Ermənistan Prezidenti etirazçılarla Azərbaycan rəqsini oynadı - VİDEO

Lirənin dəyərdən düşməsi Azərbaycana nə vəd edir? - ANALİZ

"Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşə bilər" - SƏBƏB

çərşənbə, 23 may 2018
TR EN RU

Menu

çərşənbə, 23 may 2018
EN TR RU

QARA QUTU

Tacikistanın qədim sakinləri: Lakay türkləri

10.04.2017 16:23

Bir vaxtlar Çinin mərkəzindən Balkanlara qədər uzanan Turan adlı böyük bir imperiya quran türklər XVI-XII əsrlərdən başlayaraq özlərinin əvvəlki qüdrətlərini və güclərini itirməyə başladılar. Bu da öz növbəsində onların müxtəlif dövlətlərin əsarətləri altına düşməsinə gətirib çıxardı. Xüsusi ilə Rusiyanın qədim türk yurdu olan Türküstanı (Orta Asiya ) işğal etməsi bölgə türklərinin həyatında ağır izlər buraxdı. Bolşeviklərin Rusiyada dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsindən sonra isə Türküstan türklərini öz köklərindən qoparmaq üçün buradakı xalqları yaşadıqları ərazilərin adları ilə özbək, türkmən qazax, qırğız, türkmən adlandırmağa başladılar. Buna baxmayaraq SSRİ dağılandan sonra türk xalqlarında öz köklərinə qayıdış gücləndi. Bu baxımdan bolşeviklərin "parçala və hökm et" siyasəti nəticəsində hazırda Tacikistan ərazisində yaşamağa məcbur olan və öz varlıqlarını qoruyub saxlamağa çalışan Lakay türklərinin mübarizəsi diqqəti cəlb edir. Orta Asiyanın ən qədim türk tayfalarından biri hesab edilən Lakay türkləri qədimlərdən Pənc və Kafernican çayları arasında köçəri həyat sürmişlər. Vaxtı ilə bölgədə yaşayan ən çoxsaylı tayfalardan biri hesab edilən Lakay türkləri çar Rusiyasının və bolşeviklərin həyata keçirdikləri assimilyasiya siyasəti nəticəsində tədricən digər xalqların içərisində əriyib getməyə başlamışlar. XX əsrin əvvələrində Lakay türkləri şərqi Buxarada sayca üçüncü böyük xalq hesab edilirdilər. Hazırda Tacikistanda onların sayı 70 -80 min nəfərə qədər azalıb. Tacikistanda yaşayan Lakay türklərinin ağsaqqalı Bobondex Gülmuradov deyir ki, bölgədə yaşayanlar Esanxoca və Badroxlı tayfalarına mənsub olanlardır. Qulyabda, Bayram və Üç-uul da da iki Lakay tayfası yaşayır. Lakay türkləri bölgənin ən qədim sakinləri olsalar da onların bir hissəsi buradan qonşu ölkələrə köç edib. Eyni zamanda XII-XIII əsrlərdə Bəlxdən də buralara köç edən Lakay türkləri olub. Yəni bu yerlərdən gedənlər də olub, gələnlər də. Lakay türkləri tarixboyu çox azadlıqsevər olublar və onlar hər hansı dövlətə tabe olmaq, onlara vergi vermək istəməyiblər. Yalnız XIX əsrdə Buxara əmirliyi Lakay türklərini oturaq həyata keçməyə və vergi verməyə məcbur edib. Bununla belə köçəri yaşayış tərzindən əl çəkərək oturaq həyata keçən Lakay türkləri kənd təsərrüfatı ilə məşğul olsalar belə, yenə də üsyançı ruhlarını saxlaya biliblər. Bolşeviklər Orta Asiyanı işğal edəndən sonra onlara qarşı basmaçı adlandırılan azadlıq mübarizəsini də məhz Lakay türkləri təşkil ediblər. Lakay türkləri arasından çıxan məşhur basmaçı İbrahim bəy bolşeviklərə qarşı azadlıq mübarizəsinə rəhbərlik edib. İbrahim bəyi ona görə həmin dövrdə Lakay Napoleonu və ya Lakay Şamili adlandırmışdılar. Lakaylar oturaq həyata keçsələr də onlar qədim türklərin ata olan məhəbbətini, at ruhunu yaşatmaqda davam edirlər. Qədimlərdə olduğu kimi indinin özündə də Lakay türkləri arasında at ən böyük var-dövlət, sərvət, tayfanın qüruru hesab edilir. Kənd təsərüfatı ilə məşğul olan Lakay türklərinin hamısının atı var. Onların at məhəbbəti günümüzdə, elm-texnikanın inkişaf etdiyi dövrlərdə belə bitmək-tükənmək bilmir. Lakaylar ona görə də Tacikistanda məşhur çovqan oyunçuları sayılırlar. Lakay türklərinin mətbəxləri də olduqca sadədir. Onlar təndirdə çörək bişirir, qazanda ət yeməkləri hazırlayır, kartof qızardırlar. Lakay türkləri də bütün türklər kimi ət yeməklərini və tərəvəzi çox sevirlər. Belə demək mümkünsə lakaylar hər gün ət yeməkləri, həmçinin tərəvəz yeyirlər. Bundan əlavə Lakay türklərinin özlərinə məxsus olan və əsasən ətdən, süddən və əridilmiş yağdan istifadə etməklə qazanda bişirdikləri çaqaldak adlı ləzzətli, dadlı yeməkləri var.

Lakay qadınlarının əl işləri olan gözəl naxışlarla işlədikləri tikmələr də çox məşhurdur. Tikmələr beşguşəli və ya kvadrat formasında olur. Tikmələrdə daha çox çiçəklər təsvir olunur. Nişanlı qızlar ər evinə cehiz kimi üzəri tikmə ilə bəzədilən paltar, yataq ləvazimatı, dəsmallar, toxunma odeyallar gətirirlər. Onların əl işlərinə əsasən qaynana gəlininin qabiliyyətinə qiymət verir, onu dəyərləndirir.

Lakay türkləri həm də gözəl rəqs etməyi sevirlər. Milli rəqslər keçmişdə olduğu kimi günümüzdə də onların adət-ənənələrində əsas yerlərdən birini tutur. Lakay türklərinin toyları olduqca şən və coşqun keçir. Toy adətləri lakaylarda da bütün türklərdə olduğu kimidir və demək olar onlardan fərqlənmir. Bütün bunlarla yanaşı daim assimilyasiya təhlükəsi ilə üzləşən Lakay türkləri ana dillərini qoruyub saxlamağa çalışırlar. Tacikistan isə Lakay türklərini assimilyasiya etmək məqsədi ilə onların dilində məktəblər açılmasına hər vasitə ilə mane olur. Bütün bunlara baxmayaraq Lakay türkləri milli varlıqlarını qoruyub saxlamaq uğrunda mübarizələrini davam etdirirlər.

Oxundu 1151