ləvazimatları daxildir...

Doqquz İqlimin Adamlarının əyləncə obyekti o qədər də çox deyil, öyrənmək istəsəniz sizi qətiyyən yormayacaq. Kişilərimizinki, lap konkretdir, qadın, futbol, uzağı qeybət (sonuncu təzə və dəbdə olan kateqoriyadır). Bu Doqquz İqlimin kişiləri özünü tanıyandan qəbirə kimi ac olarlar, baxıb slavyanların uca boylu sarı saçlı mavi gözlü qızlarına köks ötürərlər. Sosial şəbəkələr yaranandan belə qənaətə gəlmişəm ki, bizim kişilərin heç bir dərdi bu dərdə çata bilməz və bu dərd sağalası da deyil. Çünki bu qardaşlar, atalar, babalar qara saç-saqqala, qara gözlərə, əyri ayaqlara malikdir və üzülərək deyim ki, özlərindən sonra gələn oğullarına da nəvələrinə də fizioloji cəhətdən özlərinə oxşayan qızlar qoyub gedəcəklər.

Qadınlarımızınkı daha da konkretdir, yalnız diqqət çəkmək, diqqət istənilən formada çəkilə bilər, geyim nümayiş elətdirməkdən başlayıb, ağlayıb çığır-bağır salmağa qədər. Baxmayın ki, onlar "Facebook"da profilə şəkil qoymurlar, çox vaxt heç profilləri də olmur amma onları da" whatsapp"ı var, nə olar sarı saçları uzun boyları olmayanda, müxtəlif proqramlarla özlərini dondan-dona salır, həyatda heç vaxt ola bilməyəcəkləri rəsmlərini yaradar, yayar, gözəl yeməklər, süfrələr, olanda restoranlar və daha nələrin-nələrin rəsimlərini paylaşarlar. Bütün tanıdıqlarını izləyər, kim onlara düşməndi, kim dost, görərlər. Şəkillərini bəyənməyənlərin gözü götürmür, onu da bilirlər. Hamısını bir-bir yadlarında saxlayarlar. Bu diqqətsizlik deyil, bəs nədir?

Doqquz İqlimin Qadınları əsla nankor deyillər, bizə onu da, bunu da ver deyib, o gözə görünməzin baş beynini ağrıtmazlar. Ey yeri göyü yaradan, kişiyə bir yaxşı "yağma yeri" yetir, dalı bizlikdir deyərlər. Dualar qəbul olunandan sonra da duaya, şükrana davam: “Ay allah verdiklərini axıra kimi ver” deyə ən xoş günlərində hər səhər, hər axşam mütləq dua edərlər. Birinin əri, oğlu ya qardaşı, "yağma mərkəzi"nə işə düzələndə, min dəfə şükr edib, “allah ruzusini (yağmasını)” bol eləsin deyib əllərini göylərə qaldırarlar. Bu qadınlar, orucun dəqiqəsini keçirməzlər, həm də artıq çəkidən əziyyət çəkərlər.

Gələk Doqquz İqlimin Fatma Tükəzbanlarına. Çox şükür on il olar ki, Tükəzban adıyla əlaqəmizi kəsə bilmişik. Başıyla yox ha, adıyla. Fatmanın da qalın “a” saitinin birini incə “ə” saiti ilə əvəz etmişik, araya da bir “i” saiti artırmışıq ki, qulaqlara incə gəlsin, gözümüzdə mədəni, şəhərli Fatimə canlansın. Və elə buradaca bu məsələyə nöqtəni qoymuşuq, bizimki incə mədəni səslənməkdi, olmaq yox. Yoxsa allah eləməmiş, bizim Fatimələrin mahiyyəti də incəlsəydi, bizim artıq qaynana olmuş Fatmalara həyat dərsini kimlər keçərdi.... Viktoriya dövrünün utancaq, solğun, biraz da romantik Doqquz İqlimli Fatimələri tarixdə qalsaydı bizim gənclər kimlərlə evlənərdi. Analarımız hansı mahiyyəti dəyişmiş qıza “allah sənə ər çörəyi qismət eləsin” deyə bilərdi? Nəbadə mahiyyətinizi yəni düşüncənizi dəyişmək istəyəsiniz, dərhal yeni ünvanınız var “əxlaqsız”. Amma haqq üçünə qapaq yuvarlanıb qazanını tapır. Kişinin oğlu minlərlə pul xərcləyir, arvad alır, pardon əşya alır. Harda görünüb əşya sahibinin sözündən çıxsın? Otursun oturduğu yerdə, sahib istəyər sağa baxar, istəyər sola, hələ onu tullayıb puluynan yeni əşya almırsa, sevinsin. Düzdü hazırkı maddi vəziyyət əksər güclü cinsin pulunu bir qədər azaldıb, bu qədər yuxarıdan gedə bilmirlər. Amma Doqquz İqlimin adamlarında çarə boldur. Məsələn, Doqquz İglimin çomarlarının qafası bərk qızsa, küsülü gedən arvadı elə qucağında uşaq qarışıq, köhnə jiquli ilə də vurub üstündən keçə bilərlər, çox uşaq-uşaq deməyin, uşaq da onundu, özü bilər istəyər yaşadar, istəyər öldürər. Baxmayın siz, bizim 25 ildir əsirlikdə qalan onlarla qız-gəlinimizə. Ona görə bu iqlimin qadınlarının ən yaxşı variantı “təki mənim xoruzum başqasının qapısında banlasın”dır. Belədə ki, onusda Fatma Tükəzbandılar və hələ də bazarda ən dəyərli mal elə Fatma Tükazbanlıqdır, ona görə də mahiyyət dəyişib ortalıqda qalmaqdansa, qalın saiti incə saitlə dəyişib Fatimə olmaq məsləhətlidi.

Bir də sizə Doqquz İqlimin 45-50 yaşlı subaylarından da deyim. Bu 50 yaşlı subaylar, pardon Məşədi İbadlar, dünyanı gəzib dolanandan sonra fikirləşirlər ki, evlənmək lazımdı, uşaq lazımdı. Və bu proyekti həyata keçirməkdə vasitə yalnız və yalnız Doqquz İqlimin saf məsum, Fatiməsi ola bilər. Bizim bu Məşədilər başlayırla qız sonalamağı, az gedirlər, uz gedirlər, işıq gələn yer tapmırlar ki, tapmırlar. Bəli, onlara ancaq hələ heç kimi sevməmiş, sevginin nə olduğunu bilməyən qız layiqdir. Düz gördünüz kimsəylə sevişməyən demirlər, kimsəni sevməyən deyirlər, sonra birdən 50 illik ömrün, bütün nəslin kökün adına ləkə düşə bilər. Qulaqlara qurğuşun...

Doqquz İqlimin Anaları dünyanın ən cəfakeş analarıdır, bəlkə də heç bir İqlim, analıq inistinkti bu qədər inkişaf eləmiş ana yetişdirə bilməz. Diqqətli olun, burada analar üçün övladın tənqidi təhqirə bərabərdir, ellikcə küsülülüyə gətirib çıxara bilər. Baxçada, məktəbdə müəllimləri, valideyinləri döyən analarımızın sayı az deyil. Testdən kəsilən uşaqlarının balını əsla bilə bilməzsiniz, şəxsi həyatında hansısa problem olarsa, məsələn, nişan pozulmaq kimi, hətta ata belə əsl səbəbi bilməz. Uşaqlar istənilən halda ailədən başqa hamıya qarşı haqlıdırlar. Xəstəliklər haqda məlumatlar məxfi məlumatlar sırasındadır. Çünki oğlanlarına qız seçəndə gözünün görmə qabiliyyətindən tutmuş, dişlərinin quruluşuna kimi hər şeyə diqqət edərlər. Doqquz İqlimin anaları ömür boyu əziyyət çəkməyə hazırdılar, təki uşaqlar, hətta uşaqların uşaqlar, onların sağlığında bir yerə çıxa bilsinlər. Bu analar nəsil üçün hər şeyə qadirdirlər, balalarından ötürü hamının balasının həyatını tarmar edə bilərlər. Vaxtından çox tez yaşlanar, baxımsızlıqdan, gücü enerjini gənclikdə ərin qohum əqrəbası ilə didişməkdə, sonra da balaları bir tərəfə çıxarmaq yolunda qoyduqlarında vaxtından əvvəl tükədərlər. Çox sadiq analardır, övladlarına əsla xəyanət etməzlər. Qəlbləri öz bioloji uşaqlarından başqa hamının uşağına bağlıdır. Bacı qardaşlarının uşaqları belə onlarınkından irəli getsə, bu onları çox üzər. Burada bioloji uşağın varsa, övladlığa başqa uşaq götürmək nümunəsinə rast gəlməzsiniz. Hətta oğulların gəlinlərlə paylaşılması da bu incə qəlblərə iztirab verər.

Ola bilər işiniz Doqquz İqlimin xırda məmurcuqlarından keçməli olar. Burada məmurcuğun ən qürur verici göstəricisi onun qulaqlarının çoxluğundan asılıdır. Belə məmurcuqlardan çəkinərlər. Burada məmurcuqlar əsasən ata-anaların yarım saatlıq söhbətinə dözə bilmədiyi uşaqcığazlarıdır. Ki, onlarla ağıllı-başlı adam, bu yarımağıllı otur deyəndə oturmalı, dur deyəndə durmalıdı.

Bir də bir neçə cümlə ilə Doqquz İqlimin Alimlərindən xəbər verim sizə... Onsuz da geniş yazmağa bir şey yoxdur. Bu İqlimin alimlərinə artıq sual vermək olmaz. Bilməsələr çox əsəbləşər və çanağı sənin başında çartladarlar. Bu İqlimin "millətçi" alimləri elin uşağına Azərbaycanca danış deyər, öz nəvəsi evində rusca danışar. Bu İqlimin alimləri, sosial şəbəkələrdəki diskussiyalarda məğlub olduqları qadına “yaxşı qadın tanımadığı kişinin statusuna rəy yazmaz” deyər...

Beləcə Doqquz İqimin Adamlarını əsas cizgiləri ilə sizinlə tanış eləmək istədik. Bu İqlimin yaxşılarını da, yaxşı olmayan yaxşılarını da axşama kimi İqlimdaşlarım təbliğ edir, sağolsunlar. Ailə, ailədaxili münasibətlər, qohumluq əlaqələrinə baxıb harada necə davranacağınızı özünüz çıxara biləcəksiniz. Deyim ki, bu dediklərim hamıya aid deyil, istisnalarımız da var... və onu da deyim ki, hamı özünü elə o istisnaların içində görür. Ona görə ürəklə deyirəm “Dünyanın xoşbəxti, bizik dünyada”. Mənim özümə gələndə, nə qədər atıb-tutsam da hər halda azacıq da olsa hələ də Fatiməliyim qalıb. Dünya xəritəsində güclə görünən bir ölkədə Doqquz İqlim olarsa, bu qədər də qəribəliklər olar... əminəm ki, mən hələ çox şeyi unutmuşam... Bu qəribəlikləri görmək istəsəniz, gəlib bir müddət bizim aramızda yaşaya da bilərsiniz... necə deyərlər “Cənnət görmək istəyən, Azərbaycana gəlsin!”

Gülnar Əhməd

Oxundu 1711