QHT sədri: "Bakıda itlərdən başqa məqsədlərlə istifadə olunur" - MÜSAHİBƏ

"Alyans" canlı aləmin mühafizəsi Birliyinin rəhbəri Mənsurə Rəsulzadə "Yeniavaz.com" saytına müsahibəsi:

- Mənsurə xanım, sahibsiz itlərlə bağlı sosial şəbəkələrdə videolara tez-tez rast gəlirik. Sahibsiz itlərin küçələrdə çox olması hər kəsi narahat edən məsələdir...

- Sahibsiz itlər belə deyək, dəbə o vaxt minib ki, Azərbaycanda sahibsiz itlərə qarşı mübarizə adı altında bir qurum yaranıb. Sovetlər dövründə də var idi. Əslində, sahibsiz deyilən həmin heyvanların "qara bazarı" da var. Soruşsanız, heç kəsin bundan xəbəri yoxdur. İstər sovet dövründə, istər indi, həmçinin bütün dünyada belə heyvanların başqa məqsədlərlə istifadəsi var. Sabun, dəri sexlərində bu itlərdən istifadə olunur. Ovlama ilə məşğul olanlar artıq bunu 2-3-cü biznes kimi fikirləşib. Ona görə də gəlirli bir sahə olduğu üçün "sahibsiz" sözündən istifadə etməklə bunu gəlirli bir sahə kimi əllərində qoruyub saxlamağa çalışırlar. Sahibsiz sözünü işlətməklə ikrah hissi yaradırlar. İtlər insanların dostudur. At və it həmişə insanın dostu olub. Sahibsiz sözü insanların itləri hər yerdən uzaqlaşdırmaq üçün və bu quruma müraciət etmək üçün ortaya atılmış termindir. Dünyada bu söz işlədilmir.

- Qeyd edirsiniz ki, həmin heyvanlardan biznes məqsədi ilə istifadə olunur. Əslində zənnimizcə, ağır ittihamdır. Söhbət dünyadan gedir, yoxsa elə bizdən də?

- Bizdə faktlar var ki, belə bir şeylər gizli olaraq aparılır. Bu qurumun rəhbər işçisi efirdə bildirdi ki, bu, hazır biznesdir. Dedi ki, bu heyvanların dərisi çox yararlıdır. Təklif elədi ki, bu heyvanların hamısını poliqona buraxaq, onlar zibillərlə dolansınlar, heç nədən biz dəri əldə edəcəyik. Bunu efirdə deyib. Lakin sonra qınaqlarla üzləşdiyi üçün sözünü reallaşdıra bilmədi. Bu fikrin gizli şəkildə həyata keçirilməsi ilə bağlı bizdə fakt var idi. Bu insanların dəri sexi var, dəriləri yoxlayın, haradandır? Dərilər var ölkədə, hansısa bir sexə getsəniz, ala bilərsiniz. Metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşir həmin sexlər. Gedin, maraqlanın. Tək dəri məsələsi deyil. Dərisini çıxarıb, ətini də harasa göndərirlər. Onunla da maraqlanın. Bunlarla Dövlət Təhlükəsizlik Xidməti məşğul olmalıdır. Bunun sorğusunu soruşan yoxdur onlardan.

- Nəyə əsaslanıb belə deyirsiniz?

- Sözügedən idarədə hesabat yoxdur. Məsələn, gündə 30-40 it gətirirlər bura. Mininmum deyirəm, indi sayları daha da çoxalıb. Biznesləri çox fayda verdiyi üçün indi daha güclü rejimə keçiblər. Buna əminəm. 30-40 iti vurun 30 günə. 1000-i keçir həmin itlərin sayı. Bu idarə 20 ildən çoxdur ki, fəaliyyət göstərir. İndi siz gedin idarənin həyətinə, amma bu heyvanların harada öldürüldüyünü, hara yoxa çıxdığını müəyyənləşdirin. Hansı üsullarla - aktlaşdırmırlar. Deyirlər evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkənlərin həyatdan məhrum etmə təcrübəsi)

üsulu ilə məhv edirlər. Sivil ölkələrdə bunu edirlər, heyvan ağrı hiss eləmir, sadəcə gözünü yumur və ölür. Heyvan qocadırsa, xəstədirsə, onun yaşaması əziyyət verir. Bunlar isə evtanaziya sözünü dillərinə salıblar. Evtanaziya məhlulu ümumiyyətlə, Azərbaycanda yoxdur. Onu bura gətirməyi razılaşdırmayıblar. Heyvanları nə üsullarla öldürürlərsə, aktlaşdırmalıdırlar. Heyvanın xəstə olması ilə bağlı baytar rəyi varsa, yaxud heyvan quduzdursa, çox humanist yolla öldürülməlidir. Hesablayın, bu 1000 heyvan hara yoxa çıxır? İdarənin qarşısına gedib baxsanız, 50-ə yaxın heyvan görə bilərsiniz. Biz həmin heyvanlara yemək aparırıq. Ən bədbəxt heyvanlardır, bizdən qorxurlar, amma görürlər ki, onları tutub gətirənlərdən deyilik. İdarənin həyətində qoca, xəstə heyvanlardır. Onlar yararsızdır, saxlayırlar ki, yəni var. Hanı bəs 1000 heyvan? Bunlar hamısı biznesdir. Özü də onlar tutarkən bəslənmiş heyvanları tutub aparırlar. 1000 heyvan hara yox ola bilər? Bunların dərisi seçilir, çox böyük biznesdir.

- Əgər belədirsə, onda yaşayış yerlərində sürü ilə gəzən həmin heyvanların sayı niyə çoxdur?

- Yaşayış yerlərində bu itlərin sayının çox olmasının bir başqa səbəbi də var. İnsanların yaşayış yerləri sıxlaşır, bu heyvanlar həmişə yaşayış yerlərinə yaxın gəlirlər, çünki insanın yanında yaşayaraq mövcud ola bilirlər. Əslində, onlar çoxalmayıblar, insanlar sıxlaşıblar. İnsanların yaşayış məskənlərinin sərhəddi genişlənib, onların yerini darlaşdırıblar.

İnsanların təbiətə marağı çox azalıb, texnologiyaya daha çox üstünlük verirlər. Sanki real yox, virtual həyatdadır insanlar. Real həyatda hər şey insanlara elə bil ki, mane olur.

Sizə maraqlı bir faktı deyim - hazırda Rusiyada belə bir mübahisə gedir əhali arasında - yaşayış yerlərində ağaclar olsun, yoxsa olmasın? Dava gedir orada, deyirlər ki, ağacların yarpaqları töküldüyü üçün yaşayış yerlərində olmamalıdırlar.

İnsan aqressiyası növbə ilədir, yəni bu var, ona yönəldirəm, o yoxdur növbəti bir şeyi tapıb ona yönəldirəm. Ondan sonra növbədə kimdir? Rusiyanın çox yerində heyvanları öldürdülər, sığınacaqlar da var və s. İndi insanlar ağaclardan danışırlar. Sonra keçəcək insan insana.

Bizdə heyvanları başa düşmürlər. Elə bil ki, insanlar heyvanlarla müharibə aparırlar. Çünki bizdə maarifləndirmə yoxdur.

Dünyada insanların diqqəti ətraf mühiti qorumağa, canlılara qorumağa maraq yaratmağa yönəldilib. Azərbaycanda bu maraqlar mənim fikrimcə, gözlənilmir. Ona görə ki, bu maraqları aşılayan qurum yoxdur. Bu qurumu yaratmağa maraq yoxdur. Maddiyyatı düşünürlər.

- Maariflənmə uşaqlar arasında aparılmalıdır?

- Mən baxıram ki, maarifləndirmə deyəndə biz yalnız məktəbləri nəzərdə tuturuq. Hətta müəllimlərin arasında maarifləndirməyə ehtiyac çoxdur. Qanunvericilikdəki boşluqları doldurmaq üçün qanunları qəbul eləyənlər arasında da bununla bağlı maariflədirmə getməlidir.

Heyvanlar Allahın yaratdığı canlıdır, ikincisi, bu ölkənin heyvanıdır. Sahibsiz heyvanlarla məşğul olan qurum var. Əslində, bu qurum bizim görəcəyimiz bir çox işlərə mane olur. Mən deyərdim ki, nəzarətsiz bir cəmiyyətdə hamı sahibsizdir, tək heyvan deyil. Sahibsiz heyvan sözünü cəmiyyət ya həll eləməlidir, əgər sahibi varsa, araşdırılmalıdır, tapılmalıdır, ümumiyyətlə, sahibsiz heyvan sözünü işlətməməlidir. Sahibsiz heç nə yoxdur.

Bu məsələni həll etməliyik. İnsanların bəziləri heyvanı sevməsə də anlayırlar ki, o yazığın günahı nədir? Mən şəxsən həmişə elə heyvan görəndə düşünürəm ki, bu yazıq doğurdan da nələr çəkir. Mən onun yerində özümü hiss edirəm.

- Amma yəqin siz də razı olarsınız ki, itlər tez-tez uşaqlara hücum edirlər. Hər halda ailələri də qınamalı deyil.

- Ailə uşağını heyvana nifrətlə böyütməməlidir. "Yeməyini ye, it gəldi", "ye, yoxsa itə ataram səni", "götür daşı, iti vur". Siz kimə daş atsanız, o sizinlə dost olar? Sizi kimə qarşı fobiyalı böyütsələr, onu sevərsiniz? Bunu ailə özü belə formalaşdırıb ki, uşaq heyvandan qorxsun və ya heyvanı vursun. Mən heç vaxt heyvanlardan qorxmamışam. Sevmişəm, onlara maraqlı bir varlıq kimi baxmışam. Uşaqların iti vurması və ya itin uşaqları dişləməsi hələ sual altındadır. Mən sürü ilə gəzən itlərin arasına girirəm. Ona görə ki, insanlar adından məsuliyyət hiss edirəm ki, ac, sürü ilə gəzir bu itlər. Daşlanmış, şikəst edilmiş heyvanları görəndə utanıram. Mən heyvanların küskünlüyünü hiss edirəm.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top