Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

PƏNCƏRƏ

Qınamaq azdı

12.07.2017 18:12


Gözlər Uca Yaradanın bizlərə bəxş etmiş olduğu ən qiymətli nemətlərindəndir. Təəssüf ki, insanlar bütünlükdə insanlıq kimi, onları da dəyərdən salmağa çalışırlar. Gözlərin insan həyatında əhəmiyyəti haqqında bir lətifəni yada salaq:Bir nəfər mədə problemləri ilə həkimə müraciət edir. Həkim onun nə yediyini soruşur. Xəstə yanmış çörək yedikdən sonra naxoşladığını bildirir. Həkim arxayınca dərmanı götürüb ona gözünü geniş açmasını xahiş edəndə adam təəccüblə: - Həkim, nə edirsiniz? Nasaz olan gözlərim deyil, mədəmdir, - deyir. Həkim heç nə olmamış kimi əlavə edir: - A kişi, bilirəm. Mədənizi dərdə salan elə sizin gözlərinizdir də. Əvvəlcə yediyin çörəyin yanmış olduğunu görməyən gözlər müalicə olunmalıdır. Mədən ilə sonra məşğul olarıq.
Düz sözə nə deyəsən?

***
Dünyada hər kəs ya qərəzli sözlər eşidib, ya da özü işlədib. Söz yarası qılınc yarasından acı olsa da, qərəzli sözlər qərəzli gözlərin yanında bir şey deyil. Qərəzli gözlər hətta kor gözlərdən də betərdir. Kor gözlər görmə qabiliyyəti olmadığı üçün kor olduqları halda, qərəzli gözlər görülməsi vacib olanı görmək istəmədikləri üçün kordur. Əslində onlar yaxşı görürlər, sadəcə, yaxşını, haqqı, ədaləti görmürlər, onların "əl ağacı" tərəfgirlikdir, ikili standartlara qul olmaqdır. Standart - "ölçü", "meyar", "qəlib" deməkdir. Yaşadığım evin tikintisi üçün on minə yaxın çiy kərpic kəsməli olan adam kimi deyə bilərəm ki, eyni bir qəlibdən fərqli kərpic çıxmır axı. Özlərini müasir dünyanın aparıcı qüvvəsi, beynəlxalq münasibətlərin hər növünün nümunəsi hesab edənlərin standartı ögey ananın "məsləhəti" kimidir. Evin bütün işlərini ögey oğluna gördürməyi bir yana, çörək yeyəndə ögey ana öz oğluna: - Tələsmə, bala, nuşcanlıqla ye, - deyərmiş. Ögey oğlunun tikələrini sayırmış kimi: - Sənin də samanlığın dolmaq bilmir ki. Elə arxayın-arxayın yeyirsən ki, elə bil dünyanı sənə bağışlayıblar, - tənəsi ilə onun iştahasını küsdürməyə çalışırmış.
Bilirəm, bu fikirlər mənim kəşfim olmasa da, dəlil, sübut istəyəcəksiniz. Elə isə sözümüzə davam edək. BMT, xüsusilə də ATƏT-in Minsk qrupunun fəaliyyəti dediklərimizə canlı misaldır. Bu kişilər həmişə regiona görmək istədiklərini görmək üçün gəlir, tərəfləri kompromisə çağırıb, ürəklərini buz kimi edib tezliklə qayıtmaq ümidilə çıxıb gedirlər.
Düzlüyün, doğruluğun dinə, təriqətə görə dəyişən forması yoxdur deyirlər. Elədirsə həmsədrlər niyə bu uzun illər boyunca Ermənistanın işğalçılıq günahını ölçüb, onu belinə sarıya bilmlrlər. Axı qərb hər şeyi öz adı ilə çağırmaqda çox maraqlıdır. Onalr nə vaxtacan "Ələmdara" kalendar deyəcəklər?

***
Sovet dövründə hər yerdən olduğu kimi, kəndimizdən də ustalar dəstə düzəldib Türkmənistana sezona gedərdilər. Onlardan birinə də rəhmətlik İbrahim dayı başçılıq edərdi. Yaxın qonşum rəhmətlik Faig də onun dəstəsində çalışmışdı. Sonralar söhbət edirdi ki, işlədikləri yerdə başqa rayonlardan da briqadalar varmış. Qürbətdə yerlillər daha doğma olur. Hərdən biz onlara qonaq gedər, onlar da bizə gələrdilər. Hər şey yxşı idi. Yerlilər yeyib-içər, deyib gülərdik. Bir əmma vardı ki, o da İbrahim kişinin adı Ələmdar olan yerlimizi həmişə "Kalendar" deyə çağırması idi. Kişnin dünyası başına dar olar, bizim də əhvalımız pozulardı. Ələmdardan ayrılandan sonra İbrahim dayıya "Ələmdar" sözünü hecalara bölüb birinci sinif şagirdi kimi təkrar etdirər, öyrəndiyinə arxayın olardıq. Vaxt dolanıb yenə bir yerdə olanda, şöhbətin şirin yerində İbrahim dayı vərdişinə uyaraq "Kalendar, sən bilərsən...," - deyib sözə başlar, Ələmdarın da, bizim də ovqatımıza soğan doğrayardı. Orada qaldığımız müddətdə "Kalendarı" "Ələmdara" çevirə bilmədik.

***
Başqasının eybini görmək, onu şişirdərək hallandırmaq nə qədər asan imiş. Missiyası məhz münaqişələrin səbəblərini araşdırıb həll etmək olan Minsk qrupunun səbəbi gün kimi aydın Dağlıq Qarabağ münaqişəsinin üzərinə qəsdən "canfəşanlıq" pərdəsi çəkmək cəhdləri ingilislərin sevdikləri bir əhvalata bənzəyir: Kəndlərin birində Pat və Mat adlı iki qonşu yaşayırdı. Birinin ağ, digərinin də qara atı vardı. Qonşular tez-tez atlarını səhv salar, biri o birisinin atını işlədərdi təsərrüfatında. Bir gün qəza nəticəsində atlardan birinin quyruğu düşdü. Bundan sonra kəndlilər atlarından rahatca istifadə etməyə başladılar. Lakin bu rahatçılıq çox çəkmədi. O biri atın da quyruğu düşəndən sonra, çətinliklər yenidən başlandı. Çarəsiz qonşular atlarını da götürüb məsləhət üçün kəndin ağıllısı sayılan bir nəfərin yanına getdilər. "Ağıllı" qonşuların atlarna diqqətlə baxıb dedi: - Siz hər ikiniz korsunuz. Görmürsünüz ki, ağ at qara atdan üç santimetr hündürdü?!
1997-ci ildən bəri ATƏT-in Minsk qrupu həmsədrləri - ABŞ, Rusiya və Fransa atların əsas, korun belə seçə biləcəyi ağ-qara fərqini görməyən "ağıllı" kimi hərəkət edirlər. İşğalçını öz adı ilə adlandırmaq əvəzinə, bizə səbir, təmkin, tolerantlıq göstərməyi, kompromisə getməyi tövsiyə edirlər. Həmsədrlərin hər biri yetkin insanlar olsalar da, cəsarət göstərib, bir uşaq sualı vermək istərdim onlara: - Cənablar, tarix boyunca donuzun darıdan öz xoşuna çıxmasını görən olubmu?! Bu cənablar hər səfərlərində Azərbaycanın çörəyini kəsib, suyunu da içirlər. Görünür, onlar üçün, dədə-babalarımız demişkən, çörəyimizin duzu, suyumuzun dadı yoxdur. Sözümüzə Albert Eynşteynin kəlamı ilə qüvvət versək, məna bir az da dərinləşər: "Xırda məsələlərin həqiqətinə diqqətsiz yanaşanlara mühüm məsələləri etibar etmək olmaz".

***

Ləyaqətsiz düşmənlə bacarmaq cox çətindir. Dinc sakinləri hədəfə çevirməyi özü üçün şərəf sayan mənfur və şərəfsiz düşmən bütün hərəkətləri ilə "arxalı köpək qurd basar" həqiqətini doğrultmaqla məşğuldur. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə qarşı təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və onun körpə nəvəsi Zəhranın həlak oluması bir daha göstərdi ki, Türkün ölüsü BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlara yatmış kimi görünür. Ermənistan işğalçılarını qudurdan elə onların illər boyunca davam edən laqeydliyi deyilmi? Artıq Ermənistanın yanına ərkyana şapalaq vurmağın zamanı deyil, bu qanmazın başını daşdan-daşa vurub başa salmağın əsl vaxtıdır. Yoxsa tərəfgirlik bu təşkilatları nüfuzdan salacaq, dünyamız hərc-mərcliyin oyuncağına dönəcək. Çünki, "bir şeyə inanmaq, lakin onu təmsil etməmək şərəfsizlikdir". (Mahatma Gandi)

***
O ki qaldı Ermənistanın ərköyün rəhbərliyinə, onları qınamıram. İngilislər ərköyün uşağa "korlanmış uşaq" (a spoilt child) deyirlər, çox doğru da deyirlər. Erməni xalqını müstəqillikdən məhrum edən mövcud rəhbərlik haradan bilsin ki, müstəqillik, müstəqil sosial, iqtisadi, siyasi siyasət yeritmək və onun nəticələrindən bəhrələnmək nə deməkdir. Evdə bişməyib, qonşudan gəlməyib. Onlar müstəqilliyi ona-buna yarınmaq, dara düşəndə boynunu burmaq, özünə gələndə də ilan kimi çalmaqdan ibarət olduğunu zənn edirlər. Sovet dövründə yorğana pul verməyib ortada yatmağa vərdiş Ermənistan rəhbərliyi bu gün nə etdiyini başa düşmədiyi kimi, sular durulanda da nə edəcəyini bilməyəcək. Sonrakı peşmançılığın nəticəsi elə peşmançılıq olur. Ermənistanın rəhbərliyini bütün dünya qınasa da azdır. Qınamaq hansı formada olur- olsun, sözlə ifadə olunur. "Sözdən utanmaz ki bozarmış üzlər", ona görə gec də olsa, əməli fəaliyyətə keçmək, işğalçı Ermənistanı layiq olduğu yerdə oturtmaq üçün səlahiyyətli beynəlxalq təşkilatlar, dünya gücləri müasir dünyamızda çox geniş istifadə olunan "koalisiya" üsulundan istifadə etməlidir.

***
Dünya da yaxşı bilir ki, biz yurdunda ilan olanlarıq, bu ilan özü yurdumuzu tərk etməzsə, arxayın yaşamaq üçün əvvəl-axır onun başını əzəcəyik.


Rahib SƏDULLAYEV
ADPU-nun Quba filialı ədəbiyyat və dillər
kafedrasının ingilis dili müəllimi,
qabaqcıl təhsil işçisi

Oxundu 707