azerbaycanli-eks-musavirin-kurekeni-bele-gullelendi-video

Azərbaycanlı eks-müşavirin kürəkəni belə güllələndi - VİDEO

pasinyan-ilham-eliyevle-etibarli-operativ-rabite-qurmusam

Paşinyan: “İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam”

ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

ƏDƏBİYYAT

Unutmadığım Turan Cavid...

25.10.2017 10:02

Mən Turan xanım Cavidi öncə böyük dramaturq, filosof-şair, nisgilli həyat yaşamış Hüseyn Cavidin yadigarı kimi tanımışam və həmişə də qəlbimin dərinliyində ona misilsiz ehtiram bəsləmişəm. T. Cavidi ilk dəfə Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olanda görmüşdüm. Mən onda Üzeyir Hacıbəylinin ev-muzeyində yenicə işə başlamışdım. 1979-cu il idi. Muzeyimizin direktoru, Ü. Hacıbəylinin yaxın qohumu, dahi bəstəkarın uzun illər şəxsi katibi olmuş Ramazan Xəlilov bir sənədlə bağlı məni Teatr muzeyinə, Turan xanımın yanına göndərmişdi. Məndə T. Cavid o qədər gözəl təəssürat yaratmışdı ki, oradan qayıdanda sevincimin həddi-hüdudu yox idi. Fərəhimi Ramazan bəylə bölüşdüm.

R. Xəlilovun da Turan xanıma misilsiz hörməti vardı. Həmişə onun barəsində ehtiramla danışardı. Turan Cavidin uşaqlıq illərini xatırlayardı.

Ramazan Xəlilovun xalasıgil indiki Hüseyn Cavidin mənzil-muzeyi yerləşən binada, Cavid əfəndinin qapı bir qonşusu idilər. Xalasının həyat yoldaşı Azərbaycanın görkəmli ilk maarif xadimlərindən biri olan Pənah Qasımov isə H. Cavidin ən yaxın dostlarından olmuşdur. Onların evinə dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli və böyük bəstəkar Müslüm Maqomayev də gələrdilər. Çox maraqlı, gözəl məclislər qurulardı. Ramazan bəy o illərin xatirələrindən mənə maraqlı əhvalatlar danışardı. Onu da dönə-dönə vurğulayardı ki, jurnalist olmağımda birinci növbədə Cavid əfəndiyə borcluyam. Cünki bu sahədə o, mənim ilk müəllimim olmuşdur. Demək olar ki, hər gün mən xalamgilə gedərdim. Xalamın təkidi ilə naharımı onlarda edərdim. Elə orada da Cavid əfəndi mənə jurnalistikanın sirlərini öyrədərdi. Yazılarımı ilk dəfə ona oxuyardım. O illərdə Turan və Ərtoğrol Cavidlər də Pənah Qasımovun övladları ilə birlikdə böyüyürdülər. R. Xəlilov danışardı ki, Turanın uşaqlıq illəri də mənim gözlərim önündə keçmişdir. Elə kiçik yaşlarından çox ağıllı, təmkinli və ağır təbiətli bir qız idi.

H. Cavid həbs olunduqdan sonra, ailənin çətin, məşəqqətli günləri başladı. Hamı onlardan üz döndərdi. Amma bütün yasaqlara, təhlükələrə, məhrumiyyətlərə baxmayaraq, Azərbaycan mədəniyyətinin dühası olan Üzeyir bəy Hacıbəyli onları nəzarətsiz qoymadı, qayğısını onlardan əsirgəmədi. Turan xanımı ilk dəfə radioda işə düzəldən də elə Üzeyir bəy Hacıbəyli oldu. Hər zaman Turan Cavid o illərdən söhbət açarkən Üzeyir bəyi böyük minnətdarlıq hissi ilə xatırlayardı.

Deyirdi ki...

Turan xanım Hüseyn Cavidin mənzil-muzeyinə direktor təyin olunduqdan bir neçə il sonra, biz Ramazan Xəlilovla birlikdə onun 75 illik yubileyini təbrik etmək üçün muzeyə getdik. 1998-ci il, oktyabr ayının 2-si idi. Ramazan bəy artıq ömrünün 97-ci ilini yaşayırdı. Vəfatına cəmi üç ay qalmışdı. Yaşının çoxluğuna və ağır gəzməyinə baxmayaraq, Ramazan bəy Turan Cavidi şəxsən, məxsusi təbrik etmək üçün özü oraya yollandı. Onda hələ binada lift yox idi. Çox çətinliklə üçüncü mərtəbəyə qalxdı. Turan xanım Ramazan Xəlilovun gəlişindən çox sevindi və çox da duyğulandı.

Muzey o zaman rəsmi surətdə açılmamışdı. Amma açılışa tam hazır vəziyyətdə idi. Mərasimdən sonra Turan xanım özü bizi muzeylə tanış etdi. Dəfələrlə o evdə olmuş Ramazan bəyin xatirələri bir daha çözələndi.

Sonralar, 1999-cu ildən Üzeyir Hacıbəyovun ev-muzeyinə rəhbərlik etdiyim illərdə mən Turan xanımla vaxtaşırı görüşürdüm. Tədbirlərdə bir yerdə olurduq. Turan Cavidi yaxından tanıdıqca insan ona daha çox bağlanırdı. Zahirən Turan xanım çox soyuq təsir bağışlayırdı. Amma bu xanımın batini olduqca dolğun, həlim, duyğulu və möhtəşəm idi. Daxilində şahanə bir insaniyyətlik, humanistlik vardı. Qəlbi incə və zərif hisslərlə dolu idi.

Bir neçə alimin işini məharətlə görən Turan Cavid atası böyük Hüseyn Cavid əfəndinin yaradıcılığı ilə ciddi məşğul olurdu. Əsərlərinin yeni nəşri üzərində yorulmadan çalışırdı. Deyirdi ki, sovet dövründə H. Cavidin əsərləri nəşr olunarkən çoxlu təhriflərə yol verilmişdir. Turan xanım H. Cavidin əsərlərini yazıldığı kimi nəşrə hazırlayırdı. Şükürlər olsun ki, istəyinə nail oldu. Elə bu sahədə də Turan Cavid bir institutun görəcəyi işi təkbaşına yerinə yetirdi. Amma yazıqlar olsun ki, onun bu fəaliyyətini qiymətləndirən tapılmadı. 80 il yaşasa da heç bir fəxri adı, elmi dərəcəsi olmadı.

"Sizi xatırlayacam"

Bir dəfə Hüseyn Cavid əfəndinin əsərləri ilə bağlı Turan xanıma özümün uşaqlıq illərimdən bir epizod danışdım. Dedim ki, kiçik idim. Hələ məktəbə getmirdim. 6 yaşım vardı. Heç əlifbanı da doğru-düzgün bilmirdim. O zaman biz Füzuli rayonunda yaşayırdıq. Atam hüquq-mühafizə orqanlarında çalışırdı və onu mənim dünyaya gəldiyim Naxçıvandan sonra oraya işləməyə göndərmişdilər.

Yadımdadır, yay vaxtı idi. Bizim yaşadığımız yer "Su idarəsi" adlanırdı. Çox gözəl, səfalı bir mənzərəsi vardı. Evimiz demək olar ki, meşənin içində yerləşirdi. Mən açılıb-yığılan çarpayını həyətimizdəki heyva ağacının altında açdım. Uzanıb kitab oxumaq fikrinə düşdüm. Dərhal evə qalxaraq kitab rəfindəki çoxlu kitabların arasından sarı cildli bir kitab götürüb, heyva ağacının altına qayıtdım. Kitabı vərəqləyərək öz aləmimdə oxumağa başladım. Bu zaman anam bayaqdan bəri evimizdə qonaq olan rəfiqəsini ötürmək üçün həyətə endi. Rəfiqəsi Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun qızı Şəfiqə xala idi. Onu həyat yoldaşı Fazil dayı bizim qohumumuz idi. Onlar mənə yaxınlaşıb zarafatla nə oxuduğumu soruşdular. Kitabı onlara göstərəndə heyrətə gəldilər.

Anam dedi:

- Afərin, qızım, sən Hüseyn Cavidin əsərlərini oxuyursan?

Şəfiqə xala isə dedi:

- Ulduz, Səadət gələcəkdə tanınmış adam olacaq. H. Cavidlə maraqlanırsa. Onun gələcəyi parlaqdır.

Əfsuslar olsun ki, o kitabı sonralar kimsə oxumağa götürdü və geri qaytarmadı. Hazırda o tarixi kitab əlimdə deyil. Sonralar bildim ki, o kitab 1963-cü ildə "Azərnəşr" tərəfindən nəşr olunmuşdur.

60-cı illərin əvvəllərinin uşaqlıq xatirələrimi Turan xanıma danışanda çox duyğulandı. Dedi ki, ananızın rəfiqəsi sizin gələcəyinizi çox düzgün görmüşdür. H. Cavidin o kitabı repressiyadan sonra əsərlərinin ilk nəşri idi. Onu da əlavə etdi ki, hər dəfə Cavidin sarı üzlü o kitabını əlimə alanda sizin xatirələriniz yadıma düşəcək. Sizi xatırlayacam. O zaman mən Turan xanımın qəlbinin nə qədər kövrək və böyük olduğunu gördüm.

Turan Cavidlə Yavuz Bülənd Bakilərin görüşü olduqca təsirli keçdi

2002-ci ildə Türkiyədə, Azərbaycanda və bütün Türk dünyasında tanınan və sevilən şair, publisist, alim Yavuz Bülənd Bakilər Bakıda olarkən mənə dedi ki, Hüseyn Cavid əfəndinin qızı Turan Cavidlə görüşmək istəyirəm.

Gözəl bir yay günündə bir dəstə qızılgül alıb Yavuz Bülənd bəylə bərabər Turan xanımın görüşünə getdik. Əvvəlcədən gələcəyimizi söyləmişdim. Turan xanım muzeydə bizi çox səmimi qonaqpərvərliklə qarşıladı, süfrə açdı. Turan Cavidlə Yavuz Bülənd Bakilərin görüşü olduqca təsirli keçdi. Təsəvvür edirsinizmi, millətinin vurğunu olan Yavuz Bülənd Bakilər və İstanbulda təhsil alan, əsərlərini türkcə yazan və türkçülüyün də qurbanına çevrilən Hüseyn Cavid əfəndinin yadigarı... Bu görüş sizcə necə ola bilərdi?... Yavuz Bülənd bəy böyük bacı kimi Turan xanımın hüzurunda təzim edərək, onun əlindən, T. Cavid isə kövrələrək onun alnından öpdü. Sonra çox maraqlı söhbət başladı. Yavuz Bülənd Bakilər bildirdi ki, "Can Azərbaycan" ifadəsini ilk dəfə Türkiyə ədəbi mühitinə o, gətirmişdir və "Can Azərbaycan" adlı kitab üzərində işləyir. Buna görə də maraqlı insanlarla, tanınmış şəxsiyyətlərlə görüşmək onun üçün çox vacibdir. Bu baxımdan Cavid əfəndinin qızı Turan xanımla görüş olduqca önəmli və şərəflidir.

Turan xanımla görüşdüyümüz gün "Lider" televiziyası Üzeyir Hacıbəylinin ev-muzeyində Yavuz Bülənd Bakilərdən veriliş hazırlayacaqdı. Ona görə də bu görüşdəki söhbətlərdən doymasalar da ayrılmaq məqamı yetişmişdi. Y.B. Bakilər dedi ki, bizim bugünki görüşümüzü gerçəkləşdirdiyi üçün Səadət xanıma minnətdaram. Sonra əlavə etdi ki, bu maraqlı söhbətimiz "Can Azərbaycan" kitabımda mütləq öz əksini tapacaqdır.

Biz Turan xanımla xudahafizləşib Üzeyir Hacıbəylinin ev-muzeyinə gəldik. Yavuz Bülən Bakilər haqqında veriliş çəkildi. Proqram efirə getdikdən dərhal sonra Turan xanım mənə zəng etdi və bildirdi ki, Yavuz Bülənd bəyə həsr olunmuş verilişə baxıb və çox da bəyənib. Ümumiyyətlə , Y.B. Bakilərlə görüşündən məmnun qaldığını dönə-dönə vurğuladı. Onu böyük şəxsiyyət, millətimizə qəlbən bağlı olan bir insan kimi çox dəyərləndirdi. Azər Turanın "Əbədi Turan" və "İrfan Çobanı" kitablarını türk oğlu türkə, Yavuz Bülənd Bakilərə göndərməyimi məndən xahiş etdi. O kitabları elə Azər Turanın özü ilə mənə göndərdi.

Səadət Qarabağlı, üzeyirbəyşünas

Oxundu 1529