"Universitetə 500 balla girənlər var ki dərs oxumurlar"

Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - VİDEO

Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Bazar ertəsi, 28 may 2018
TR EN RU

Menu

Bazar ertəsi, 28 may 2018
EN TR RU

PƏNCƏRƏ

Ramazan bərəkət ayıdır

19.06.2017 19:28

On bir ayın sultanı adlanan Ramazanı digərlərindən fərqləndirən bir çox özəllikləri, önəmli fərqləri var. Sosial baxımdan yanaşdıqda Ramazan ilk növbədə cəmiyyətdə kasıbla varlının, acla toxun, imkansızla imkanlının, xəstə ilə sağlamın, kəndli ilə şəhərlinin, çadırda yaşayanla villada yaşayanların bir-birinə yaxınlaşdığı, əl uzatdığı, qarşı tərəfin halından, dərdindən xəbər tutduğu aydır. Bu ayda qəribə mənzərələr ortaya çıxır. Ziddiyyətlər bir-birinə yaxınlaşır, qonşu olur və çiyin-çiyinə yoldaş olub bir niyyətə, bir ünvana yola çıxırlar. Bu ay dinimizin də əmr etdiyi kimi, varlının öz malından kasıblara pay verdiyi aydır.

Bu ay xəsis, malının və canının zəkatını verməyən, imkansıza əl tutmayan, qazandıqca gözü doymayan, maddi baxımdan varlı, mənəvi yöndən dilənçi olanlara "kəfənin cibi yoxdur" gerçəyinin anladıldığı aydır. Bu ay çox gözəl duyğuların və gözəlliklərin mövsümüdür. Ramazan insanın özünün belə xəbəri olmadan içində gəzdirdiyi gözəlliklərin, saf düşüncələrin, duyğuların, mənəvi zənginliyin üzə çıxdığı mübarək bir zaman dilimidir.

Bu ayda oruc tutan zənginlər yoxsulları xatırlamaqla kifayətlənməz, könlündə onlara qarşı şəfqət duyğusu hiss edər. Bu ayda biz kimsəsiz buraxılmış, hər gün yolumuzdan keçən, bənizi solğun uşaqların dərdini bütün çaları ilə bizə anlayır, başa düşürük.

***

Ramazan fərqli mənəvi bir iqlimdir. Bu iqlimə özünü hazırlayanlar, heç şübhəsiz, oradan xeyir qazanacaq, faydalanacaq. Ramazan cəmiyyətdə yoxsulluğun, aclığın aradan qaldırılması üçün çox gözəl vasitədir, fürsətdir. Bu gözəl ayda könül xoşluğu qazanmaq üçün sağımızın-solumuzun dərdini öyrənməyə, bütün qonşularımızla hal-əhval tutmağa, onların ağrı-acılarını paylaşmağa çalışmalıyıq.

Bu ayda varlılar kasıbları düşünürlər, bir yol tapıb əldən tutmağa, yardım etməyə çalışırlar. Ötən illərdə müşahidə etmişdim ki, imkanlılar Ramazanda müxtəlif şadlıq evlərində yüzlərlə insana iftar süfrəsi açırlar. Bu həqiqətən də çox sevindirici mənzərədir. Artıq Türkiyədə bir ənənə halına gəlmiş Ramazan çadırları Azərbaycanda da görünməyə başlayacaqdır. İnanıram ki, xeyirsevər Azərbaycan iş adamları, imkanlıları bu imkanı qaçırmayacaqlar. Bir qədər öncə dediyimiz kimi, Ramazanın bir gözəlliyi də elə bu mənzərələrdir: birisi verir, o birisi alır, ortada da kimsənin kimsəyə minnəti yoxdur. Hər şey Allah rizası üçündür. Bəli, məhz bu düşüncə, bu duyğu insana könül rahatlığı gətirir, fərəhdən gözlərini yaşla doldurur.

Amma unutmayaq ki, bu ay hər şeydən öncə Allah-Taalanın ayıdır, Qurani-Kərim ayıdır. Allah-Taalanın mərhəmətinin biz bəndələrin başı üzərində daha gur çağladığı aydır. İnsanın insana qarşı daha şəfqətli davrandığı, dərdləri paylaşdığı, paylaşdıqca da azaldığı zaman dilimidir.

Ramazanı digər aylardan fərqləndirən və on bir ayın sultanı ünvanına layiq görən amillər məhz bu mənzərələrdir.

***

Ramazan ayının fərd və cəmiyyət üzərində böyük təsiri vardır. Məsələyə fərdi tərəfdən baxdıqda, bunları görə bilərik: bu ayda oruc tutan fərd sanki maddi və mənəvi bir müalicədən keçir. Çünki bu ayda oruc tutanın mədəsi ilə birlikdə əlləri, ayaqları, qulaqları və zehni də oruc tutmaqdadır. Bu halda fərdin əxlaqında müsbət yöndə inkişaf başlayır. Bundan başqa, fərd 30 gün ərzində sahur vaxtından iftara qədər ac qalmaqla iradəsinin möhkəmlənməsi yolunda səy göstərir, özünə inam və hakimiyyət əldə edir.

Ramazan ayının cəmiyyətə də təsiri böyükdür. Bu mübarək ayda cəmiyyət mənəvi süzgəcdən keçir. Toplumun güzəranı və rahatlığı bir-birilərinə gediş-gəlişlər, qaynayıb-qarışma artır. Statistik məlumatlara görə, Ramazan ayında digər aylara nisbətən cinayətin səviyyəsi xeyli aşağı düşür.

Yoxsullara gəlincə, bu ayın kasıb ailələr üçün ayrı bir yeri var.

Ramazan ayında zəngin müsəlmanlar "Qonşusu ac ikən evində rahat yatan şəxs gerçək mömin deyildir" hədisinin incəliyini dərk etməklə və süfrələrindəki yeməyi onlarla bölüşərək bu bayramın sevincini də paylaşırlar. Ramazan ayının bu funksiyası sosial ədalətin müəyyən edilməsinə də köməklik göstərir.

***

Ramazan orucu - onun fəzilətinə inanaraq və mükafatını umaraq tutan şəxsi kamilləşdirir və tərbiyə edir. Çünki Ramazan - əfv, məğfirət, lütf və ehsan ayıdır. Qəlbən əllərini həzrəti Haqqın dərgahına açan və tövbə edən şəxsin günahları bağışlanacaqdır: könül xoşhallıqla dolacaq, simalarda təbəssüm canlanacaq, əllərdən xeyirxahlıq, comərdlik əməlləri əskik olmayacaqdır. Bu ayda iftarın sevinci və rahatlığı, sahurun bərəkəti vardır, bu xoş və xeyir-dualı, bərəkətli zamanı bütün varlığı ilə anbaan yaşayan mömin vardır. O zamanın içində əriyən və könlünü də haqq yolunda əsirgəməyən, ədadan-lovğalıqdan uzaqlaşıb təvazökarlığa bürünən müsəlman vardır, mömin insan vardır ki, onun orucu Allah üçündür, özü üçün deyil... Bu səbəblə hesabsız dərəcədə əcrini də Allaha verəcəkdir.

Bu duyğu və niyyətlə dolan mömin bu ayda bəxtiyardır. O, bilir ki, bu ayda cənnət qapıları açılmış, cəhənnəm qapıları bağlanmışdır. Bu ayda qəlbən, bütün duyğu ilə oruc tutan mömin şeytanın hiylə torundan uzaqdır. Adəm oğlu kərimdir, qiymətli varlıqdır. Ramazan da onun kimi qiymətli aydır. Qiymətli olan Adəm oğluna qiymətli Ramazan ayı... Necə də bir-birinə uyğunlaşır və bir-biri ilə iç-içədir.

Ramazan ayında oruc tutan üçün günah duyğuları qurumuş, savab hissləri coşmuşdur.

Bu coşqu dairəsi içində mömin bu ayda xeyrə, doğruya üz tutur. Şərin nəfəsi tükənmişdir. Oruc bir qalxandır, ona sahib olan üçün ən mükəmməl qoruyucudur. Kim istəməz ki, gözəlliklərə doğru gedib, pis şeylərdən uzaqlaşdıran bir qoruyucuya sahib olsun, bir müqəddəsliyə sığınsın?

Ramazanda qəlblər, könüllər oyanmış, zehinlər durulmuş, beynin idrak səhifələri zənginləşmişdir. Bu ayda ağıl da aydınlanmışdır. Hansı düşmən bu ayda möminin qarşısına çıxa bilər? Hansı günah bu ayda müsəlmanı arxası ilə apara bilər? Buna imkan yeri varmı? Görəsən, Ramazan ayında sadəcə mədəmiz ac qalacaqmı, yoxsa bir azca istirahət edəcəkmi? Orucun mahiyyəti görən nədir? Yoxsa insanlar bu ayda özlərini məhbus sayağı çöldən-bayırdan məhrum edəcəklərmi?

Orucun mahiyyəti nədən ibarətdir? Mədə ac qaldığı müddətdə dil yalanla, söyüşlə, iftira ilə, dedi-qodu ilə, qeybətlə məşğul olmaz. Gözlər əxlaqsız görüntülərə, harama üz çevirər. Əks təqdirdə ac qalmaq ona ruhi rahatlıq əvəzinə yorğunluq və bezginlik gətirəcəkdir.

Ramazının səması dualı buludlarla doludur. Bu buludlardan başımıza xeyir-bərəkət yağar. Amma bir şərtlə: kaş feyzini, bərəkətini duya bilək, saf istəklə bu ibadətə niyyətlənək və bu ibadəti ancaq və ancaq Allah rizası üçün yerinə yetirək.

Oxundu 903