Qulu Məhərrəmli: "Lütfizadənin yerinə olsam, deyərəm daha orada dəfn olunmuram"

Sosial şəbəkələrdə bəzən elə mövzular gündəmə gətirilir, müzakirə obyekti olur ki, təəccübünü gizlədə bilmirsən. Hətta bəzən bu mövzuların bilərəkdən, məqsədli şəkildə ortaya atıldığını düşünürsən. Dünən sosial şəbəkədə bir yazı qarşıma çıxdı, başlığı belə idi: "Azərbaycanda 3 qızı olan ailələrə 10 min manat mükafat veriləcək". Naməlum, daha doğrusu, kimliyi bəlli olmayan şəxs bu xəbəri qrupların birində paylaşmışdı və üstünə "Son dəqiqə" yazmışdı. Yazını yüzə yaxın insan paylaşmış, 500 nəfər bəyənmişdi, 200-dən çox şərh yazılmışdı. Düşündüm ki, axı bu mövzu 1 il öncə gündəmə gəlmişdi və təsdiqini tapmamışdı... Məlum oldu ki, mövzu da, yazı da köhnədir, "facebook"da təzədən paylaşılıb. Halbuki yazıya şərh yazanların çoxu onun köhnə olduğunu bilmirdilər, başlığı görüb şərh yazırdılar...

Sosial şəbəkələrdə belə qəribəlikləri tez-tez görürük. Hələ bu azmış kimi, yersiz ittihamlar da irəli sürülür, kimlərəsə haqsızlıq da edilir. Buna misal kimi Lütfizadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətini qeyd etmək olar. Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli bununla bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırdı.

- Qulu müəllim, Lütfizadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyəti ictimailəşəndən sonra sosial şəbəkələrdə yersiz fikirlər bildirildi, "Azərbaycan üçün nə edib?" tipli suallar səsləndirildi. Buna tanınmış, hörmətli ziyalılarımızdan biri kimi münasibətiniz necə oldu?

- Əvvəla, bu barədə müzakirə açmağın heç bir mənası yoxdur. Yəni bir insan Azərbaycanda dəfn olunmaq istəyini bildirib. Bir insan olaraq Azərbaycanda dəfn olunmaq onun istəyidir. Hər halda burada doğulub və burada dəfn olunmaq istəyir. Bu müzakirələr o qədər lüzumsuz, o qədər mənasız, o qədər əhəmiyyətsizdir ki, adam heç bu barədə danışmaq da istəmir. Bunun mahiyyəti nədir, ondan umacaqlar nədir? Bu işlərin mahiyyətini bəzən anlamaq olmur. Hesab edirəm ki, çox haqsız iradlar bildirilir. Əlbəttə, çox iddialar irəli sürmək olar və həmin iddiaları hamıya bildirmək olar ki, vətən üçün neyləmisən?

- Lütfizadə ilə bağlı belə bir sualın gündəmə gətirilməsi doğrudurmu?

- Lütfizadə elə bir miqyasda insandır ki, bu sualları ümumiyyətlə ona aid eləmək olmur. Ona görə də mən bu müzakirələri çox lüzumsuz sayıram.

İkincisi, mən onun yerinə olsam və bu müzakirələri eşitsəm, bir az başqa cür - sərt cavab verərəm ki, ümumiyyətlə, daha orada dəfn olunmağımı istəmirəm. Deməyim odur ki, bu müzakirələr çox qeyri-etikdir, qeyri-insanidir. İnsandır, nə vaxtsa bir söz deyib - kimlərəsə xoş gəlir, kimlərəsə xoş gəlmir. Bundan yapışmaq olmaz axı. Hesab edirəm ki, bu o qədər də düşüncəli yanaşma deyil. Bunu ictimailəşdirmək, bunun ətrafında müzakirə açmaq doğru deyil. Lütfizadəyə o cür yanaşmaq olmaz. Lütfizadə fərqli miqyasdır. İnsan olaraq onun düşüncəsidir ki, doğulduğu yerdə dəfn olunmaq istəyir, qoymayacaqsınız dəfn olunsun? Bu məsələlər ictimai fikri azdırır, başqa problemlərdən yayındırır. Yəni bu doğru deyil.

- Sosial şəbəkələrdə diqqət sanki bir mövzuya yönəlir, kütləviləşir, sonra unudulur. Hansısa bir mövzu insanlarımız üçün bu qədər aktual, əhəmiyyətlidirsə, 2 gün sonra unudulması bir qədər qəribə görünmürmü?

- Heç kim məndən inciməsin, sosial şəbəkələrdə daha çox kütlə psixologiyası hökm sürür. Çox az adam öz müstəqil düşüncəsini ifadə eləyir. Əksəriyyət çoxluğa qoşulub fikir bildirir və özünün də fikri yoxdur ki, bu proseslər hara gedir, nəyin nəticəsidir, hansı məqsədlə qoyulub. Sosial şəbəkə ümumiyyətlə ictimai rəy üçün bir nüansdır. Amma eyni zamanda həm də ictimai fikirdə çaşqınlıq, azğınlıq yaradır. Ona görə mən bilmirəm ki, bu cür məsələlərlə bağlı müzakirəni hansı təbəqə, hansı məqsədlə açır. Ciddi ictimai problemi qoyub hə, onun nəticəsinə doğru getmək olar. Bunlar isə bir az hissi müzakirələrdir. Ona görə də nəticəsi yoxdur.

- Yazının başlığını oxuyub tələsik şərh yazan, ittiham irəli sürənlər də az deyil sosial şəbəkələrdə.

- Tamamilə doğrudur. Çox tələskənlik var, yəni mən də rəy bildirim, mənim də səsim gəlsin. Arzu olunardı ki, maraqlı qruplar olsun və həmin qruplar da müzakirələri yönəltsin, səmərəli ideyaları inkişaf elətdirsin, cəmiyyətə mesajlar versin. Bizim sosial şəbəkələrdə bu yoxdur. Cəmiyyətin özündə olduğu kimi çox xaotikdir. Sosial şəbəkələrdə qaraqışqırıqçılar çoxluq təşkil edirlər və bu müzakirələrdə iştirak eləməyə həvəs qalmır. Vəziyyət məhz bu cürdür.

- Yəqin ki, bu xaotik vəziyyətdən öz məqsədləri üçün istifadə edənlər də az deyil.

- Bunlar hamısı kommunikasiya magistrallarıdır. Həmin magistrallardan hərə bir məqsədlə istifadə eləyir. Biri piar üçün, biri manipulyasiya üçün, o birisi ictimai rəyə təsir üçün. İnformasiyası çox olan cəmiyyətdə belə şeylər effekt vermir. İnformasiyası az, üstəgəl, dünyagörüşü dar olan və belə deyək, çoxluğun savad sarıdan problemi olduğu cəmiyyətdə manipulyativ hərəkətlər çox olur. Ona görə də bizim cəmiyyət üçün bunlar çox təbiidir.

- Bəs nə məsləhət verərdiniz?

- Sosial şəbəkə heç bir mesajı və məsləhəti qəbul eləmir. Çünki auditoriyanın sosial tərkibi də qeyri-müəyyəndir, təhsil və sosial mənsubiyyəti də çox qarışıq, xaotikdir. Ona görə də burada qavrayışla bağlı, ifadə tərzi ilə bağlı, etik qaydaların gözlənilməsi ilə bağlı, qoyulan problemin müzakirəsinə yanaşma ilə bağlı həddindən artıq fərqlər var. Məsələn, mənə elə gəlir ki, sosial şəbəkələrdə qruplar istiqamət verməlidir. Media qrupları var, müəllimlərin öz qrupları var. Bu qruplar fəallaşmalıdır ki, ictimai rəyə təsir eləsinlər. Hər halda kollektiv fikir sağlam olur, müəllimlərin, həkimlərin, ziyalıların bu tip qruplarından mesajlar düz verilir. Amma başqa situasiyada - xaotiklik olanda bu mesajlar çox pərakəndə və effektsiz olur. Bunlar da hamısı sosial şəbəkədə idarə eləmə həvəsini yaradır. İdarə eləmə həvəsi də ortaya çıxan kimi hökumət də bu fikrə düşür, biznes qrupları da bu fikrə düşür, ayrı-ayrı siyasətçilər də həvəslənirlər. Ona görə də burada dolaşıq məqamlar çoxalır.

- Qulu müəllim, siz özünüz hər gün sosial şəbəkəyə nə qədər vaxt ayırırsınız?

- Mən sosial şəbəkədə ancaq məlumatlarla tanış oluram, gündəlik təxminən özüm üçün 1 saat vaxt ayırmışam. Günorta yarım saat ola bilər, axşam da yarım saat ola bilər. Amma belə çox vaxt ayırmaq olmur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top