cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

HƏMSÖHBƏT

Sabiq təhsil naziri: "Bir neçə orta məktəb dərsliyi biabırçı vəziyyətdədir"

24.10.2017 16:07

Naxçıvanın sabiq təhsil naziri, təhsil üzrə ekspert Nazim Əkbərov "Yeniavaz.com" saytının suallarını cavablandırıb:

- Nazim müəllim, Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarla bağlı etdiyi yenilikləri yəqin ki, siz də izləyirsiniz. Qəbulla bağlı ən çox müzakirə edilən məsələlərdən biri də universitetlərdə hazırlıq qruplarının təşkil olunacağı xəbəri oldu. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda kifayət qədər bal toplaya bilməyənlər universitetlərdəki hazırlıq qruplarına cəlb olunacaqlar. Buna münasibətinizi bilmək maraqlı olardı, sizcə, bu təhsilimizə nə verəcək?

- Əvvəllər pul verib uşaqlarımızı hazırlaşdırırdıq, elə deyilmi? Valideynlər, ailələr büdcələrindən müəyyən hissəsini xərcləyirlər repetitorlara, onlar da əmək sərf edirlər ki, hazırlaşdırdıqları abituriyentlər universitetə girsinlər. Əgər həmin ailənin övladı hansısa bir universiteti indidən seçibsə, universitetin özündə hazıralaşacaqsa, məncə, bu daha məqsədəuyğundur, daha gözəldir. Repetitor yanında çox şey qeyri-müəyyən idi. Hazırlaşacaqdı, müəllim onu qane edəcək, yoxsa etməyəcək, pulu nə qədər istəyəcək, çoxmu olacaq, azmı olacaq və s. Amma universitetdə başqadır. Deyək ki, gedəcək Ali Neft Məktəbinə, hazırlaşacaq və imtahanını verəcək. Məncə, bu çox ağıllıca düşünülmüş bir şeydir. Məktəblərdə hazırlaşmaqdansa, gedib ayrı-ayrı müəllimlərin qapısını döyməkdənsə, universitetin gələcək tələbəsi kimi, eyni məkanda, eyni müəllimlərdən dərs almaq mənə elə gəlir, daha faydalı olar.

- Yeri gəlmişkən, bir müddət əvvəl bəzi ictimai fəallar bir çox ölkələrdə olduğu kimi, bizdə də universitetə attestatla qəbula şərait yaradılmasını təklif etmişdilər. Amma bu fikir sonradan tənqid olundu. Bu barədə siz nə düşünürsünüz?

- Bizim soydaşlarımızın xaricdəki universitetlərə attestatla qəbuluna şərait yaradılması həmin universitetlərin öz büdcələrini doldurmaq üçün seçdikləri yoldur. Çünki həmin universitetlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanları nəzərə almırlar. Ukraynada, Türkiyədə və yaxud Rusiyada gedib attestatlarını verir, qəbul olur, oxuyur və gəlirlər. Sonra isə Təhsil Nazirliyi onların diplomunu tanımır. Tanımır ona görə ki, həmin universitetlə müqaviləsi yoxdur, onların tələbəsi Azərbaycanda imtahandan keçməyib. Ona görə də onların aldığı diplom Azərbaycanda keçərsiz olur. Eyni şeyi Azərbaycanda tətbiq eləmiş olsalar, universitetlərə gəlir gətirmək vasitəsindən başqa bir şey olmayacaq...

- Yəni düşünürsünüz ki, bu ancaq universitetlərə maraqlıdır?

- Bir ölkədə ali məktəblərə qəbul üzrə 2-3 formada imtahan ola bilməz. Ali məktəblərə qəbul üzrə imtahanlar var, bunun prinsipləri var, strategiyası var, hər şey də buna uyğun aparılır.

Attestatla Azərbaycanda universitetə qəbul ol, sonra da sənə iş verilməsin, ən azından bu baxımdan məqbul məsələ deyil. Bu vətəndaşı aldatmaq olar - sözün həqiqi mənasında. Dövlət, hökumət vətəndaşını aldatmamalıdır. Onu arxayın edib, işsiz qoymamalıdır. Bu, düzgün deyil. Sənə nə qədər müəllim lazımdır? Deyək ki, 5 ildən sonra 500 müəllimə tələbat olacaq. 550 tələbə qəbul edirsən, universiteti qurtarana qədər 50 nəfər çıxdaş olur, qalır 500 nəfər. 5 ildən sonra həmin o müəllimləri hazırladığın yerə yerləşdirirsən. Amma təbii ki, sən 500 yerə 2000-3000 müəllim hazırlasan, digər vətəndaşın qalacaq işsiz. Ona görə də attestatla Azərbaycanda universitetə qəbul aparmaq doğru olmaz, məncə. Mənim fikrim budur.

- Qeyd etdiniz ki, xaricdə attestatla universitetə qəbul olub sonradan Azərbaycana qayıdanların diplomu tanınmır. Amma elə diplomlar var ki, tanınır...

- Hər hansı bir vətəndaş Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etməyibsə, orada heç olmasa minimum bal toplamayıbsa, gedib hansı ölkədə oxuyur-oxusun, bura onu tanımır. O adamlar təzədən gəlib Azərbaycanda imtahan verməlidirlər. İmtahan dediyin şey dövlətin təhsil standartlarına uyğunluq deməkdir. Buradan imtahandan keçmədən, sən gedib başqa yerdə oxumusansa, onu qəbul edə bilmir, standarta uyğun gəlmir. Amma ola bilər ki, həmin diplomlarla gəlib özəl şirkətlərdə işləsinlər. Özəl şirkətlərin elə bir problemləri yoxdur, işə götürəndə soruşurlar ki, diplomun varsa, gəl, işlə. Onlar üçün əsas işçinin tapşırılan işi yerinə yetirilə bilməsidir. Amma dövlət belə yanaşmır buna.

- Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi" dərsliyində yer almış xəritə ilə bağlı yaranmış qalmaqaldan yəqin ki, sizin də xəbəriniz var. Dərsliklərdəki səhvlər son vaxtlar tez-tez gündəmə gəlir. Sizcə, dərsliklərdə niyə səhv gedir? Boşluq haradan qaynaqlanır?

- Mən özüm dərsliklərin yazılmasında iştirak eləmişəm. Tutaq ki, hansısa nəşriyyat dərsliyi sifariş verir, mən də yazıram. Sonra gətirirsən nəşriyyata, buranın özünün redaktorları var, onlar kitabı redaktə edirlər. Mən mənəviyyat üzrə yazırdım, nəşriyyatda gəlib bir nəfər oturdu, baxdım ki, bu adamın mənəviyyatdan heç xəbəri yoxdur. Onu görən kimi mən işi yarımçıq qoydum, gəldim. Başqaları isə yarımçıq qoymurlar. Burada bir maneə var - onlar deyirlər ki, bu olacaq. Etməsən, çap eləmirəm. Bunu ümumi olaraq qeyd edirəm ki, fikrimi izah edə bilim.

- Kitablar çapa verilənədək yəqin ki, yoxlamadan keçir...

- Mən sözügedən kitabdakı xəritəyə dəfələrlə baxdım. Kitab çap olunanadək 3 mərhələdən keçir. Nəşriyyatın redaktəsindən keçir, ondan sonra gəlirdi o vaxt Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, orada baxılırdı, bundan sonra verilirdi Təhsil Nazirliyinə və orada yoxlamadan keçirdi. Əgər bu 3 mərhələdə bunlara baxmırlarsa, bax, bu cür vəziyyət yaranır. Səhvlər təkcə tarix dərsliyində deyil.

- Siz özünüz dərsliklərdə səhvlərlə rastlaşırsınızmı?

- Mənim gördüyüm bir neçə dərslik var ki, biabırçı vəziyyətdədir. Saxta məlumatlar var, doğru olmayan, heç bir mənbəyə istinad olunmayan məlumatlar yazırlar. Sovet ideologiyasının təsiri altında, onun təsirindən xilas olmamış ifadələr, cümlələr, mətnlər var dərsliklərdə. Təhsil Nazirliyi bir prinsip tutur, Dövlət İmtahan Mərkəzi ayrı cür baxır, nəşriyyat başqa yanaşır, müəllif də qalır ortalıqda. Müəlliflərə deyirdim ki, gəlin, filan şeyi də əlavə edək, deyirdilər "yox, yox, Nazim müəllim, bunu yazmayaq". Soruşurdum ki, niyə? Deyirdilər onda dərsliyimiz keçməyəcək. Niyə keçməyəcək? Bildirirdilər ki, orada filankəs var - filankəs ha, komissiyadan söhbət getmir.

Ad çəkməyəcəm, bir nəfər var idi, mən mənəviyyat üzrə idim, bu isə qatı ateist idi, təsdiq etmirdi. Durub orada sədd kimi, razılaşmırdı. Dövlət təsdiq edib standartı, Nazirlər Kabineti təsdiq eləyib, bu isə standartı buraxmır. Belə şeylər var idi. Mən başa düşə bilmirəm, axı dərsliyi niyə nəşriyyat sifariş edir? Dərsliyi sifariş və qəbul etməlidir Təhsil Nazirliyi.

- Yəqin ki, səhvlər digər dərsliklərdə də var, ancaq hamısı üzə çıxmır.

- "Ədəbiyyat"da, "Coğrafiya"da, "Biologiya"da var. Məsələn, "Biologiya" dərsliyində "cücülər" ifadəsi işlənir. Bizim dilimizdə var cücü, var həşərat, var böcək. Bunlar ayrı-ayrı varlıqlardır. Həşəratlar torpağın altında olanlardır, böcəklər qanadlı olur - daha böyük, bir də var cücülər. Sən bunların hamısına cücü deyəndə birincisi, dilimizin imkanlarını məhdudlaşdırırsan, ikincisi, insanın düşüncəsini məhdudlaşdırırsan. Bir var uşaq 3 informasiya alır, fərqlərini anlayır, düşünür və s, bir də var ümumi şəkildə bir ad altında təqdim olunur. Bax, belə-belə şeylər var. Tarix dərsliyində yazırlar - "belə düşünmək olar ki", "belə qənaətə gəlmək olar ki". Qardaş, bu elm olmur axı. "Belə düşünmək olar", "belə nəticəyə gəlmək olar" nə deməkdir? Belə düşünməsən nə olacaq bəs? Bütün bu məqamlar nəzərə alınmalıdır.

Nicat

Oxundu 821