turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

emek-haqqi-ve-gelir-vergisi-hansi-olkede-ne-qederdi-cedvel

Əmək haqqı və gəlir vergisi: Hansı ölkədə nə qədərdi? - CƏDVƏL

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

ƏDƏBİYYAT

Heydər Əliyev və Üzeyir bəy fenomeni

18.09.2017 20:41

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı. O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar gətirərdi. Hətta ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir.

Dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş vermişdir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır.

Doğrudur, bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin adının əbədiləşdirilməsi ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar qəbul etmişdir. Orada bir çox dəyərli müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və Bakıda ev-muzeylərinin yaradılmasına da yer ayrılmışdır. 1959-cu ildə Şuşada Ü. Hacıbəylinin ev-muzeyi açılmışdır. Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalmışdı. Bəzi ixtiyar sahibi olan məmurlar deyirdilər ki, "ölülər gözləyərlər, bu məsələlər çox da vacib deyildir" və s. Ona görə də Ü. Hacıbəylinin ev-muzeyi təşkil olunmurdu.

Nəhayət, böyük öndər Heydər Əliyev respublikaya rəhbərliyi dövründə bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il (1915-1942) yaşadığı evini muzeyə çevirmək mümkün oldu. Bu barədə Heydər Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə demişdir: "1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsində Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev onun ev-muzeyinə çevrildi".

1975-ci ildə böyük dövlət xadimi Heydər Əliyev özü şəxsən muzeyin açılışında iştirak etmiş və demişdir ki, muzey Ü. Hacıbəyov kimi dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazımdır. Ulu öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik yubileyində gerçəkləşdi. Heydər Əliyev tərəfindən direktor təyin edilmiş, Üzeyir bəyin qohumu Ramazan Xəlilovun yorulmaz səyi nəticəsində muzeyə bitişik binalardan on ailə köçürüldü. Onlara təzə evlər verildi. Və bu mənzillər də muzeyə əlavə olundu. Lakin sonuncu dəfə 1985-ci ildə əsaslı təmir olunan muzeyə 2005-ci ilə qədər əl vurulmadı. 2004-cü ilin payızında mən muzeydə çalışdığım zaman, Heydər Əliyev ənənələrini layiqincə davam etdirən hörmətli prezidentimiz, cənab İlham Əliyevə televiziya vasitəsi ilə müraciət etdim. Müraciətim cavabsız qalmadı. Az sonra, 28 fevral 2005-ci ildə möhtərəm prezident İlham Əliyev Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir edilməsi ilə bağlı xüsusi sərəncam imzaladı.

Ümummilli lider Heydər Əliyev Üzeyir bəy Hacıbəyli fenomenini qiymətləndirə bilən bir dövlət xadimi idi. O, mədəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə bağlı çıxışlarında dahi Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə vurğulayırdı. Böyük öndərin Ü. Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdə söylədiyi dahi sənətkar haqqındakı məruzəsi bu gün də yaddaşlarda yaşayır. Bənzərsiz natiq olan Heydər Əliyev Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, musiqişünas alimləri kölgədə qoydu.

Heydər Əliyev həmçinin Ü. Hacıbəylinin operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyət - çar Rusiyasının hakim olduğu dövr, Azərbaycan Demokrat Respublikasının dövrü və Azərbaycanda sovetlər dövründə yaşadığını qeyd etmiş, bununla yanaşı onun vətənpərvərliyini xüsusi vurğulamışdır. Üzeyir bəy Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan ümummilli liderimizə jurnalistlər sual verəndə ki, "sizin ən sevimli bəstəkarınız kimdir?" Heydər Əliyev tərəddüd etmədən "Üzeyir Hacıbəyov "- demişdir.

"Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur ", - deyən ulu öndər böyük sənətkara tükənməz məhəbbətini izhar edərək, daha sonra qeyd etmişdir ki, "...dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm".

Yeri gəlmişkən, 18 sentyabr Azərbaycan mədəniyyəti üçün tarixi bir gündür. Milli mədəniyyətimizin təşəkkül tapmasında, tərəqqisində müstəsna xidmətləri olan, dünya şöhrətli dahi bəstəkar, musiqişünas-alim, dirijor, publisist, dramaturq, tərcüməçi, pedaqoq, tarixçi, filosof, akademik, ictimai xadim, xeyirxah insan Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gündür.

Bünövrəsi maestro Niyazi tərəfindən qoyulan bu tarix uzun illərdir ki, ölkəmizdə təntənəli surətdə qeyd edilir. 1995-ci ildən isə 18 sentyabr günü rəsmi status almışdır. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 17 sentyabr 1995-ci il tarixli xüsusi sərəncam ilə "18 sentyabr - Üzeyir Musiqi Günü" kimi keçirilir. Əfsuslar olsun ki, hər il bu barədə söhbət açmağımıza baxmayaraq, media işçiləri, bəzi musiqişünaslar, səlahiyyətli şəxslər bu günün adını təhrif edərək "Milli Musiqi Günü " deyirlər. Nə üçün? Bunun səbəbi nədir? Bu məsələ Üzeyir bəy sevərləri, bütün xalqımızı çox narahat edir. "Milli Musiqi Günü" bütün il boyu keçirilə bilər. Bütün il boyu milli musiqilərimiz, eləcə də bəstəkarlarımızın əsərləri ifa olunmalıdır. 18 sentyabrda isə yalnız Üzeyir bəy Hacıbəyli musiqisi səslənməlidir. Və həmin günün adı xalqa, geniş ictimaiyyətə düzgün çatdırılmalıdır. 1995-ci ildə verilmiş sərəncamı qaldırıb baxmaq bu qədərmi çətindir?

Səadət Qarabağlı, üzeyirbəyşünas.

Oxundu 1375