bakida-en-tehlukeli-surusme-erazileri

Bakıda ən təhlükəli sürüşmə ƏRAZİLƏRİ

abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Allahı sevmək, Allahdan qorxmaq

12.04.2017 20:08

Əli Çərkəzoğlu

Allahı (c.c.) sevmək Allahın (c.c.) lütfü ilə mümkün olur, yəni bir insanın Allah-Taalanı sevə bilməsi Allah-Taalanın o bəndəyə ən böyük lütfüdür. İnsan sevdiyinə can atar, onun xoşuna gəlməyə rəğbətini, sevgisini qazanmağa çalışar. Əgər bir kəs həqiqətən də Allah-Taalanı sevərsə, demək, Onun rəğbətini, sevgisini qazanmaq üçün lazım bildiyi nə varsa, edəcək. Bir müjdəni də vurğulayaq ki, Qiyamət günündə hər kəs öz sevdiyinə qovuşacaq. Yəni bəndə həqiqətən də Allahını tanıyır, Onun buyurduğu kimi yaşayır, Onu sevirsə, əmin olsun ki, Qiyamət günündə Allah-Taalanın mərhəməti onu bürüyəcəkdir.

Bəndənin Allahdan qorxması isə bəndə üçün uçurumun kənarında hörülmüş divar kimidir, onu həlak olmaqdan qoruyur.

İslam terminologiyasında bəndənin Allahdan qorxması "təqva" sözü ilə ifadə olunur. "Təqva" "qüvvə" sözü ilə eyni kökdəndir. Demək insan üçün əsl qüvvət Allahdan qorxmaq anlamına gəlir. Mətləbi bir qədər də dəqiqləşdirsək, belə alınacaq ki, təqva bəndənin Allahdan qorxaraq hər cür haramlardan, günahlardan çəkinməsidir, uzaq durmasıdır. Bir qədər də dəqiqləşdirək: güclü adam nəfsinə üstün gələ bilən adamdır. Çünki insanı haramlara, günhalara meylləndirən güc məhz öz nəfsidir. Ona görə də Allahın rəğbətini qazanmaq istəyən zatlar hər zaman "nəfsə müxalifət" prinsipi ilə yaşayıblar.

Allah qorxusunu - Allahın hər cür mərhəmətindən məhrum qalmaq qorxusu kimi də anlamaq mümkündür. Bəzi günahkar bəndələr haqqında Rəsulullah buyurur ki, Qiyamət günündə Allah-Taala onların üzünə də baxmayacaq. Görünür, Allahın mərhəmətindən mərhum qalmağın ilkin əlaməti də elə budur. Bir şəxs Allahın mərhəmətindən mərhum oldusa, hər şeyini itirmiş deməkdir. Çünki Allahın mərhəmətini kəsdiyi birisinə külli aləm yığışa, zərrə qədər də fayda verə bilməz. Hələ söhbət o Axirət günündən gedirsə, "ananın oğuldan qaçdığı gün" ifadəsi hər şeyi deyir.

Allah qorxusunun o biri başında duran cəzanın nə qədər ağır və dəhşətli olduğu də Quranda bildirilir. Amma deyilən kimi, ağıllı insan cənnətdən əvvəl Allahın məmnunluğunu qazanmaq istər, cəhənnəmdən qorxmaqdansa, Allahın qəzəbindən qorxar.

Bu yerdə onu da deyək ki, cəhənnəm Allahın ədaləti, cənnət mükafatıdır. Heç bir bəndə layiq olmadığı halda cəhənnəmə atılmaz. Allah-Təala zalım deyil, mərhəmətlilərin mərhəmətlisidir. Özü bildirir ki, Onun mərhəməti qəzəbini keçmişdir.

Allah-Taala əsla və əsla zülm etməz, zalım deyil, ən mərhəmətli, ən xeyirxah Varlıqdır. Bəndə israrla xəta işləyib özünü cəzaya layiq hala gətirəndə ona cəza verər. Cəza ədalətin gərəyidir, amma onu da unutmayaq ki, Allah-Taala biz qullarına cəzadan qurtarmaq, doğru yola dönmək üçün möhlət verir, tələsmir. Onun Gözəl Adlarından olan Halim də elə bunu bildirir bizə. Qurani-Kərimdə işlədilən "qəlbi möhürlənmiş" ifadəsi artıq insanın bütün yaxşılıqları, xeyir əməlləri tərk etdikdən sonra gözü görə-görə, ağlı kəsə-kəsə günahlara dalması, şeytana ortaq olmasıdır...

Sözümüzün canı odur ki, insan əslində Allah-Taalanın verəcəyi cəzadan çox özündən, daha doğrusu, özünün azmasından qorxmalıdır. Allah-Taalada zərrə qədər haqsızlıq, xəta, qüsur olmaz. Bunu hər kəs işin başında inanıb qəbul eləməlidir. Əgər Allahla bəndə arasında münasibət pozulursa, əmin olun ki, bu, bəndənin xətasıdır, başqa cür düşünən xətaya düşər.

Bir ərəbin ərəb olmayandan və eləcə də ərəb olmayanın ərəbdən heç bir üstünlüyü yoxdur, Allah qatında üstünlük ancaq təqva ilədir. Ədaləti görürsünüzmü, hansı irqə, mədəniyyətə, dilə, xalqa mənsub olursunuz-olun, bu o qədər də önəmli deyil, önəmli olan sizin Allah qarşısındakı duruşunuz, davranışınız, Onun əmrlərinə əməl etmənizlədir. Müsəlmanın həyatı dini terminlə ifadə etsək, əmr bil məruf və nəhy anil münkər arasında keçər, yəni Allahın bizə vəzifə olaraq əmr etdiklərini yerinə yetirmək və haram buyurduqlarından da uzaq durmaq arasındadır.

Allah Rəsulu (s.ə.s.) buyurur:

- Halal da bəllidir, haram da bəllidir, ancaq bu ikisinin arasında şübhəli şeylər var. Necə ki, bir çoban öz qoyunlarını bir qoruğun kənarında otarırsa və o qoyunların hər an o qoruğa girmə ehtimalı varsa, şübhəli şeylərdən uzaq durmayanların da harama düşmə ehtimalı o qədər vardır. Bu hədisi-şərifdən də göründüyü kimi, haramdan qorunmağın yollarından biri də şübhəli şeyləri tərk eləməkdir.

Təqva və saleh əməl (gözəl əməl) ruhun və qəlbin tərəqqisinin iki əsasıdır. Saleh əməllərlə insan mənəvi qazanc əldə edir. Qazanılmışlar isə təqva ilə qorunur və zərərlərdən uzaq tutulur. Təhlükə yollarını bağlamayan insan bəzən qazandıqlarından daha çox itirə bilər. Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində belə buyurmaqdadır:

"Ümmətimdən o şəxslər müflisdir ki; hesab gününə namaz, oruc və zəkat kimi əməllərlə gəlir, amma bunlarla yanaşı birinə söymüş, birinə iftira atmış, bir başqasının malını yemiş, kiminin qanını tökmüş, kimini də döymüşdür. Hesab zamanı həmin insanın savabları onun bu dünyada zülm etdiyi insanlara paylanır. Veriləcək savabı qalmayanda da, haqq sahiblərinin günahlarından bir qismi alınıb onun çiyninə yüklənir və özü də cəhənnəmə atılır".

Bu hədisi-şərifdə buyurulduğu kimi insan başqalarının haqqını qorumaqda, kimsəyə zərər verməmək məsələsində həssas olmalıdır və bu da təqvanın bir dərəcəsidir. Ümumiyyətlə, təqvanı üç mərtəbəyə bölürlər:

1. Allaha şərik qoşmaqdan təqva: iman edərək şirkdən qorunmaq. Bu cür insan əbədi cəhənnəmdə qalmaqdan qorunmuş olur.

2. Masiyyətdən (günahlar) təqva: böyük günahları tərk etmək, kiçik günahlardan da israrla uzaq durmaq. Təqvanın ən geniş yayılmış mənası budur.

3. Masivadan (dünya naz-nemətləri, fani işlər, fani zövqlər) təqva: insanın qəlbini Allahdan ayıran hər cür şeydən uzaq durmaq.

Təqva - qorunmaqdır, günahlardan qorunmaq. Bəzən bunun adına Allahdan qorxmaq da deyirik.

Təqva- sırati-müstəqimdir, el arasında deyildiyi kimi, sağı, solu uçurum olan qıl körpüdür. Düz baxan, düz yeriyən, düz olan o körpü ilə hər cür qorxunun, odun-alovun üstündən keçib könlünün istədiyi ünvana yetişə bilər.

Allah-Taala qəlbimizi Öz sevgisi ilə nurlandırsın, ruhumuzu imanla şahlandırsın, bizi arındırsın, mübarək dini ilə barındırsın və saleh bəndələri arasına qatsın!

Oxundu 1455