Əkrəm Əylisli: "Yazıçılar Birliyinə ayrılan dövlət vəsaitinin real nəticəsi olmalıdır" MÜSAHİBƏ

"Sahil bağı"nın yanında yerləşən "26" kafesinin ətrafında yaranmış qalmaqalla bağlı müzakirələr bitmir. "Yeniavaz.com" saytı son günlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) adı hallanan məsələlərlə bağlı yazıçı Əkrəm Əylislinin mövqeyini öyrənib. Həmin müsahibəni təqdim edirik.

- Əkrəm müəllim, yəqin ki, baş verənləri siz də izləyirsiniz. Mövqeyinizi bilmək maraqlı olardı.

- Mənim AYB ilə çoxdan heç bir əlaqəm yoxdur, bu təşkilatın üzvü deyiləm. Açığı, mən bu barədə fikir bildirmək istəməzdim. Ona görə yox ki, kimdənsə ehtiyat edirəm və yaxud bunun başqa bir səbəbi var.

- Amma sizin fikirləriniz ictimaiyyət üçün maraqlıdır...

- AYB-nin binasının hansısa kafeyə icarəyə verilməsinə kim müsbət yanaşa bilər? AYB-nin kitabxanasının kafe olması hansı yazıçının xoşuna gələr? Yazıçı olmasın, lap sadə vətəndaş olsun. Amma burada bir məqam, məncə, aydın deyil. Bir müəssisə başqa bir müəssisə ilə müqavilə bağlayır, həmin sənəddə, məncə, müəssisənin rəhbərinin imzası olmalıdır. Orada başqa bir adamın imzasının olması mənə elə gəlir ki, qeyri-qanunidir və vəzifə həddini aşmaq deməkdir. Müqavilənin fotosunu mən də gördüm və məhz bu məqam mənim üçün qaranlıq qaldı. Bu məsələləri yəqin ki, rəsmi dairələrdə araşdıracaqlar.

- Dediyinizdən belə anlaşılır ki, həmin kafeyə icarəyə verilən yerdə əvvəllər AYB-nin kitabxanası olub?

- Əgər həmin kafe ilə müqavilə 2017-ci ildən bağlanıbsa, AYB-nin kitabxanası çoxdandır fəaliyyət göstərmir. Mənə elə gəlir ki, həmin yer artıq 25-30 ildir kitabxana kimi işini dayandırıb. Əvvəllər orada gözəl və böyük kitabxana var idi. Soruşmaq olar ki, bu kitabxananın əşyası necə oldu, kitab fondu hara yoxa çıxdı? Mənim üçün çox ciddi şübhə doğuran məqam budur ki, necə ola bilər ki, müəssisə başqası ilə müqavilə bağlayır, sədrin yox, başqasının imzası olur. Bunu mən düşə bilmirəm.

Elə məsələlər var ki, onları araşdırıb həqiqəti ortaya çıxarmaq mətbuatın işi deyil. Bunun ya araşdırmaçı jurnalist bununla uzun müddət məşğul olmalıdır, ya da dövlət orqanı bu məsələni araşdırmalıdır. Bunları mənə elə gəlir ki, mətbuat araşdırsa da, bundan heç bir real nəticə hasil olmayacaq. Belə məsələlərlə yalnız dövlət orqanları məşğul olmalıdır.

- AYB-nin öz binasının bir hissəsini icarəyə verməsinə münasibətiniz necədir?

- İcarəyə verə bilərdilər kitab dükanına, verə bilərdilər Bəstəkarlar İttifaqına və bu cür mədəni təşkilatlara. AYB-nin binasında gecə kafesinin fəaliyyət göstərməsi əlbəttə, narahatlıq doğurur.

- Təsdiqini tapmadı, amma bu gün bəzi saytlarda AYB-nin ləğvi xəbərləri yayıldı.

- Mən bunlarla 90-cı ildən döyüşmüşəm ki, gəlin AYB-ni Sovet dövründəkindən fərqləndirək, burada yeni ab-hava, yeni mənəvi formasiya yaradaq. Mən bunları deyə-deyə oradan çıxıb getmişəm. Amma AYB-nin indiki məqamda ləğv oluna biləcəyi mənə real görünmür. Əgər bu işdə qanunu pozan varsa və qanun doğrudan da pozulubsa, buna görə kimisə cəzalandıra bilərlər. Lakin Yazıçılar Birliyinin bütövlükdə ləğvi məsələsi real söhbət deyil.

- AYB-nin katibi Fikrət Qoca bildirib ki, icarədən əldə olunan 8 min manat Birliyin cari xərclərinə, işçilərə, maşınların benzininə sərf olunub.

- Əgər dövlət Azərbaycan Yazıçılar Birliyinə vəsait ayırmasaydı, bu təşkilat öz fəaliyyətini davam etdirə bilməzdi. Əslinə qalanda oranı Heydər Əliyev saxladı. Heydər Əliyev istədi bu təşkilat fəaliyyətini davam etdirsin, dövlət tərəfindən də böyük vəsait ayrıldı. Yoxsa nə jurnal-qəzet çıxara bilərdilər, nə kiməsə maaş verə bilərdilər.

Ancaq mən bir şeyi məsuliyyətimlə deyə bilərəm ki, onlar dövlət vəsaitindən tam faydalı, səmərəli istifadə edə bilmədilər. Ədəbiyyatı yeniləşdirmək, istedadı olanlara müəyyən qədər kömək eləmək, onlara şərait yaratmaq...

Özləri siyahı tutub kimlərəsə təqaüd verdilər. Verilən təqaüdlərdən hər hansı bir əsər ortaya çıxdımı? Heç olmasa 3-4 əsərin adını çəkə bilərsinizmi? Çoxdandır ki, dövlət tərəfindən bu təşkilata vəsait ayrılır. Ədəbiyyatı inkişaf etdirmək üçün, gənc ədəbiyyatçılar yetişdirmək üçün, qocaman yazıçılara yazıb-yaratmaq imkanı vermək üçün dövlət vəsaiti ayrılıb. Bunun nəticəsi ədəbiyyatın inkişaf etdirilməsi olmalıdır. Ancaq bu saat AYB-dən kənarda olan 10-15 yazıçı, şair orada olan 1600 qələm əhlindən daha çox populyardır, daha çox oxunur, daha çox diqqət çəkir. Əgər elədirsə, onda bu təşkilata bu qədər vəsait ayırmağın nə mənası var?

İctimai təşkilatlar yalnız Sovet dövründə dövlət büdcəsindən maliyyələşirdi. İndiki halda ictimai təşkilata vəsait ayrılması, məncə, qeyri-məntiqidir. Əgər bu təşkilata bu qədər dövlət vəsaiti ayrılırsa, bunun real nəticəsi olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top