Müasir qulların sayı hesablandı

Müasir dünyada köləliyin əsas formalarından biri məcburi nikahlardır. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Avstraliyanın “Walk Free Foundation” qeyri-hökumət təşkilatının hesabatında deyilir. Təşkilatların ekspertlərinin hesablamalarına görə, hazırda 15,4 milyon adam müxtəlif ölkələrdə iradələrinə zidd olaraq bağlanmış nikahlarda yaşamaq məcburiyyətindədir. Bununla belə, 6,5 milyon məcburi nikah 2012-2016-cı illərdə bağlanıb. BƏT-in hesabatında qeyd edilir ki, bir çox qurban “nikah” adı altında ödənişsiz işçi qüvvəsinə çevrilib. BƏT-dən bildiriblər ki, kişilər də nikaha daxil olmağa məcbur edilirlər, lakin “nikah” zorakılığı qurbanlarının əksəriyyəti (88 faiz) qadınlar, o cümlədən 18 yaşından kiçik qızlardır (37 faiz). Ən çox məcburi nikah Afrika ölkələrində (1000 nəfərə 4,8 hal) bağlanıb.

BƏT-in məlumatına əsasən, daha 24,9 milyon “müasir qul” “sahiblərinin” əmr etdiyi yerlərdə işləyirlər. Dövlət orqanları tərəfindən məcburi əməyə cəlb edilənlərin sayı 4,1 milyon nəfərdir. Şirkət və fərdi şəxslərin işləməyə məcbur etdiyi adamların sayı isə 16 milyondur. Daha 4,8 milyon nəfər (onların 99 faizi qadındır) məcburi olaraq seks-sənayesinə cəlb edilib. Ekspertlərin hesablamalarına görə, son beş ildə təxminən 90 milyon nəfər müasir köləlikdə olub.

DİGƏR XƏBƏRLƏR

Top