Poetik davrandığım insanların eybəcərlikləri

Çox istəmişəm ki, ədəbiyyatdan başqa digər bir işlə məşğul olum və həm maddi, həm mənəvi rahatlığım olsun. Hərçənd, bu istək elə miskin olaraq qalıb. Boş vaxt tapsam ya yazı yazıram, ya da kitab oxuyuram. Yəni, əlinin papağını Vəlinin başına, Vəli dayının da papağını Əli dayının başına qoymaqla məşğulam.

“Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan”

Bir neçə gün öncə qardaşımız Nurman Tariqlə görüşdük. Ədəbiyyatdan nə qədər söhbət etdiksə əsas mövzu yaddan çıxıb qaldı. Bir uğurlu nəşriyyat direktoru kimi kitabsızlıqdan gileyləndi. Son dövr nəşr etdikləri kitablar haqqında danışdı. Yenicə çap olunmuş Viktor Hüqonun ”Edama məhkumun son günü” romanını mənə hədiyyə etdi. Böyük və uzunmetrajlı sevgilər!

Vallah, Hüqonu tərifləsəm çox eybəcər və aqrar səslənər. Dünya nəhəngini hara qədər tərifləsən azdır. Yazıçının “Edama məhkumun son günü” əsərini oxuyub bitirmişəm. Bitirmişəm bitirməsinə, ancaq içimdəki qorxu hələ də məni harasa qovub aparır. Edama məhkum olunmuş adam öz-özünə təsəlli verir: “Sürgündənsə, elə Qrev meydanında başımın bədənimdən ayrılması daha möhtəşəmdir”. Bilirsən ki, ölüm üçün iki yolun var; ölmək və dəhşətli ölmək. Ağıla sığmayacaq dərəcədə zavallı bir düşüncədir. Hardan baxırsan bax, ölüm elə eyni şeydi; necə ki, saman çöpü ölümü uzatdığı kimi...

Dostoyevskinin "Cinayət və Cəza” romanında olan ölümün ən dəhşətlisi işgəncə olduğu kimi, eyni situasiya bu əsərdə də geniş göstərilir.

“Dar ağacının ipi bütün asılanların dul qalmış arvadı kimidir” - necə dəhşət bir cümlədir.

Dünyada ən çətin işlərdən biri də bəlkə yazı yazmaqdır. Yaradıcı adamlar üçün elə bir çətin hissdir ki, sən o qorxunu, işgəncəni dəfələrlə yaşayırsan. Yoxsa nə var idi ki... Elə bu qorxunc səbəbdən də çox yaxınlarda qərar verdim ki, bütün romantik, poetik düşüncələrdən uzaq olum; həyat belədir ki, qarşındakı insanla nə qədər poetik, həssas davranırsan bir o qədər sənə qarşı hərəkətləri kobudlaşır. Doğrusu, bu fikir mənim deyil, daha doğrusu, kimindirsə mən onu bilmirəm. Ancaq ağlımda var-gəl elədiyim bir misradır.

Həssas olmaq, davranışları idarəetmə bacarığı çox pis şeydir, həm də ikiqat çətin...

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top