Aşıq Ədalətin oğlu: “Sonuncu dəfə gözünə baxanda “ağrın alım, ay Hekayət...” dedi, hər ikimiz ağladıq...”

“Sürücüylə ya da çobanla bir məclisdə oturanda prokuror da çağırsaydı, getməzdi” Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyadan köçmüş tanınmış, məşhur ziyalıların övladları da ataları haqqında xatirələrini bölüşürlər. Bu dəfəki qonağımız kimi…

Layihəmizin növbəti qonağı bu yaxınlarda dünyasını dəyişən, bir neçə gündən sonra 40 mərasimi keçiriləcək el sənətkarı, Əməkdar incəsənət xadimi, saz sənətinin böyük ustadı Aşıq Ədalətin oğlu Hekayət Nəsibovdur. O, atası Aşıq Ədalət Nəsibov haqqında xatirələrini danışıb, ürək sözlərini bizimlə bölüşüb.

Sizi Hekayət Nəsibov və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

İtki əzabı, ata vəsiyyəti…

-Atam Aşıq Ədalətin ölümü bütün sazsevər insanlar üçün ağır itkidir. Mənim üçün həm o cür valideyni, həm də dünya miqyaslı bir sənətkarı itirmək həddindən artıq ağırdı. Çox əziyyət çəkirəm. Bu itki məni çox incidir və ağır təsir edir. Təsirindən hələ də çıxa bilmirəm. İnanın Allaha, gecə-gündüz onun videoyazılarına baxıram, çəkildiyi televiziya proqramlarında, getdiyi el məclislərində dediklərini dinləyirəm. İndi görürəm ki, illər öncə dediyi hər söz özü-özlüyündə ağsaqqal nəsihəti, ata vəsiyyətdir. Sanki o zaman bilərəkdən insana doğru yol göstərən sözləri bu günlər üçün deyirmiş. Vaxt olanda siz də onun videolarını izləyin. Elə bayaq da baxırdım, bilmirəm hansı televiziya çəkib, internetə vermişdi. Mən də izlədim və “Feysbuk”da da paylaşdım. Atam orada çox maraqlı söhbətlər edirdi: öz ölümü haqqında, vəsiyyəti barədə danışırdı. Deyirdi ki, “övladlarıma vəsiyyət etmişəm ki, mən öləndə məzarıma sazımı qoysunlar. Amma sonradan fikirləşdim ki, sazı yox, onun sinəsini sinəm üstünə qoysunlar...”.

“Saf güzgünün qeydləri”, yaxud Sazın Nizamisi

-Atam elə 30 il bundan əvvəl də öz nəsihət və vəsiyyətini deyərdi. Konkret deməzdi ki, “ay bala, mən 3-5 aydan sonra dünyamı dəyişəcəm, sizə də bundan yana vəsiyyət edirəm”. Yox! O, elə əvvəlcədən mənə də, Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik qardaşıma da deyərdi ki, “a bala, mən bir güzgüyəm. Mənə baxın, etdiklərimi edin, etmədiklərimi etməyin”.

Bir dəfə elə ikimiz idik, oturub söhbət edirdik. Söhbət sazdan-sözdən düşdü. Ömürdən, qocalıqdan danışdı. Dedim, baba, bu işlərin axırı necə olacaq? Səndən sonra bu sazın-sözün davamçısı varmı? Kimsə sənin çatdığın həddə çatacaqmı? - biz övladları ona “baba”deyərdik...


Onda o, mənə Nizami ilə bağlı bir əhvalat danışdı. Dedi, “bir gün Nizami baxır görür ki, oğlu ortalıqda yoxdu. Bunu axtarıb bir neçə gündən sonra tapır. Soruşur ki, “a bala, haradasan sən, niyə ortalıqda görsənmirsən?”. Oğlu cavab verir ki, bəs, bu gündən o da şeir yazmağa başlayıb. Onda Nizami oğluna iki misra ilə cavab verir: “Şeirdən ucalıq umma dünyada, dahi Nizamiylə qurtardı o da””. Başa düşdüm nə demək istəyir. O iki misradan sonra biz bu söhbəti yığışdırdıq. Təxminən, bir il bundan qabaq bu söhbəti etmişdik. Bəzən televizorda da Aşıq Ədalət haqqında danışanda onu solo-ifaçı kimi təqdim edirlər. Demək istəyirəm ki, bu cür müraciət həm kişinin ruhunu incidir, həm də bizim-ailəsinin xətrinə dəyir. Bu kişi şəxsiyyət kimi tam, Haqq aşığı kimi bütöv idi. Əgər aşıqlığın, aşıq sənətinin nə olduğunu bilmək istəsən, onda Aşıq Ədaləti yada sal.

Haqq sirri, Haqq aşığı...

-O, əsl Haqq aşığıydı. Elə Haqq aşıqlarının da yaşadığı İlahi möcüzələri atam da yaşamışdı. Desəm, bəlkə də, inanmazlar. Amma sıradan bir insan yox, qeyri-adi şəxsiyyət idi. Biz tez-tez bunun şahidi olardıq.

Adi yeməyində də fərqli idi. Məsələn, quzu kəsiləndə bir də görərdik ki, quzunun əsl kabablıq yerləri qalıb, onun çənəsini və dilini özü üçün kabab elətdirib. İndi çoxusu xəşil yeməz. Amma o xoşlayırdı ki, xəşili bəhməzlə yesin....
Yəni, yeməyindən tutmuş, hər hərəkətinə qədər qeyri –adi idi. Özü üçün bir misal çəkərdi. Deyərdi ki, “bir kişi görür ki, oğlu xəstədi. Deyir, a bala, nə olub? Oğlan deyir, tüküm ağrıyır. Ata deyir ki, bəs, yeməyə nə istəyirsən? Cavab verir ki, üstü sarımsaqqatıqlı südlü aş. Ata əsəbləşir qışqırır ki, sənin nə yeməyin yeməkdi, nə də xəstəliyin xəstəlik...”. Özü üçün bunu nümunə kimi çəkərdi.

Həmişə də tək qalmağı xoşlayardı; ruhən azad insan idi. Bakıya köçəndən sonra dedik ki, gəl, bizimlə yaşa. Ya da torpaq alaq, sənin üçün nəsə tikək. Dedi, “a bala, siz sağ olun, mənimlə işiniz olmasın. Amma tək yaşasa da, biz övladları, nəvələri onu heç zaman tək buraxmazdıq. Dediyim odur ki, yaşam tərzi ilə də bambaşqa insan idi...


Sönən işıq...

-Müsahibələrinin birində demişdi ki, uzun müddət gecələr onun başımın üstündə işıq yanıb. Ölümündən əvvəl bu haqda bir daha dostlarına danışdı. Deyirdi ki, “AzTV-də səhər buraxılışında bir xanım aparıcı var idi, o mənim saqqımızı oğurladı, ilk dəfə bu işıq haqqında danışdım. Dedim ki, gecələr mənim başımın üstündə şam işığı yanır. Ondan sonra həmin işıq daha başımın üstündə yanmadı”.

Bala Ədalətdən küskün Ədalət

-Səmimi insan idi. Heç vaxt uşaqlığı ilə bağlı nəyisə gizlətməzdi. Televiziyalarda da soruşanda bütün uşaqlıq yaşantılarını danışardı. Çox çətin uşaqlığı keçib. Həddindən artıq kasıb bir ailənin ilk övladı olub. Deyim ki, o aşıqlıq yox, başqa sahə ilə məşğul olsaydı, yenə də uğur qazanacaqdı. Orada da birinci olacaqdı. Amma dediyim kimi, uşaqlığı çox çətin keçib. Atası saza-sözə olan marağını görüb, ona dərs keçib. Sonra ustad aşıqların yanında aşıq sənətinin sirlərinə yiyələnib. 12-13 yaşlarında toylara gedib. Ustad aşıqlarla birlikdə ifa edib. Aşıqlar ondakı istedada və güclü hafizəyə vurğun olublar.

Bütün bunlarla bərabər, uşaqlığındakı çətin məqamları da deyərdi. Deyərdi ki, atası pinəçi olub. Hərdən etiraz edərdik ki, bunları niyə deyirsən? Deyərdi, “mənə öyrətməyin, özüm bilirəm nə danışıram”. Bir dəfə də uşaq proqramlarının birində qonaq idi. Sualları uşaqlar verirdilər. Bir sual da verdilər ki, uşaqlıq illərinizə qayıtmaq istəyərdiniz? Dedi ki, “yox a bala, qayıtmaq istəmərəm”. Evə gələndə soruşduq ki, niyə elə dedin? Cavab verdi ki, “uşaqlıq illərinə niyə qayıdım ki?! Hələ indi-indi əlimiz çörəyə çatır, qarnımız doyur...”.

Onun çox istedadlı olduğunu, gözəl saz çaldığını görüb Səməd Vurğunun yanına gətirirlər. Səməd Vurğun da saz həvəskarı olub. İfasını bəyəndiyi üçün, həm də elin bir uşağı olduğundan onu özü ilə Bakıya aparmaq, oxutdurmaq ya nəsə bir şərait yaratmaq istəyirmiş. Amma atamın atası bir az çətin adam olub. Müharibədən qayıdan və onun müəyyən fiziki problemlərini öz üzərində gəzdirən insan idi. Evin böyük oğlu və dayağı olduğu üçün atamın Bakıya getməyinə rüsxət verməyib. Amma atam Səməd Vurğuna həmişə “Səməd əmi” deyərdi.
Müsahibələrində də, dostlarla söbətlərdə də hər zaman onun haqqında ürəkdən danışardı. Səməd Vurğun da ona “Beçə” deyərmiş. Yəni, insan 13-14 yaşdan sonra “beçələyir”: səs dəyişir, qalınlaşır, fiziki baxımdan inkişaf edir...

Şəxsən mənə Səməd əmisi ilə bağlı heç nə danışmayıb. Elə mən də söhbətlərindən və dostlarının xatirələrindən eşitmişəm. Ümumiyyətlə, onunla masa arxasında oturub, bunlar barəsində çox danışmazdıq.

Bülbülün nağılı

-Bülbül əhvalatı barəsində də xeyli danışırlar. Deyirlər ki, Aşıq Ədalət saz ifa edən zaman bülbül gəlib saza qonub və cəh-cəh vurmağa başlayıb. Doğrusu, mən şəxsən gözümlə bu hadisəni görməmişəm. Amma məndə bir görüntü var, bu yaxınlarda izlədim. Gördüm ki, atam saz çalmağa başlayan kimi, hardansa bir bülbül gəlib, təxminən, 3 metr aralıqdakı bir daşın üzərində oturdu və cəh-cəh vurmağa başladı. Mənim gördüyüm budur, ola bilsin ki, başqaları həqiqətən də, atamın ifası zamanı bülbülün sazın üzərində qonaraq oxuduğunu görüblər.

Həzrət Əli şəyirdi

-Əsl xalqa bağlı adam idi. Xalq içində olan sadə adamlarla dostluq edər, onlarla oturub-durardı. Dostlarının arasında sürücü də olardı, çoban da, bir başqası da... Elə bu zümrənin adamları ilə oturanda bir də görərdin ki, məsələn, rayon prokuroru ya hansısa bir vəzifə, səlahiyyət sahibi adam göndərib, onu məclisinə dəvət etmək istəyir. Amma babam getməzdi. Deyərdi ki, “mən burada yoldaşları qoyub, gedə bilmərəm. Ürəyi çox istəyirsə, o özü durub gəlsin”.
Mən sizə haradasa, 30 il bundan əvvəlin olmuş söhbələrini danışıram. Hərdən olurdu ki, bu cür hallarda həmin vəzifə yiyələri ondan küsərdilər. Amma o da Aşıq Ədalət idi. Ürək sirdaşı olan çobanı, sürücünü qoyub getməzdi. Ümumiyyətlə, onu fikrindən daşındırmaq mümkün deyildi. Bir şeyə qərar verdisə, daha dəyişməzdi. Həmişə də deyərdi ki, “mən dərsimi Həzrət Əlidən alıram...”.

“Musiqili kitabxana”

-Babam, həm də çox güclü yaddaş şahibiydi. Mən şəxsən onun kimi güclü yaddaşa sahib ikinci bir adamı görməmişəm. Sən yəqin, onun məclis apardığının şahidi olmamısan. İnternetdə, televiziya çıxışlarına baxsan, görərəsən. Əgər müasir bir şairdən şeir deyirdisə, o şeirin ortasında bəlkə, 20-yə qədər şairdən sitatlar gətirərdi. Fenomenal yaddaşı vardı. Evindəki böyük kitabxanada hansı kitabın üstünə əlinə qoysaydın, içindəkilərini sənə əzbərdən deyərdi. Həm çox güclü yaddaşı, həm də geniş mütaliəsi var idi. Uşaq idik, gecə oyanıb görərdik ki, babamın işığı yanır, yenə kitab oxuyur. Hər dəfə də çarpayısının yanında Aşıq Ələsgər, Səməd Vurğun, başqa el sənətkarlarının, lap elə son zamanların milli ruhlu şairləri Bəhmən Vətənoğlu, Sücayətin kitablarını üst-üstə qalaqlayardı. Oğlumun 26 yaşı var, o da həmin ruhda olan mütaliəyə böyük maraq gösətrir. Bəzən özüm atamın çox sevdiyi kitabları oğluma oxumaq üçün məsləhət görürəm.



Əfsanələşmiş ifalar - “Yanıq Kərəm”, “Ruhani”, “Hicrani Kərəm”...

-“Yanıq Kərəm” havasına “Yeddi oğul istərəm” filmi ilə möhür vurmuşdu. Amma son illərdə “Yanıq Kərəm”i ifa etmək istəməzdi. Xoşu gəlməzdi ki, durub, bu havanı çalsın. Çünki “Yanıq Kərəm” saz havasını ayrı kökə salıb ucuzlaşdırdılar, oyun havasına çevirdilər. Filarmoniyada 50 illik yubileyi keçiriləndə babam bir “Ruhani” ifa etdi. Sən bir ona qulaq as, gör ki, sazda indiyə qədər elə bir sehirli musiqi eşitmisənmi? Heç oğlu kimi yox, sadəcə, saz vurğunu olan insan kimi deyirəm ki, şəxsən mən özüm elə bir şedevr ifa eşitməmişəm.

İndi də saz çalanlar var. Kaseti qoyur, harada barmaq vurmaq, harada nə etmək lazım olduğunu bilirlər. Amma Aşlq Ədalət bir havanı ikinci dəfə tamam fərqli ifa edərdi. Bunu ilk dəfə sizə deyirəm: uşaq idik, rəhmətlik qardaşım saz çalmağı bacarırdı. Babam ona deyirdi ki, “oğul, bir havanı çalmaq istəyəndə ürəyində o mahnını oxu. Onda necə lazımdı, çalacaqsan”.

Bəzən, öz –özünə danışardı. Deyərdi ki, “a bala, izlə gedənin izi olmaz”. İndi siz bayaq dediyim “Ruhani”, bir də təbiət qoynunda ifa etdiyi “Hicrani Kərəm” havalarını dinləyin; hər ikisi internetdə var. Onda görərsən ki, o sadəcə, saz çalmır. Onun ifası sazın fəlsəfəsidi, mahiyyətidir, nağılıdı. O ifalardan bir daha olmayacaq...

Ədalətli yerlər – Basarkeçər, Kəlbəcər...

-Haradasa, 14-15 yaşım olardı. Qərbi Azərbaycanın Basarkeçər rayonunun Daşkənd kəndinə qonaq getmişdik. Orada bir Mamed müəllim var idi, atam onun uşaqlarının kirvəsiydi. Bizi çox yaxşı qəbul etdilər. İnanın ki, qonşular atamı qonaqlamaq üçün növbəyə durmuşdular. Bu deyirdi ki, Aşıq Ədalət mənim evimdə qonaq olacaq, o biri deyərdi ki, yox, mənim evimdə...

Mamed müəllim də çox abırlı və qonaqpərvər insan idi. Nə onlara qəti cavab verə bilirdi, nə də aşığı buraxmaq istəyirdi. Bilənlər bilir ki, o tərəflərdə, dağın o biri tərəfi Kəlbəcərdi. Atam dedi ki, Kəlbəcərə getmək istəyir. Mamedin böyük oğlu sürücü idi, kolxozun maşınını sürürdü. Dedi, apararıq. Mən və Mamed müəllimin kiçik oğlu kuzovda oturduq. Dəli dağı aşıb, İstisunu adlayandan sonra Kəlbəcərə çatdıq. Bizi çox yaxşı qarşıladılar. Ümumiyyətlə, kəlbəcərlilər aşıq üçün nəfəsi gedən adamlardılar. Bəzən, mən acıqlanıram ki, aşığın doğulduğu Qazaxda heç o qədər qapıda aşıq toy çağırmır. Amma Tovuzda, Kəlbəcərdə elə bir toy olazdı ki, Aşıq Ədalət orada iştirak etməsin. Kəlbəcər camaatı başımıza tökülüşdü. Qardaş, bizi buraxmadılar. Bir neçə gün orada qaldıq. Hərə öz sevgi və ehtiramını bir cür göstərmək istəyirdi. Biri dana gətirib deyərdi ki, aşıq, sənə qurban kəsmək istəyirəm, birisi quzu gətirərdi... Oradan zorla ayrıldıq. Gecə ikən həmin maşına minib dağın o biri üzünə adladıq.

Sazın və həyatın sarı simi

-Son nəfəsinədək atamın yanında oldum. Özüm növbəli iş sistemində çalışıram. Bəzən, işə gedərdim. Onda da övladlarım, ailəm, bacılarım məni əvəzləyib atamın yanında qalardılar. Amma yenə də dünyasını dəyişəcəyinə inanmazdıq. Elə bilirdik ki, yenidən yaxşı olacaq, ayaq üstə qalxacaq. Çünki hər şey qaydasında idi. Hər sözə bir şeir qoşardı. Atamın qulluğunda çox duran bir simsarımız var, Sultanxanım. Son günlərində ona deyib ki, “məni kimə tapşırıb gedirsən?”. Babam da cavab verib ki, “səni Xudaya tapşırıram!”. Bunu mənə deyəndə çox təəccübləndim. Çünki babam həmişə deyərdi ki, “səni Əliyə tapşırıram!”.

Son iki gündə isə demək olar ki, heç hərəkət etmədi. Sonuncu gün onun yanına gələndə bacım dedi ki, bircə səhər deyib ki, “soyuqdur, üstümə bir şey at”. Ondan sonra danışmayıb. Eləcə gözünü bir nöqtəyə dikmişdi. Onu astaca qaldırdım. Göz-gözə gəldik. Hər ikimiz kövrəldik. Dedi, “ağrın alım, ay Hekayət...”. Hər ikimiz ağladıq...

DİGƏR XƏBƏRLƏR

Top