bakida-en-tehlukeli-surusme-erazileri

Bakıda ən təhlükəli sürüşmə ƏRAZİLƏRİ

abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Nizami qəhrəmanına niyə Fitnə adı verib?

28.03.2017 18:51

Yəqin ki, Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərindəki məşhur "Fitnə" hekayəsindən xəbəriniz var. Fitnə həmin hekayəki qızın adıdır. Hekayənin məzmunu da belədir ki, bir padşah öz ovçuluq məharəti ilə Fitnəni heyrətləndirməyə çalışır, amma qız bütün gördüklərini laqeydliklə qarşılayır və bütün bunların sadəcə vərdişlə əldə edildiyini söyləyir. Bu cür ovçuluq məharəti qarşısında Fitnənin laqeyd münasibət göstərməsi padşahı hirsləndirir və onu qovur.

Fitnə də eyni üsulla padşaha daha ibrətli bir dərs verir. İbrətli dərsi də bundan ibarət olur ki, yenicə doğulmuş buzovu boynuna alıb hər gün qırx pilləkəni qalxıb-enir. Fitnə o qədər məşq edir ki, həmin buzov böyüyüb iri bir cöngə olanda da çətinlik çəkmədən onu boynuna alıb pilləkənləri çıxır və enir. Fitnənin bu məharəti dillərə düşür və gedib padşahın qulağına çatır. Padşah da öküzü çiyninə alıb qırx pilləkəni qalxıb-enən qızı görmək üçün durub Fitnənin yanına gəlir və incə bir qızın o boyda öküzü boynuna qaldırmasından heyrətə düşür

Padşah onu tanımasa da, Fitnənin bu qabiliyyəti qarşısında heyrətini gizlətmir. Nəhayət, padşaha lazım olan dərsin verilmə məqamının gəldiyini anlayan Fitnə üzündən örtüyü atıb özünü tanıdır və boynuna öküz qaldırmağın da adi vərdiş olduğunu deyir.

Necə düşünürsünüz? Sizcə, Nizami öz qəhrəmanına niyə Fitnə adı verib? Hə, bu sual ətrafında ciddi düşünməyə dəyər.

Qurani-Kərimdə bildirilir ki, mal da, övlad da fitnədir. Buradakı "fitnə" sözü ara pozuculuq, bədxahlıq, azğınlıq mənasında deyil, çətin imtahan anlamındadır.

Kim inanmırsa, ətrafına baxsın. İnsanların böyük əksəriyyəti məhz bu iki amil üzündən günaha düşürlər. Mal, sərvət sevgisi o qədər güclü, o qədər cazibəlidir ki, çevrəsinə düşən insan ondan çətin yaxa qurtara bilir. Nəfs doyumsuzdur, aldıqca şişir, şişdikcə istəyir, get-gedə ölçüdən, əndazədən çıxaraq vəhşiləşir. Beləsinin yenidən insanlığı dönüşü ən çətin yolçuluqdur və çox güclü iradə ilə mükün ola bilər.

Övlad məsələsi də çox həssas mövzudur. Görün neçə nəfər haqqı, ədaləti, qanunu düşünmədən öz övladı üçün nə əməllərdən çıxır. "Başqalarına nə olur-olsun, təki mənim uşağıma bir şey olmasın", "uşaqlarının gələcəyi üçün tədarük etmək", "bala saxlamaq" kimi zəhərli düşüncələr insanlar arasında ədalət hissini aradan qaldırır, zülmün cəmiyyətdə hakim olmasını təmin edir.

Amma heç düşünmürük ki, övladın sabahından narahat olmaq, onu ədəbli, tərbiyəli yetişdirmək əvəzinə, gələcəyi üçün sərvət yığmaq bir tərəfdən Allaha güvənməmək, digər tərəfdən də özünə zülm etməkdir.

Bəli, bizə bu həyatda seçim haqqı verilib, hər kəs özü düşünsün və seçimini etsin.

Allah islah eləsin. Vəssalam.


Quran şeytanı bizə göstərir

Şeytan möminin imanına ilişə bilməyəcəyini anlayan kimi onun ibadətinə ilişməyə başlayar. İstəyər ki, onu ibadətdən ayırsın, bunu bacarmazsa, heç olmasa, sünnət namazlardan, nafilə namazlarından uzaqlaşdırsın. Bunu da bacarmazsa, çalışar ki, o insan sadəcə öz ibadəti ilə məşğul olsun, heç olmasa, başqalarını onun əlindən almasın. Şeytanın bəzi əlamətləri Quranda belə sıralanır:

- Çox yalançı və and içəndir;

- İnsan üzərində bir gücü, hökmü yoxdur;

- Riyakardır;

- Haqqı batil, batili də haqq göstərər;

- İnsanın düşmənidir, çox pis yoldaşdır;

- Qurandan uzaq olanların yaxın dostudur;

- İnsanı hər yerdən görür və onu aldatmağa çalışır;

İnsanı yoldan azdırmaq üçün şeytanın min bir ssenarisi, oyunu var. Ən çox da aşağıda sadalayacağımız xüsusiyyəti olanlar şeytan üçün asan ov halına gələ bilir:

- Şəhvət və qəzəb. Bunlar şeytanın insana təsiretmə yollarının ən böyükləridir.

- Həsəd və hərislik. Həris insan haqqı görməyə kor və həqiqəti eşitməyə kar olur.

- Dünyaya bağlılıq. Şeytan insanı elə hala gətirir ki, insan çox sevdiyi dünya nemətinin köləsi olur.

- Səbirsizlik. Səbirsiz insan düşünməyə, doğru qərar verməyə fürsət tapmır.

- Yoxsulluq qorxusu. Bu qorxu insanı mal-mülkünü Allah yolunda sərf etməkdən çəkindirər, xəsisləşdirir.

- İfrat təəssübkeşlik. Şeytanın qəlbə nüfuz etdiyi qapılardan biri də başqa bölümlərdə olan müsəlmanlara qarşı kinli davranmaq, onları haqq yoldan azmış hesab etməkdir.

- Şübhə. İmanla bağlı məsələlərdə şübhəyə düşmək.

- Sui-zənn. Gördüyü hər şeyi ilkin olaraq xeyirə yox, şərə yozmaq...


Tarixdən bir qissə

Hansı günümə şükr eləyim?

Həzrəti Musa Allah-Taala ilə görüşmək üçün Tur dağına gedərkən yolda bir adama rast gəlir. Tanış olurlar və həmin şəxs Həzrəti Musanın bu səfərinin niyyətini öyrənincə deyir: "Allah-Taalaya mənim adımdan yalvararsan ki, mal-dövlətimi azaltsın, çünki mən bu mal-dövlətin ibadətimə əngəl olacağından qorxuram". Həzrəti Musa həmin adama söz verir və yoluna davam edir. Bir səhradan keçəndə görür ki, birisi özünü boğaza qədər quma basdırıb. Yaxınlaşıb salam verir, tanış olurlar və Həzrəti Musa onun niyə belə elədiyini soruşur. Həmin şəxs də deyir ki, mən o qədər kasıbam ki, geyməyə libasım da yoxdur. Ona görə ayıbımdan özümü burada quma basdırmışam. Sonra da həmin şəxs Həzrəti Musadan xahiş edir ki, Allah-Taala ilə görüşəndə onun bu halını xatırlatsın və uca Yaradandan onun üçün var-dövlət istəsin. Peyğəmbər onun da istəyini Allah-Taalaya çatdıracağına söz verir və yoluna davam edir.

Allah-Taala ilə görüşdə Həzrəti Musa hər iki şəxsin xahişini uca Yaradana çatdırır. Allah-Taala buyurur ki, o birinci adamın var-dövlətini azaltmayacam. Çünki o, mənə layiqincə şükr edənlərdəndir. O ikinci şəxsə gəldikdə, ona çatdırarsan ki, şükr eləsin.

Həzrəti Musa Allah-Taalanın bu buyruğunu zəngin adama çatdırır. O da Allah-Taalanın onu bu cür tanımasından məmnun olur və o andan etibarən daha çox şükr və ibadət etməyə qərar verir.

Həzrəti Musa özünü quma basdırmış adamın yanına gəlir və Allah-Taalanın ona şükr etməyi buyurduğunu söyləyir. O adam da eşələnərək əllərini qumun altından çıxarıb belə deyir: "Hansı günümə şükr eləyim?" Elə bu vaxt güclü bir külək əsir və qumun hamısını sovurub aparır.

Həzrəti Musa lüt-üryan qalmış adama deyir: "Gördünmü, demək bir az əvvəl içində gizləndiyin o qum üçün də şükr etmək lazım imiş".

yeniavaz.com

Oxundu 1516